Nəzərlinin nümunəvi müəllimi vəfat etdi - Qurban Qulamovun həyat yolu

Uzun illər gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuş, ömrünün təxminən 60 ilini məktəb həyatına həsr etmiş Qarayazının Nəzərli elinin dəyərli müəllimi Qurban Qulamov vəfat edib.

Qulamov Qurban Qulamoğlu 1941-ci ilin may ayında Qardabani rayonunun Nəzərli kəndində anadan olmuşdur. Orta təhsilini Kosalı kənd məktəbində aldıqdan sonra Bakı Pedaqoji Texnikumunun tarix fakültəsində təhsil almışdır. Daha sonra Gəncə Pedaqoji İnstitutunun tarix fakültəsini bitirərək uzun illər müəllim kimi fəaliyyət göstərmişdir.

O, həm doğma kəndində, həm də Kosalı orta məktəbində tarix fənnini tədris etmiş, minlərlə şagirdin elm və tərbiyəsində böyük rol oynamışdır. Qurban müəllim peşəsini sevən, müəllim adına layiq, ziyalı və nümunəvi insanlardan biri olmuşdur.

Onun dərs dediyi şagirdlər bu gün müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. Gənc müəllimlərə örnək olan Qurban Qulamov məktəbdə çalışdığı illərdə daim səliqəsi, yüksək mədəniyyəti və şagirdlərinə göstərdiyi qayğı ilə seçilmişdir.

Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının İdarə Heyəti, eləcə də Qardabani bələdiyyəsinin Nəzərli ictimai məktəbinin pedaqoji kollektivi adından Qurban müəllimin vəfatı ilə əlaqədar onun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verilir.

Allah rəhmət eləsin. Qəbri nurla dolsun.

P.S. “Şərq” qəzetinin kollektivi də dəyərli Qurban müəllimə Allahdan rəhmət, ailəsinə, Nəzərli elinə səbr diləyir!