“Övladını gürcü dilində oxutmaq istəyən valideynə seçim hüququ verilir”
“Azərbaycan dilli məktəblərdə gürcü dili sektorunun fəaliyyəti məcburi deyil. Amma əgər bircə vətəndaş belə müraciət etsə ki övladını gürcü sektorunda oxutmaq istəyr, sektor fəaliyyətə başlayacaq. Şagird sayının az və ya çox olması əhəmiyyət daşımayacaq”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Gürcüstanda yaşayan soydaşımız, ictimai xadim, “Maarif” təşkilatının direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva bildirdi.
Xatırladaq ki, Gürcüstanda Azərbaycan dilli məktəblərin sayının getdikcə azaldığına dair A.İsayeva dəfələrlə məlumat paylaşıb, mövcud vəziyyəti şərh edib. Hazırda ayılan xəbərlərə görə isə Gürcüstandakı Azərbaycan dilli məktəblərdə əlavə olaraq gürcü dili sektoru açılır. A.İsayeva bildirdi ki, Azərbaycan dilli məktəblərdə gürcü dili sektorlarının açılması qərarı 2025-ci ilin sentyabrında verilib: - Burada bir məsələyə aydınlıq gətirmək vacibdir. Bəli, gürcü dili sektorlarının açılmasına rəsmi qərar verilib və sektorlar açılıb. Lakin bu sektorlarda təhsil almaq məcburi deyil, könüllüdür. Əgər bir vətəndaş müraciət etsə ki övladının məktəbin gürcü dili sektorunda təhsil almasını istəyir, lap bir şagird olsa da həmin sektor fəaliyyətə başlayacaq. Sinif komplektləşməyib, şagird say azdır, çoxdur, buna əhəmiyyət verilməyəcək. Bizim fəaliyyətimiz bu olmalıdır ki, soydaşlarımızı övladlarını gürcü dili sektoruna yazdırmaq fikrindən daşındıraq. 
A.İsayeva bildirdi ki, bu sektorların açılmasında məqsəd gürcü dilinin daha çox tədris edilməsi, digər xalqlar arasında da dominant mövqedə olmasıdır:
- Azərbaycan dilli məktəblərdə Azərbaycan dili və ədəbiyyatı fənni həftədə 1, ya 2 dəfə keçilir. 3 saat ayrılıb Azərbaycan dili və ədəbiyyatı fənninə. 3 saatı dil bilikləri və ədəbiyyat arasında bölmək müəllimlərin öhdəsindədir. Bölüşdürsünlər. Amma gürcü dili dərs həftəsinin hər günü tədris olunur. İbtidai siniflərdə fənlər 2 dildə - Azərbaycan də gürcü dillərində aparılır, yuxarı siniflərdə isə bir dillidir – Azərbaycan dilində. Həmişə qeyd edirdik ki, Gürcüstanda fəaliyyət göstərən 116 milli məktəbin 79-u sırf azərbaycandilli məktəb, 37-si isə qarışıq sektor məktəbdir. Artıq bunu deyə bilməyəcəyik, çünki bütün məktəblərdə gürcü bölməsi açmaqla sırf azərbaycandilli məktəb statusuna son qoymuş oldular. Bununla belə, yenə də xatırladıram ki, gürcü dili sektorunda təhsil almaq məcburi deyil, könüllüdür.