Məktəblərdə bullinq qanunla ciddi cəzaya çevrilməlidir - EKSPERT

“Uşaqlara yönələn təzyiqlər - fiziki, dini və geyim tərzi zorakılığı qanunla tənzimlənəcək”

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi müzakirəsi keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, hazırda qüvvədə olan "Uşaq hüquqları haqqında" Qanun müasir tələblərlə uzlaşmır. Müvafiq standartlara və müasir sosial reallıqlara uyğun olan, güclü preventiv və qoruyucu mexanizmləri nəzərdə tutan yeni qanuna ehtiyac var.

B.Muradova bildirib ki, yeni qanun layihəsində ilk dəfə olaraq uşaqlara qarşı cismani cəza anlayışı ayrıca təsbit edilir və bu cür halların yolverilməzliyi açıq şəkildə ortaya qoyulur: “Qanun layihəsi uşaq hüquqlarının qorunmasında yeni risk sahələrini də nəzərə alır. İnformasiya-kommunikasiya texnologiyalarının geniş yayılması fonunda internet və informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə törədilən təhlükəli əməllər uşaqlara qarşı zorakılıq forması kimi tanınır. Layihə eyni zamanda yeni məsuliyyət mexanizmləri müəyyən edir. Uşaqlara qarşı zorakılıq əlamətlərini aşkar etdiyi halda bu barədə məlumat verməyən valideynlər, eləcə də uşaqlara nəzarəti həyata keçirən müəssisələrin işçiləri məsuliyyət daşıyacaqlar. Bundan başqa, uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışı – yəni bulinq halları – zorakılıq forması kimi müəyyən edilir və müvafiq müəssisələrə bu halların qarşısının alınması üzrə konkret öhdəliklər qoyulur”. 

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi “Sherg.az”a açıqlamasında bildirdi ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində bu məsələlərin müzakirə olunması, “Uşaq hüquqları haqqında” qanuna dəyişikliklər təklif edilməsi zamanında atılmış addımdır:

- Hesab edirəm ki, komitə üzvləri yeni qanun layihəsi təklif etməkdə haqlıdırlar. Son vaxtlar məktəbyaşlı uşaqlar arasında bullinq əlamətləri təəssüf ki müşahidə olunur. Bullinq (bullying) bir və ya bir neçə şəxsin başqa birinə qarşı təkrar-təkrar, qəsdən və sistemli şəkildə tətbiq etdiyi fiziki, sözlü, psixoloji və ya kiber zorakılıqdır. Bu zaman güc balanssızlığı olur, qarşı tərəf təklənir, özünü müdafiə etməkdə aciz qalır, bu isə həmin şəxsdə uzunmüddətli psixoloji və sosial problemlərin yaranmasına səbəb olur. Burada fiziki zorakılıq əlamətləri - vurmaq, təpikləmək, əşyalarına zərər vermək, həmçinin şifahi zorakılıq - təhqir, lağ etmək, ləkələmək, təhqiredici adlarla xitab etmək, aşağılamaq baş verir. Qanun layihəsində bu kimi hallara qarşı cinayət məsuliyyətinin nəzərdə tutulması təsbit ediləcəksə, bu, müsbət hal olacaq. 

E.Əfəndi qeyd etdi ki, şagirdlər internet resurslarından istifadə edərkən hanısısa xüsusi tapşırılqların qurbanına çevrilirlər. Uşaqlara qarşı ailə üzvləri, valideynlər və ya başqa şəxslər tərəfindən fiziki zorakılıq əlamətləri müəyyən olunur:

- Bu kimi hallarla bağlı qanunvericilikdə qaydalar işlənib hazırlanmalı və konkret cəzalar nəzərdə tutulmalıdır. Valideynlər zorakılıqla bağlı məlumat verməlidir ki, vaxtında tədbir görülsün. Şagirdlərə qarşl təzyiqlər ən müxtəşif istiqamətlərdə edilə bilir. Bu, fiziki təzyiq də ola bilər, dini etiqad baxımından da, hətta bəzən uşaqların geyim tərzinə də müdaxilələr, təzyiq və tələblər baş verir. Bu kimi halların qarşısını almaq üçün qanunvericilikdə dəyişikliklər aparılması vacibdir. Hər gün yenilənən informasiya əsrində biz mütləq “Uşaq hüquqları haqqında” qanunu müasir tələblərə uyğun hazırlamalıyıq. Bununla uşaqlara qarşı təhdidlərin qarşısı qanunla alınmış olar.