Tarixçilər Emin Məlikov, Nazim Xəlilov və Elnur Nəciyev görkəmli tarixçi alim Yaqub Mahmudova doğum günü münasibətilə təbrik məktubu ünvanlayıblar.
Sherg.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“Dəyərli Yaqub müəllim!
Sizi 87 yaşınızın tamam olması münasibətilə ürəkdən təbrik edirik!
Siz Azərbaycan tarix elmində bir çox ilklərə imza atmısınız: “Azərbaycan tarixi” proqramı, “Ata yurdu” dərsliyi, “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi, “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” (2 cilddə), “Qarabağ: real tarix, faktlar, sənədlər” kitabı (7 dildə), “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” fundamental tədqiqat əsəri (9 dildə), “Real tarix və “böyük Ermənistan” uydurması” fundamental tədqiqatı (11 dildə), “Azərbaycan Respublikasının tarixi” əsəri (2 cilddə), “Azərbaycan tarixi xəritələrdə” atlası və s.
Yaqub müəllim, Siz hələ sovet rejiminin hökmranlığı dövründə - 1966-cı ildə dövlətçilik tariximizə müraciət edərək, Azərbaycan Ağqoyunlu dövlətinin çoxsaylı Avropa və Asiya dövlətləri ilə geniş əlaqələr saxladığını sübuta yetirmisiniz. 1986-1990-cı illərdə Sizin təşəbbüsünüzlə Respublika Tarix Liseyi yaradılıb, BDU-nun Tarix fakültəsində yeni ixtisaslar açılıb. 1991‐1992‐ci illərdə Azərbaycan Respublikasının ilk Təhsil Qanununu hazırlayan ekspert‐işçi qrupuna Siz rəhbərlik etmisiniz. Siz 2004-2021-ci illərdə AMEA-nın Tarix İnstitutunun (indiki Tarix və Etnologiya İnstitutu) direktoru olaraq mühüm xidmətlər göstərmisiniz. Əsərləriniz indiyədək 15 dilə - türk, ingilis, rus, alman, ərəb, fars, fransız, gürcü, ibri, ispan, italyan, polyak, Ukrayna, urdu və rumın dillərinə tərcümə edilib. Sizin elmi rəhbərliyinizlə 64 nəfər fəlsəfə doktoru və 16 nəfər elmlər doktoru yetişib.
Siz Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Dövlət Mükafatı laureatı, Dağıstan Respublikasının Əməkdar elm xadimi və 7 beynəlxalq akademiyanın həqiqi üzvüsünüz. Vətənimizin ali dövlət mükafatları - “Şöhrət” (1999), “Şərəf” (2009) və 1-ci dərəcəli “Əmək” (2019) ordenləri ilə təltif olunmusunuz.
Ulu Öndər Heydər Əliyev elmi fəaliyyətinizi yüksək qiymətləndirərək, Sizi “böyük alim”, “böyük tarixçi” adlandırıb.
Yaqub müəllim, Sizi doğum gününüzlə bağlı bir daha təbrik edir, möhkəm can sağlığı və yeni-yeni uğurlar arzulayırıq!”