İstehsalı başlayır: 12 dəqiqəlik şarjla 500 kilometr...

Çinin yeni nəsil avtomobil istehsalçılarından biri olan Li Auto, son aylarda təqdim etdiyi elektrik modelinin kütləvi istehsalına və tədarüklərinə fevral ayında başlayacaq.

Sherg.az xəbər verir ki, Çində mikroavtobus bazarına maraq sürətlə artır. Bu sahədə rəqabət aparmağa hazırlaşan Li Auto Mega, hibrid modellərindən sonra markanın ilk elektrikli avtomobili olacaq.

Aerodinamik dizaynı ilə diqqət çəkən modelin sürtünmə əmsalı miniven seqmenti bir yana qalsın, sedanlarla rəqabət apara biləcək 0,21 cd səviyyəsindədir.

Avtomobilin ən diqqət çəkən cəhəti onun doldurma sürətidir ki, bu da istifadəçilərin məsafədən narahatlığına son qoyacaq.

CATL şirkətinin 5C doldurma sürətinə malik Qilin batareyalarından istifadə edən Li Mega 12 dəqiqəlik şarjla 500 kilometrlik səyahət vəd edir. 552 kVt-a qədər inanılmaz doldurma sürətinə çata bilən Li Auto Mega, cəmi 10 dəqiqə ərzində 10 faizdən 80 faizə qədər akkumulyator səviyyəsinə çatır. Li Mega-nın şarj edərkən paylaşdığı videoda onun 11 dəqiqə 2 saniyədə 6 faizdən 80 faizə çatdığı və batareyalara 77,3 kVt/saat enerji yüklədiyi görünür.

Normal şəraitdə batareyalar doldurulduqca sürət azalır, lakin burada 60-80 faiz arasında belə 300 kVt-dan aşağı düşmür.

Batareya istehsalçısı CATL-nin açıqlamasına görə, mənfi 10 dərəcə olsa belə, batareyaların 80 faiz doldurulmasına 30 dəqiqədən az vaxt lazım olacaq.

Li Auto, 1,4 milyard dollarlıq investisiya ilə Çin daxilində 3000 supercharger şəbəkəsi quracağını açıqladı. Bu qurğulardan 300-ü bu ilin sonuna kimi istismara veriləcək.

BU 5C NƏDİR?

Ən sadə dillə desək, "C" batareyanın bir saat ərzində neçə dəfə doldurula biləcəyini göstərir. Məsələn, 50 kVt batareya 1C şarj sürətini dəstəkləyirsə, o, 50 kVt ilə doldurulacaq və bir saat ərzində doldurulacaq. 5C sürətini dəstəkləyirsə, 250 kVt ilə doldura bilər və 0-dan yüzdə 100 doldurmaq üçün 12 dəqiqə çəkir.