Gəncləşmə və məsuliyyət daşıyan kadrlara yor açılmalıdır
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında iştirak edən AMEA üzvlərinin bir neçəsinin yuxuladığı əks etdirən fotolar yayılıb. Reaksiyalar müxtəlifdir. “Yaşlı insanları lağ-lağı obyekti etmək mədəniyyətsizlikdir”, deyənlər var, “elmimiz yatır” yazıb, görüntünün reallığı əks etdirdiyi mövqeyində olanlar da. Məlumata görə, bugünkü iclasın gündəliyinə iki məsələ - Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric edilməsi və illik hesabatın dinlənilməsi daxil edilibmiş. Lakin AMEA açıqlama yayaraq R.Mehdiyev məsələsinə yalnız ona hökm oxunduqdan sonra baxılacağı və qərar veriləcəyini bəyan edib. Yəni, iki məsələdən yalnız biri - illik hesabatın dinlənilməsi qalıb. O da bu cür “şirin yuxular” əhatəsində keçib.
Sosial məsələlər üzrə mütəxəssis İlqar Hüseynli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, yuxu fizioloji faktordur və bu hal hər bir insana məxsusdur. Məsələ yuxu deyil, kimin nə vaxt, harada yatmasıdır:
- Biz bir vəzifəni, dövlətin qarşımıza qoyduğu vəzifəni icra ediriksə və ciddi bir məsələnin müzakirəsi gedirsə, bu zaman yuxulamaq vəzifəyə qarşı biganəlik, məsuliyyətsizlikdir, bilavasitə Azərbaycan cəmyyətinə, idarəetmə sisteminə, dövlət idarəçiliyinə qarşı hörmətsizlikdir. Belə bir hal təkcə AMEA-nın toplantısında yaşanmayıb. Parlamentdə də bəzi millət vəkillərinin yuxuladığına dair fotolar da yayılmışdı. İnsan qarşısına məqsəd qoymalıdır ki, əgər o bu gün dövlətin yürütdüyü siyasi xəttdədirsə, Parlament üzvü, yaxud AMEA üzvüdürsə, məmurdursa, deməli, həm dövlət, həm də vətəndaşlar tərəfindən üzərinə məsuliyyət qoyulub və o məsuliyyət daşıyır. Belə bir məsuliyyət yükünün altında insanlar yatırsa, deməli seçilmiş təsadüfi adamlardır. Bəzilərinin yaş göstəriciləri də kriteriyala cavab vermir. Bu kimi hallar cəmiyyətdə ikrah doğurur. Bunun bir sonu olmalıdır. Biz idarəetmə sistemini yeniləməli, gəncləşdirməliyik. Üzərinə qoyulmuş məsulyyəti dərk edən insanların ictimai-siyasi proseslərdə iştirakına imkan yaradılmalıdır.