İmtahan suallarının məqsədi çaşdırmaq olmamalıdır - ŞƏRH

Azərbaycanın təhsil sistemində imtahanların çətinlik dərəcəsi və qiymətləndirmə meyarları hər zaman cəmiyyətin diqqət mərkəzində olan ən həssas mövzulardan biridir. Bir çox hallarda abituriyentlər və valideynlər sualların ağırlığından şikayət etsələr də, bu məsələyə peşəkar yanaşma fərqli reallıqları ortaya qoyur. Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev, imtahan prosesinin mahiyyəti və sualların tərtibi ilə bağlı strateji məqamlara toxunub. Nazirin qeyd etdiyi kimi, imtahanın subyektiv çətinliyindən asılı olmayaraq, ali məktəblərə qəbul planı dəyişməz qalır və rəqabət mühiti hər bir iştirakçı üçün bərabər şərtlər daxilində formalaşır. Lakin burada əsas problem sualların çətinliyində deyil, onların hansı məqsədə xidmət etməsindədir: "Azərbaycanda bir çox fənn mütəxəssisləri sualları hazırlayarkən bilik ölçmək yox, qarşısındakını çaşdırmaq məqsədi daşıyır. Bu, bacarıqlar dəyişdirilməlidir”.

Sherg.az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov nazirin toxunduğu məsələ ilə bağlı öz mövqeyini bölüşüb. O, bildirib ki,, imtahan suallarının məqsədi çaşdırmaq olmamalıdır: 

"Bu, prinsipial məsələdir.Suallar elə qurulmalıdır ki, imtahan verən bilmədiyinə görə səhv etsin, başa düşmədiyinə görə yox. Əgər sualda inkarmı, təsdiqmi kimi incə məqam varsa, həmin söz açıq şəkildə vurğulanmalıdır. Lazım gələrsə qalın şriftlə, altı cızılaraq verilməlidir. Məqsəd diqqəti yönəltməkdir, çaşdırmaq yox. Amma məsələ bununla bitmir. Problem daha dərindir. Sistem və imtahan fənnlərinin seçimi özü mübahisəlidir. Bir həkim olmaq istəyən gənc arkkotangens (arcctg) tərs triqonometerik funksiyanın niyə bilməlidir ki? Bu bilik onun gələcəkdə onun hansı uroloji diaqnozu qoymasına kömək edəcək? Bir maliyyəçi niyə tarixdə hansısa antiq sülalənin neçə il əvvəl harada yaşadığını niyə bilməlidir ki? Bu məlumat onun investisiya qərarlarını yaxşılaşdırırmı? Bir İT mühəndis nə üçün əzbərləməlidir ki, l, m, n, r cingiltili samitlərin kar qarşılığı yox imiş? Əsas məsələ budur".

İmtahanların ixtisas yönümlü olmasının vacibliyini vurğulayan E. Əmirov qeyd edib ki, həkim üçün biologiya, kimya və analitik düşüncə əsasdır:

"Maliyyəçi üçün riyazi məntiq, statistika və iqtisadi düşüncə. Mühəndis üçün fizika və tətbiqi riyaziyyat. Digər fənlər isə ya baza səviyyəsində qalmalıdır, ya da ixtisasa uyğunlaşdırılmalıdır. Əgər tarix düşürsə, o zaman ümumi əzbər yox, məntiqi əlaqələr soruşulmalıdır. Əgər coğrafiya düşürsə, iqtisadi coğrafiya soruşulmalıdır. Əgər dil düşürsə, real ünsiyyət və məntiqi ifadə bacarığı ölçülməlidir. Yoxsa “ikinci növ təyini söz birləşməsi” və ya “ən hündür şəlalənin dəqiq ölçüsü” kimi suallar bu günün gəncinə heç nə qazandırmır. Biz hələ də biliyi yox, məlumatı ölçürük. Artıq dəyişmək lazımdır. İmtahan çaşdırmamalıdır. İmtahan yükləməməlidir. Yüklənmə ali təhsilin içində olmalıdır, qapısından çöldə yox".