- "Ali məktəbdə ciddi nöqsanlar üzə çıxdı, sadəcə tələbədən pul alıb diplom verən bina olmamalıdır”
Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması və ali təhsil müəssisəsinin institusional akkreditasiyadan keçə bilməməsi son günlər təhsil ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Müzakirələrin fonunda Bakı Qızlar Universitetinin professor-müəllim heyəti və əməkdaşları ali məktəbin fəaliyyətinin davam etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıblar.
Müraciətdə universitetin 35 illik fəaliyyətindən, Azərbaycan qadın təhsilinin inkişafındakı rolundan və elmi-pedaqoji irsindən bəhs olunub. Kollektiv ali təhsil ocağının fəaliyyətinin davam etdirilməsi və elmi potensialının qorunması üçün dəstək göstərilməsini xahiş edib. Universitet əməkdaşları bildiriblər ki, Bakı Qızlar Universiteti ölkədə yalnız qızların təhsil aldığı yeganə ali təhsil müəssisəsi kimi xüsusi missiya daşıyıb və onun fəaliyyətinin dayandırılması onları dərindən sarsıdıb. Müraciətdə Birinci vitse-prezidentdən universitetin fəaliyyətinin davam etdirilməsi üçün köməklik göstərməsi istənilib.

Mövzunu şərh edən təhsil eksperti Qoşqar Məhərrəmov Sherg.az-a bu hadisənin təsadüfi olmadığını deyib. Onun sözlərinə görə, söhbət illərdir yığılıb qalan sistemli idarəetmə və keyfiyyət böhranından gedir:
“İlk növbədə, universitetin daxili keyfiyyət təminatı mexanizmi və strateji planlaşdırması demək olar ki, işlək olmayıb. Strateji İnkişaf Planının icrasına nəzarət edən monitorinq sistemi qurulmayıb, daxili Keyfiyyət Təminatı Komissiyası yaradılmayıb və illik özünütəhlil hesabatları aparılmayıb. Təhsilin əsas iştirakçıları olan tələbə, məzun və işəgötürənlərin fikirləri planlamada nəzərə alınmayıb. Tədrisin təşkilində və kredit sistemində ciddi uyğunsuzluqlar gözə çarpır. Təhsil proqramları əmək bazarının tələblərinə uyğunlaşdırılmayıb, tədris planlarında fənlərin təkrarlanması, prerekvizit sırasının pozulması və ECTS kreditlərinin səhv paylanması halları aşkar edilib. Müasir dövrdə elektron tədris platformasının (LMS) və elektron jurnalın olmaması, tələbə müqavilələrində isə hüquqi ziddiyyətlərin yer alması tədrisin idarə olunmasını çətinləşdirən əsas amillərdəndir”.
Ekspert hesab edir ki, kadr potensialındakı göstəricilər də vəziyyətin ciddiliyini göstərir:
“Normativ tələbə görə ali məktəbdə dərslərin böyük hissəsini (ən azı 70%) əsas iş yeri həmin universitet olan ştatlı müəllimlər keçməlidir. BQU-da isə bu göstərici cəmi 37% təşkil edib, yəni dərslərin əksəriyyəti kənardan cəlb olunan saathesabı müəllimlərin öhdəsinə buraxılıb. Burada sual oluna bilər ki, "Bəs digər ali təhsil müəssisələrində necədir vəziyyət?". Müstəqil insan resursları şöbəsi olmadığı üçün işə qəbul rəqabətli elanlar əsasında aparılmayıb, müəllimlər üçün differensial əməkhaqqı və stimullaşdırma sistemi tətbiq edilməyib. Elmi-tədqiqat və beynəlmiləlləşmə istiqaməti də lazımi səviyyədə qurulmayıb. Təsdiqlənmiş elmi-tədqiqat strategiyası və bunun üçün xüsusi büdcə ayrılmayıb, Scopus və Web of Science kimi beynəlxalq bazalara çıxış təmin olunmayıb, dissertasiya və elmi işlərin antiplagiat proqramı ilə yoxlanılması mexanizmi tətbiq edilməyib. Beynəlxalq mübadilə proqramları (Erasmus və s.), ikili diplom layihələri və ya xarici mütəxəssislərin tədrisə cəlb olunması isə demək olar ki, mövcud olmayıb”.
Q. Məhərrəmovun sözlərinə görə, infrastruktur və maliyyə baxımından da ciddi problemlər qeydə alınıb. Auditoriyalarda İKT təminatı və havalandırma zəif olub, ixtisaslaşdırılmış tədris laboratoriyaları və inklüziv mühit formalaşdırılmayıb:
“Universitetin büdcəsi yalnız tələbələrin təhsil haqları hesabına formalaşıb, əlavə maliyyə mənbələri və daxili audit bölməsi mövcud olmayıb. Bütün bu faktlar bir daha göstərir ki, ali təhsil müəssisəsi sadəcə tələbədən təhsil haqqı toplayıb diplom verən bir bina olmamalıdır. Müasir universitet idarəetmədə şəffaflıq, daxili keyfiyyət monitorinqi, güclü akademik kadrlar, elmi tədqiqat və tələbə üçün yaradılan müasir mühit deməkdir. Bu standartlar ödənmədikdə akkreditasiyadan keçməmək və fəaliyyətin dayandırılması qaçılmaz olur. Bu kimi qərarlar təhsil sektoru üçün ağrılı görünsə də, ölkədə ali təhsilin ümumi keyfiyyət standartlarının yüksəldilməsi və tələbələrin gələcəyinin qorunması baxımından vacib bir addımdır. Universitet müəllimlərinin Vitse Prezidentə müraciəti də düşünməyə sövq edir bizi. Görək cavab gələcəkmi və nə cavab gələcək?”