Müəllimin nüfuzu çökərsə, təhsil sistemi dağılacaq - EKSPERT

"Zorakılığa yox deyiriksə, müəllimin də hüquqları, sinif idarəetmə imkanları da, insan formalaşdırmaq səlahiyyəti də mütləq şəkildə qorunmalıdır"

"Müəllim uşağın düşməni deyil, əksinə, uşağın formalaşmasında ailədən sonra ən əsas rolu olan şəxsdir"

200 manatlıq cərimə müəllimlərin yalnz əl-qolunu “bağlamayıb”, həm də öyrətmə funksiyasını əlindən alıb. Sinifdə hay-küydürsə, hansısa şagird dərs zamanı ortalıqda gəzirsə, digər şagirdlərin fikrini yayındırırsa, ümumən dərsin gedişatı pozulur, müəllim də tədris prosesini davam etdirə bilmir.

Qarşı fikir qoyula bilər ki, axı kim deyir müəllim şagirdi intizama dəvət edə bilməz, müəllim sinifdə özünü elə aparmalıdır ki, şagirdlər sakit əyləşsin, dərsə qulaq assın, diqqətləri yayınmasın. Bu məqamda “avazın yaxşı gəlir, oxuduğun Quran olsun”, məsəli yerinə düşür. 200 manatlıq cərimənin tətbiqinə imza atanlar çox yaxşı bilir ki, artıq uzun illərdir məktəbdə hökmranlıq valideynlərin əlindədir. Niyə? Çünki müəllimi maddi cəhətdən təmin edən valideynlərdir; “musiqini pul verən sifariş edir” misalı. Müəllimlər şagirdlərə güldən ağır söz deyə bilməz, valideynlər əllərinə dəyənək alıb məktəbə gəlir az qala. Buna”uşaq hüquqları”, sərbəstlik, azadlıq, insan faktoru, şəxsiyyət... “n” qədər ad qoyulur. Bəs müəllim, şəxsiyyət deyil? Şagirddən və onun ata-anasından qorxan müəllimin nüfuzu olarmı? Şəxsi nüfuzu bir kənara qoysaq, halbuki təhsil-tədris məsələsində bu, nəinki az rol oynamır, əksinə böyük rol oynayır, şagirdlərə (valideynlərə) tanınan hüdudsuz hüquqlar təhsıl sistemini kökündən yeyir. Təhsil sistemimiz qalıbsa. 

Şagirdlərin sinifdə, dərs zamanı intizamsız hərəkətlərini əks etdirən videolar sosial şəbəkələrdə geniş yayılıb. Açıq görünür ki, müəllim sakit əyləşib, bu hərəkətlərə müdaxilə etmir. Çünki qorxur. Qorxur ki, bir söz desə, şagird valideynini məktəbə gətirdəcək və müəllimdən izahat tələb olunacaq. Sonda bəlkə də bu haqq-hesab” çürütmə cərimə ilə nəticələndi. Odur ki müəllim də “Topal Teymur” (Hüseyn Cavid) pyesindəki Dəmirqaya obrazı kimi “nəmə lazım, mən qarışmam” pozisiyasında qalır.  

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə bu günlərdə edilən daha bir dəyişikliyə əsasən ölkəmizdə tərbiyə məqsədilə uşaqlara qarşı fiziki zorakılıq və ya psixoloji təzyiq göstərən valideynlər, müəllimlər və digər məsul şəxslər 200 manatadək cərimələnəcək. İnzibati Xətalar Məcəlləsinə edilən bu dəyişiklik uşaqların fiziki və mənəvi toxunulmazlığını təmin etməyi hədəfləyir. Tərbiyə etmək adı altında uşağın döyülməsi, cismani cəza tətbiqi və ya psixoloji təzyiq fiziki zorakılıq kimi qiymətləndirilir.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik məktəblərdə hansı mühiti formalaşdıracaq? 

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında bildirdi ki, hazırda müəllim özünü hüquqi baxından müdafiəsiz hesab edir: 

- Sosial şəbəkələrdə yayılan videolar cəmiyyətdəki narahatlığın göstəricisidr. Bu videolar onu göstərir ki, məktəblərimizdə intizam anlayışı sürətlə zəifləyir. Müəllim özünü hüquqi baxımdan müdafiəsiz hesab edir. Aydın məsələdir, heç bir halda şagirdə qarşı psixoloji-fiziki zorakılıq qəbul edilə bilməz. Bu, birmənalıdır. Müəllim qanundan üstün deyil. Amma, məsələyə birtərəfli yanaşmaq qətiyyən olmaz. Müəllim şagirdə “otur yerinə”, “səs salma, dərsi pozma”, “telefonu yığışdr”, demək istədikdə, şagirdi intizamlı olmağa dəvət etmək istədikdə, düşünəcək ki, videosu çəkilə bilər, sabah sosial mediaya qoyulacaq, haqqında şikayət ediləcək, ictimai qınağa məruz qalacaq, cərimələnəcək, bəlkə iş yerini itirəcək və bu qorxu mühitində müəllim istər-istəməz şagirdi hətta tənbeh etməkdən də çəkinəcək və öhdəsinə düşən vəzifəni – öyrətmək vəzifəsini yerinə yetirə bilməyəcək. Məktəb tam sərbəstlik məkanı deyil, məktəb təhsil, qayda-qanun, intizam yeridir. Əgər sinifdə bir nəfər şagird 25 nəfərin dərsini pozursa, burda müəllim də sinif qarşısında məsuliyyət daşıyır. Çünki müəllimin nüfuzu zəiflədikcə, zərər görən şagirddir, ümumən təhsilimizdir. Trendə çevrilən videolar isə istehzalı etiraz formasıdır. Bununla cəmiyyətə mesaj ötürülür ki, əgər şagirdə təpinmək, onu intizamlı olmağa dəvət etmək qadağandırsa, bəs tədris prosesi necə idarə olunacaq? Bu, həm də cəmiyyətin mövcud duruma sosial-psixoloji reaksiyasıdır.

Ekspert qeyd etdi ki, “müasir” valideynlər övladlarının hər davranışını müdafiə etməyə çalşırlar. Halbuki uşaqlara məhdudiyyət qoyulmasa, gələcəkdə həm cəmiyyətə adaptasiya problemi yaşanır, həm də uşaqlar bilməlidir ki azadlıq, sərbəstlik məsuliyyət hsisi ilə vəhdət təşkil edir: 

- Müəllim uşağın düşməni deyil, əksinə, uşağın formalaşmasında ailədən sonra ən əsas rolu olan şəxsdir. Müəllimin nüfuzunu qorumadan keyfiyyətli təhsil sisteminə malik olmaq mümkün deyil. Hesab edirəm ki, burada əsas məsələ balansın qorunmasıdır. Zorakılığa yox deyiriksə, müəllimin də hüquqları, sinif idarəetmə imkanları da, insan formalaşdırmaq səlahiyyəti də mütləq şəkildə qorunmalıdır. Əks halda məktəblərdə xaos yaranacaq, sinifi müəllim deyil, telefon kamerası idarə edəcək.