“Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi Qaydaları” təsdiqlənib.
Sherg.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qaydalara əsasən, adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən aliyyələşdirilməsi hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı əsasında həyata keçirilir. Adambaşına maliyyələşdirmə ümumi təhsilin ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil səviyyələrini əhatə edir. Adambaşına maliyyələşdirmə prinsipi 2026/2027-ci tədris ilindən başlayaraq mərhələli şəkildə tətbiq edilir. Dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ilindən başlayaraq hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına bu Qaydalara uyğun olaraq ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalı tətbiq edilir. Hər növbəti təqvim ili üçün dövlət büdcəsinin vəsaiti hesabına adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrinin siyahısı və təhsilalanlarının sayı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən müəyyən edilir.
Adambaşına maliyyələşdirmə prinsipi dövlət ümumi təhsil müəssisələrində təhsillə bağlı xərclərin (Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatının 310000. “Qeyri-maliyyə aktivləri” bölməsinə aid olan xərclər, ümumi təhsildə səriştəəsaslı məzmunun tətbiqi, ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin yaxşılaşdırılması ilə bağlı xərclər, dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması və təminatı xərcləri, kitab alınması ilə bağlı xərclər, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı xərclər istisna olmaqla) hər bir təhsilalana düşən illik təhsil xərcləri əsasında müəyyənləşdirilməsi;
Artım əmsalı ümumi təhsilin ayrı-ayrı səviyyələrində təhsil xərclərinin intensivliyini əks etdirən və tətbiq edilən əmsal, təhsilalan dövlət ümumi təhsil müəssisəsində ibtidai təhsil, ümumi orta təhsil və ya tam orta təhsil səviyyəsində təhsil alan şəxs, illik təhsil xərclərinin miqdarı artım əmsalları tətbiq edilməzdən əvvəl müəssisə növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilmiş əsas miqdarıdır.
Dövlət ümumi təhsil müəssisəsinə ayrılan illik maliyyələşdirmənin ümumi həcmi hər bir təhsil səviyyəsi üzrə təhsilalanların sayının həmin səviyyə üçün müəyyən edilmiş hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına vurulması və alınan nəticələrin cəmlənməsi yolu ilə müəyyən edilir. Beynəlxalq müqavilələrə əsasən Azərbaycan dövlətinin hesabına ümumi təhsil alan əcnəbilər üçün adambaşına illik təhsil xərclərinin hesablanması zamanı beynəlxalq müqavilələrin şərtlərindən asılı olaraq, digər xərclər də nəzərə alınır.
Dövlət ümumi təhsil müəssisələrinin adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan müəssisələrin siyahısına daxil edilməsi üçün seçim meyarları (o cümlədən təhsilalanların sayı, infrastruktur və maddi-texniki təminat, əhatə olunan təhsil səviyyələri) Nazirlik tərəfindən müəyyən edilir. Hər bir dövlət ümumi təhsil müəssisəsi üzrə təhsilalanların sayı müvafiq tədris ilinin əvvəlinə olan faktiki kontingent əsasında müəyyənləşdirilir. Tədris ili ərzində təhsilalanların sayında baş verən dəyişikliklər Nazirliyin müəyyən etdiyi qaydada nəzərə alınır.
Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilmənin şərtləri bu Qaydaların əlavəsində göstərilən Nümunəvi Çərçivə Müqaviləsi əsasında müəyyənləşdirilir.
Nazirliklə dövlət ümumi təhsil müəssisəsi arasında hər il sentyabrın 15-dək bu Qaydaların əlavəsinə uyğun olaraq Nümunəvi Çərçivə Müqaviləsi imzalanır. Müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 1 (bir) həftə qalmış tərəflərdən heç biri ona xitam verilməsi barədə yazılı təklif təqdim etmirsə, Müqavilənin qüvvəsi növbəti müddət üçün avtomatik olaraq davam etdirilir. Bir təhsilalan üçün müəyyən edilmiş xərclər dövlət ümumi təhsil müəssisəsinin təqdim etdiyi müvafiq təsdiqedici sənədlər əsasında bu Qaydalarda göstərilən tərəflər arasında bağlanılmış müqaviləyə uyğun olaraq, vəsaitin birbaşa dövlət ümumi təhsil müəssisəsinin müvafiq bank və ya xəzinə hesabına köçürülməsi yolu ilə rüblər üzrə ödənilir. Adambaşına maliyyələşdirilmə müvafiq tədris ilini əhatə edir və növbəti tədris illəri üçün bu Qaydalarla müəyyən olunmuş tələblərlə davam etdirilir.
Dövlət ümumi təhsil müəssisəsi tərəfindən hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərcinin miqdarından artıq olduğu halda, çatışmayan vəsait həmin təhsil müəssisəsinin büdcədənkənar hesabı, təsisçisi və ya onun tabe olduğu qurum tərəfindən digər mənbələr hesabına ödənilir.
Hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə aşağıdakı artım əmsalları tətbiq edilir:
Müəssisə üzrə maliyyələşmə hər bir təhsilalan üçün illik təhsil xərclərinin miqdarına müvafiq təhsil səviyyəsi üzrə artım əmsalı tətbiq edilməklə (bir təhsilana düşən təhsil xərclərinin illik miqdarı × artım əmsalı) müəyyən edilir.
Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilən dövlət ümumi təhsil müəssisələrində maliyyələşmənin səmərəliliyinə nəzarəti Nazirlik və aidiyyəti dövlət orqanları həyata keçirirlər. Hər bir dövlət ümumi təhsil müəssisəsi üzrə ayrılmış vəsaitin həcmi, hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı və vəsaitdən istifadəyə dair ümumiləşdirilmiş məlumatlar hər il Nazirliyin rəsmi internet saytında açıqlanır. Adambaşına maliyyələşdirilmənin səmərəliliyi nəticəyönlü monitorinq göstəriciləri (o cümlədən təhsilalanların davamiyyəti, təlim nəticələri və resurslardan istifadənin səmərəliliyi) əsasında qiymətləndirilir. Monitorinq göstəricilərinin siyahısı və qiymətləndirmə metodikası Nazirlik tərəfindən müəyyən edilir. Nazirlik adambaşına maliyyələşdirilmə mexanizminin tətbiqinin nəticələri barədə illik hesabatı Nazirlər Kabinetinə təqdim edir.
Bu Qərar 2026-cı il sentyabrın 15-dən tətbiq edilir.