MÜHÜM TƏKLİF: “Yalnız ixtisas fənləri ənənəvi qaydada olsun”

“Məsələn, tarix fakültəsində oxuyan tələbələrin tarixə aid fənləri əyani formada, qeyri-ixtisas, ikinci dərəcəli fənlər isə onlayn qaydada tədris edilməlidir”
Bu gündən orta məktəblər tədrisə əyani formada başlayıb. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, ali və orta təhsil müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni yerlərin mövcud 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilir. Təhsil nazirliyi ali təhsil müəssisələrində tədrisin təşkilini universitet rəhbərlərinin öhtəsinə buraxıb. 
Minlərlə tələbənin yenidən ənənəvi təhsilə qayıtması, auditoriyalarda əyləşməsi  indiki sanitariya-gigiyena qaydalarına nə dərəcədə əməl edilməsi məsələlərini ön plana çıxarır. 
Bununla bağlı “Sherg.az”a danışan təhsil eskperti Kamran Əsədov bildirib ki, pandemiya səbəbindən 51 ali təhsil müəssisəsində 182 min tələbə təhsil alır və uzun müddətdir ki, onlar, eyni zamanda ali təhsil müəssisələrinin inzibati işçi heyəti müəyyən qədər təlim-tədris prosesindən kənarda qalıblar:
“Tədrisin əyani formada bərpası zamanı ortaya çıxa biləcək problemlərə ciddi nəzarət olunmalıdır”. 
Ekspert hesab edir ki, az zərərli olmaq üçün ilk olaraq pandemiya dövrünün qaydalarına riayət etməliyik:
“Auditoriyalarda əsas fənlər, yəni ixtisas fənləri ənənəvi qaydada olmalıdır. Məsələn, tarix fakültəsində oxuyan tələbələrin tarixə aid fənləri əyani formada, qeyri-ixtisas, ikinci dərəcəli fənlər isə onlayn qaydada tədris edilməlidir”. 
K.Əsədov həmçinin diqqətə çatdırıb ki, auditoriyalarda tələbə sayı 70-dən artıq olmamalıdır:
“Bu zaman təbii ki, 70-dən azdırsa, mühazirə və seminarlar ənənəvi qaydada təşkil etmək olar. Ən ciddi məsələlərdən biri də yaşı 65-dən yuxarı olan şəxslərin tədris prosesində iştirakı təhlükəli məqamdır”. 
Mütəxəssis vurğulayıb ki, təhsil müəssisələrində ciddi şəkildə dezinfeksiya işləri aparılmalıdır:
“Vaksin olunmuşlarla olmamış şəxslər eyni məkanda olmamalıdır. Ona görə də 1-ci kurslar səhər növbəsi, vaksin olunmuş 2, 3, 4-cü kurslar isə günün ikinci yarısında dərsdə iştirak edərlərsə, təmas azalar və bu da yoluxma problemini aradan qaldırmış olar”. 
Sücayət Mehti