"Sehrli qələmlər" ölkə təhsilinə və tələbələrin gələcəyinə ciddi zərbədir - Pedaqoq

“İmtahanlarda sehirbazlıq edənlər gələcəkdə dövlətə fayda verməyəcək"

İmtahanlara nəzarət nə qədər sərtləşdirilsə də, qayda pozuntularının qarşısını tam almaq mümkün olmur. Abituriyentlər və tələbələr imtahandan daha rahat keçmək üçün müxtəlif üsullara əl atırlar.

Bu üsullardan biri son günlər sosial şəbəkələrdə gündəm olub. İnstaqramda “Sehrli qələm” adı ilə satışa çıxarılan qələmlərin imtahan zamanı köçürməyə şərait yaratdığı bildirilib. Görüntülərdə qələmin içərisində xüsusi mexanizmin olduğu görünür. Belə ki, qələmin qapaq hissəsindən çıxan kiçik vərəqə qeydlər yazmaq mümkündür, qapaq bağlandıqda isə vərəq avtomatik şəkildə yenidən qələmin içinə daxil olur. Tələbələr arasında bu cür texnologiyalara maraq yüksəlsə də, onların təhsil prosesi və akademik dürüstlük üzərində necə təsir göstərə biləcəyi ciddi müzakirə mövzusudur.

Mütəxəssislər də qeyd edir ki, “Sehirli qələm” kimi vasitələr tələbələrin öyrənmə motivasiyasını sıradan çıxararaq, akademik dürüstlüyü və gələcək biliklərini təhlükəyə atır. 

Pedaqoq Sona Əliyeva “Sherg.az”a açıqlamasında bildirib ki, imtahanlarda istifadə olunan "sehirli qələmlər" ölkə təhsilinə vurulan ən böyük zərbədir: “Ən əsası, dövlətə, onun təhsil siyasətinə amansız xəyanətdir. Bu kimi qələmlər və ya köçürmə vasitələri tələbələrin öyrənmə motivasiyasını alt-üst edir. Qiymətləndirmə metodikasına sarsıdıcı zərbə vurur. İlboyu dərslərini yaxşı oxuyan şagird və tələbə ilə sehirli qələmlə sehirbazlıq edənlər arasında "balans" yaratmaq cəhdi əslində həmin qələmlərdən istifadə edərək imtahanları "yola verənlər" əslində öz gələcəklərinə bıçaq saplaylrlar. Həmin qələmlərin ölkədə satışını təşkil edənlər də cəzalandırılmalıdır, imtahan zamanı o cür köçürmə vasitələrinin içəriyə keçilirilməsinə şərait yaradanlar da. Başqalarına dərs olsun deyə, "sehirli qələm" istifadəçiləri universitetlərdən qovulmalıdırlar. Bu istiqamətdə ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır”.

S. Əliyeva qeyd edib ki, dərslərini həqiqətən yaxşı oxuyan tələbələrin haqlarına girən gələcək "mütəxəssislər" zamanı çatanda dövlətə, işlədiyi sektorlara da hər hansı xeyir verməyəcəklər. Bütün bunlar maarifləndirici metodlarla tələbələrə aşılanmalıdır.