28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) xüsusi tədbir təşkil olunub.
Sherg.az xəbər verir ki, tədbirin açılışını fakültənin tələbələri Fariz Əbdüləzimov və Aysel Babayeva edərək bildiriblər ki, 28 May Azərbaycan xalqının azadlıq, milli birlik və dövlətçilik ideallarının təntənəsi kimi tariximizdə mühüm yer tutur.
Daha sonra çıxış edən Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru İnara Rzayeva Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik respublika kimi tarixə düşdüyünü vurğulayıb. O qeyd edib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşmasında, demokratik dəyərlərin təşəkkül tapmasında və müstəqil Azərbaycanın təməllərinin qoyulmasında mühüm rol oynayıb.
Tədbir çərçivəsində “Azərbaycan dili” kafedrasının dosenti Mətanət Əmrahova çıxış edərək Müstəqillik Gününün xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, milli kimliyin möhkəmləndirilməsi və vətənpərvərlik ruhunun aşılanması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
Sonda fakültənin tələbəsi Fərhad Hətəmzadə çıxış edərək müstəqilliyin Azərbaycan gəncləri üçün böyük məsuliyyət və qürur mənbəyi olduğunu vurğulayıb, dövlətimizin inkişafı naminə gənclərin üzərinə düşən vəzifələrdən danışıb.

