Bakıda hökm sürən əlverişsiz hava şəraiti magistraturaya qəbul imtahanında ciddi narazılığa səbəb olub.
Güclü yağış səbəbindən bir çox bakalavr imtahan binalarına vaxtında çata bilməyib.
Dövlət İmtahan Mərkəzi (DİM) məsələ ilə bağlı rəsmi açıqlama yayaraq, hava şəraiti nəzərə alınmaqla gecikən şəxslərin imtahanda iştirakının təmin olunduğunu elan edib.
Lakin qurumun sözügedən bəyanatından sonra imtahan verən gənclərin yaxınları və valideynlər sosial şəbəkədə bunu təkzib ediblər. Onların sözlərinə görə, rəsmi açıqlamaya baxmayaraq, imtahan mərkəzlərinin qapıları gecikən bakalavrların üzünə bağlanıb və onlar içəri buraxılmayıblar.
Sherg.az xəbər verir ki, imtahana gecikən tələbələrdən biri, Gülüstan Əliyeva DİM-in tıxac səbəbindən gecikən tələbələrin guya imtahana buraxıldığı barədə yaydığı məlumatın ağ yalan olduğunu iddia edib. Onun sözlərinə görə, bu sadəcə ictimaiyyəti aldatmaq, məsuliyyətdən qaçmaq cəhdidir: "Mən və mənimlə bərabər yüzlərlə tələbə saatlarla tıxacda qaldıqdan sonra imtahan binasının qarşısına çatdıq. Lakin DİM əməkdaşları fədakarlıq edib bizi içəri buraxmaq əvəzinə, qapıları üzümüzə bağladılar. Aylarla çəkdiyimiz zəhmət, tökdüyümüz göz yaşları və gələcək taleyimiz bizim əlimizdə olmayan yol bağlanması və hava şəraiti ucbatından məhv edildi. Şəxsən mən Nərimanov rayonu 36 saylı məktəbinə 10:30-da binanın qarşısında olmağıma baxmayaraq, içəri buraxılmadım. Binanın qarşısında çarəsiz halda qalan onlarla tələbə fəryad edirdi.
Mediadan xahiş edirik ki, rəsmi qurumun quru bəyanatını yox, bizim bu canlı sübutlarımızı xəbər edərək səsimizi rəhbərliyə çatdırın. Biz tələbələr olaraq, DİM-dən yalan məlumat yaymağı dayandırmağı və bizə tez bir zamanda təkrar imtahan şansı verilməsini tələb edirik!".
Filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu isə bildirib ki, imtahan əslində saat 10:00-da başlamalı idi. Amma hava şəraitinə görə 10:15-də (15 dəqiqə gecikmə ilə) başladı: "10:45-ə qədər isə gecikənlərin imtahanaburaxılması üçün göstəriş verilmişdi.
10:45-dən sonra gecikənlər isə normal havada da vaxtında gələ bilməyənlərdir. 99 faiz abituriyent buraxılış vərəqini oxumur. Orada hər abituriyent üçün binada olma vaxtı təyin olunur. Magistratura imtahanında abituriyentlər ümumilikdə binaya gec gəlirlər, qaydalara əməl etmirlər, çoxlu qadağan olunmuş əşyalar gətirirlər. Bugün onlarla abituriyent telefon keçirməyə cəhd etdi. Baxmayaraq ki, həm buraxılış vərəqində telefonun qadağan olunduğu yazılıb, həm giriş qapısında polis xəbərdarlıq edir, həm könüllülər məlumatlandırır, ümumi imtahan rəhbəri tez-tez elan edir. Amma yenə də telefonla içəri girib buraxılış rejiminə yaxınlaşırlar. Geri qaytarılanda hər birinə görə bir neçə dəqiqə vaxt itirilir. Belə hallara görə buraxılışı vaxtında yekunlaşdırmaq da çətinləşir. Məsuliyyətli olmaq lazımdır, məsuliyyətli. Həm valideynlər, həm də abituriyentlər".
Təhsil eksperti Ramin Nurəliyev də qeyd edib ki, imtahan zamanı tıxacda qalan, vəsiqəsini unudan, imtahan yerinə səhv gedən və s kimi problemlərə görə bütün məsuliyyəti valideyn daşıyır, DİM yox: "DİM kiminsə səhlənkarlığına görə əlavə vaxt təyin etmir, etməsi də doğru deyil. Kimsə də bunu gözləməsin. Yolların tıxac olmasını düşünənlər 1 saat tez çıxsın evdən, vəsiqəsini götürməyənlər məsuliyyətli olsun.
Uşağınızın gələcəyini səhlənkarlıqlarımıza qurban verməyək, dəyərli valideynlər!"