Məktəb direktorlarının seçimi dəyişdi: İmtahan labirinti bitir?

Yeni sistemdə akademik bilik yox, rəhbərlik bacarığı ön planda olacaq

Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır. Bu barədə Sherg.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Müsahibə zamanı namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqlar nəzərə alınmaqla ümumilikdə 7 meyar üzrə qiymətləndiriləcəklər. Namizədlər müsabiqə qaydalarına uyğun olaraq müsahibə mərhələsinə ali təhsili, pedaqoji stajı, qiymətləndirmə göstəriciləri, eləcə də müraciət etdikləri təhsil müəssisəsindəki şagird sayı nəzərə alınmaqla ardıcıllıq prinsipi əsasında mərhələli şəkildə dəvət ediləcəklər. Fevralın 20-dən başlanan müsahibə mərhələsində ilk 6 günün iştirakçılarına dəvətlər onların şəxsi səhifələrinə göndərilib.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında bildirdi ki, məktəb direktorlarının işə qəbulu prosesi uzun müddət həm namizədlər, həm də ictimaiyyət tərəfindən çoxmərhələli və mürəkkəb bir "imtahan labirinti" kimi qəbul edilirdi. Lakin son zamanlar mənzərə bir qədər dəyişib: 

- Dövrün tələbi məktəbi sadəcə "kiməsə" tapşırmaq yox, onu müasir menecerə həvalə etməkdən ibarətdir. Təhsil sahəsindəki son islahatlar göstərir ki, artıq direktor seçimi yalnız test imtahanı və ya klassik müsahibədən ibarət deyil. Əsas yeniliklərdən biri Regional Təhsil İdarələrinin bu prosesdə rolunun artması və seçim mexanizminin daha çox "idarəetmə kompetensiyalarına" yönəlməsidir. Köhnə sistemdə namizədlərin akademik biliyi ön plana çəkilirdisə, yeni yanaşmada onların böhran anında qərarvermə, büdcəni idarəetmə və kollektivlə işləmək bacarıqları, yəni "soft skills" dediyimiz keyfiyyətləri ölçülür. Bundan əlavə, hazırda direktorların işə qəbulu prosesi daha operativ mərhələlərə bölünüb. Elm və Təhsil Nazirliyi tərəfindən tətbiq edilən yeni qaydalara görə, mərkəzləşdirilmiş imtahanların şəffaflığı artırılıb. Ucqar kənd məktəbləri üçün xüsusi həvəsləndirici tədbirlər və direktorların rotasiyası mexanizmi işə düşüb. Ən əsası, "Direktorlar Korpusu" formatında ehtiyat kadrların hazırlanması prosesi sürətlənib. Bu da boş vakansiyaların qısa zamanda peşəkar kadrlarla doldurulmasına imkan verəcək. Hesab edirəm ki, yeni tətbiq olunan seçim qaydaları məktəb direktoru seçimində neqativlərin aradan qaldırlmasıyla nəticələnər və biz yaxın gələcəkdə keyfiyyət dəyişikliyinə şahid olarıq.