- Təhsil haqları, tələbələrin sosial durumu nəzərə alınmaqla müəyyən edilməlidir
İnkişaf etmək və ölkənin parlak simasına çevrilmək hər bir gəncin arzusudur. Bunu həyata keçirmək üçün uzanan yollar Ali təhsilə söykənir. Lakin universitet və kolleclərin təhsil haqları ilə sosial durumu aşağı olan əhalinin gəlirləri arasında uçurum qədər fərq var.
Çox vaxt övladları ödənişli əsaslarla qəbul olan valideynlər təhsil haqqını ödəmək üçün banklara müraciət etmək məcburiyyətində qalırlar. Tələbə və valideynlərin ən çox şikayətləndiyi məsələ təhsil haqqının məbləğinin yüksək olmasıdır. Ötən ilin statistik göstəriciləri də bunu bir daha sübut edir. Statistikaya görə, Azərbaycanda təxminən 13 min tələbə universitet və kolleclərdən xaric edilib. Onların arasında akademik borca görə xaric edilənlər də var. Amma minlərlə gənc təhsil haqqını ödəyə bilmədiyi, davamiyyət problemi yaşadığı və müxtəlif sosial səbəblərlə təhsildən uzaq düşüb. Məsələnin ən ağır tərəfi odur ki, məhz həmin dövr ərzində 200 tələbə həyatını itirib.
Mövzu ilə bağlı sosioloq Nailə İsmayılova Sherg.az-a bildirib ki, tələbənin yaşadığı maddi çətinliklər onlara tələbəlik illərini istədikləri kimi yaşamağa imkan vermir:
“Bəzən ödənişli əsaslarla oxuyan tələbələr təhsil haqqını ödəməkdə çətinlik çəkdiyi üçün təhsilini yarımçıq qoyur. Xüsusilə bölgələrdən gələn tələbələrin paytaxtdakı yaşayış xərcləri və təhsil haqları ailə büdcəsinə ağırlıq gətirir. Maddi durumu çətinləşən valideynlər övladlarını təhsildən ayırmaq məcburiyyətində qalırlar. Əgər ailənin sosial durumu imkan vermirsə, ödənişli təhsil üçün nəzərdə tutulan pulu israf etməkdənsə, hazırlaşıb növbəti ildə imtahan verməyi daha məqbul hesab edirəm”.
Sosioloqun sözlərinə görə, universitetlərdəki təhsil haqları, tələbələrin sosial durumu nəzərə alınmaqla müəyyən edilməlidir:
“Bu mövzuda geniş ictimai dinləmələr keçirilməlidir. Bir dəfə tələblərlə baş tutan görüşdə sorğu keçirdik. Onların əksəriyyəti yarımştat iş tapmaqda çətinlik çəkdiklərini bildirmişdilər. Tələbələrə bu cür imkanların yaradılması ilə bağlı təkliflər irəli sürdüm. Mənim tələbə olduğum dönəmdə axşam şöbəsi var idi. Tələbə gündüz işləyir, axşam isə oxuyurdu. Bu da onun ailə vəziyyətinə və özünə çox böyük maddi dəstək olurdu. Onların peşələrinə uyğun yarımştat işlə təmin olunması, universiteti bitirənə qədər ixtisaslarını praktiki baxımdan mənimsəmələrinə şərait yaradacaq”.
N.İsmayılova onu da qeyd edib ki, tələbələrin təcrübə qazanmaları üçün lazımi şərait yoxdur:
“Tələbələrin gileyləndiyi əsas məsələlərdən biri də təcrübəyə cəlb olunma prosesidir. Hazırda onların təhsillərini bitirib əmək bazarına qədəm qoyanda qarşılaşdıqları ilk sual, ixtisasları üzrə iş təcrübəsinin olub-olmaması ilə bağlıdır. Aydın məsələdir ki, 1-ci kurs tələbələrin dərsə və mühitə adaptasiya dövrüdür. Lakin növbəti kurslarda tələbələrin praktiki təcrübə qazanması üçün imkanlar yaradılmalıdır. Bu proses elə tənzimlənməlidir ki, tələbə həm ixtisası üzrə təcrübə toplasın, həm də, qismən də olsa, ödənişlə təmin edilsin. Çünki həmin müəssisəyə gedib-gəlmək tələbələr üçün əlavə nəqliyyat xərcləri deməkdir. Subyektiv fikrimin Elm və Təhsil Nazirliyi tərəfindən necə qarşılanacağı haqqında heç nə deyə bilmərəm”.