"Starlink" hazırda 113 ölkədə fəaliyyət göstərir

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;


Azərbaycan da peyk internetindən yararlanan ölkələr sırasında yer alacaq



2023-cü ildə "Azərkosmos"la  "SpaceX" arasında "Starlink"in internet xidmətlərinin ölkəmizdə də əlçatan olması ilə bağlı müqavilə imzalanıb. Razılaşmaya əsasən, 2023-cü ilin 4-cü rübündə şirkətin təqdim etdiyi simsiz internet xidmətlərindən Azərbaycan da yararlana biləcəkdi. Lakin şirkətin saytında xidmətin aktiv olduğu görünsə də, Azərbaycanda hələ də  "Starlink"in internetindən istifadə etmək mümkün deyil. Məlumat üçün bildirək ki, 2023-cü ilin noyabrında “Starlink Azerbaijan”ın törəmə şirkəti Bakıda qeydiyyatdan keçərək fəaliyyətə rəsmi start verib. 2024-cü ilin avqust ayında Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Starlink” şirkətinin Bakıda səfərdə olan qlobal lisenziyalar və yeni bazarlar üzrə direktoru Rebekka Slik Hanter ilə görüşüb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, görüşdə “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda tətbiqi məsələləri müzakirə olunub. Müzakirələr yüksəksürətli, aşağı gecikmə müddəti olan internetin ənənəvi xidmətlərin hazırda məhdud olduğu ucqar ərazilərə və tranzit xətlərinə genişləndirilməsi ətrafında aparılıb. Bu, Azərbaycanın Kosmik Agentliyi olan “Azərkosmos” və SpaceX-in “Starlink” şirkəti arasında 9 may 2023-cü il tarixində imzalanmış reseller müqaviləsindən sonra baş verib. Müqavilə “Azərkosmos”a bütün ölkə ərazisində Starlink peyk internet xidmətlərini təklif etməyə imkan yaradır. Tərəfdaşlıq SpaceX-in prezidenti və baş əməliyyat direktoru Qvin Şotvellin iştirak etdiyi imzalanma mərasimində açıqlanıb. Artıq Azərbaycanda sınaqdan keçirilmiş "Starlink" xidmətləri axın ötürülməsi, onlayn oyun və video konfrans kimi fəaliyyətləri dəstəkləməyə yönəlib. Bu xidmətlərin həmçinin dəniz və quru əraziləri və məlumat mərkəzləri də daxil olmaqla, kifayət qədər xidmət göstərilməyən bölgələrdə əlaqəni yaxşılaşdıracağı gözlənilir. Bununla belə, ölkədə Starlink xidmətlərinin tam aktivləşdirilməsi hələ də tənzimləyici orqanların təsdiqindən asılıdır. "Starlink"in Azərbaycanda 50 Mbit/s-dən 500 Mbit/s-ə qədər internet sürətini təmin edəcəyi gözlənilir ki, bu da yükləmə sürətinin adətən 25 Mbit/s-dən 100 Mbit/s-ə qədər olduğu digər regionlarda müşahidə olunan sürətlərlə müqayisə oluna bilər. Xidmətin qiymətlərinin fərqli olacağı gözlənilir: Baza paketləri standart buraxılış zolağına giriş üçün ayda 90 dollardan başlayacaq və daha yüksək sürət tarifləri üçün ayda 5000 dollara qədər qalxacaq. Prosesin gecikməsi göstərir ki, Azərbaycan "Starlink"in tətbiqinə ehtiyatlı yanaşır, diqqətini yerli yayım üçün eksklüzivlik hüququnun təmin edilməsinə yönəldir və bununla da kənar subyektlərin ölkədə "Starlink" əməliyyatlarını idarə etməsinə mane olur. 
Məlumat üçün deyək ki, Elon Mask tərəfindən yaradıllan "SpaceX", "Starlink" peykləri ilə yer orbitində 12 min peykdən ibarət şəbəkə qurmağı planlaşdırır. "Starlink" peyk vasitəsi ilə internetə çıxışı təmin etmək üçün "SpaceX" tərəfindən qurulmuşdur. Lahiyə yerüstü stansiyalarla işləyəcək və kütləvi istehsal edilən minlərlə kiçik peykdən ibarətdir. "SpaceX" peyklərinin bir qismini kəşfiyyat və elmi məqsədlər üçün istifadə edərkən, bəzi peyklərini ordulara satmağı da planlaşdırır. SpaceX rabitə şəbəkəsi xəbərləri ilk dəfə 2015-ci ilin yanvarında ictimaiyyətə açıqlanıb. Açıqlamalarda, bütün geri daşınma kommunikasiya tıxacının 50 faizini daşımaq üçün kifayət qədər bant genişliyini dəstəkləyə bildiyi və sıx şəhərlərdə yerli internetin 10 faizə qədərini qarşılaya biləcəyi ifadə edildi. CEO Elon Musk verdiyi açıqlamalarda layihənin aşağı qiymətli qlobal genişzolaqlı internet imkanlarına əhəmiyyətli dərəcədə tələbatı qarşılaya biləcəyini bildirmişdi. “SpaceX” şirkətinin rəhbəri İlon Musk bəyan etdi ki, “Starlink” peykləri artıq dünyanı əhatə edib. Hətta Antarktidada da onun xidmətlərindən istifadə etmək olar. Ən son məlumatlara görə, hazırda 2300-dən artıq “Starlink” kosmosdadır və 500 mindən artıq aktiv abunəçiyə xidmət göstərir. Layihəyə start verildiyi 2015-ci ildə isə peyklərin ümumi sayının 4 000-dən çox olacağı planlaşdırılırdı. Bir sıra ölkələr artıq bu layihəyə qoşulmaq niyyətində olduqlarını açıqlayıblar. Məsələn, Gürcüstanın Milli Kommunikasiya Komissiyası iyunda məlumat yaymışdı ki, “SpaceX”la sıx əməkdaşlıq edilir, 2022-ci ilin iyunun 29-da bala şirkət - “Starlink Georgia” yaradılıb. Qonşu ölkə "Starlink”in xidmətlərindən istifadə etməklə dağlıq rayonları və yaşayış məntəqələrini internetlə təmin etmək niyyətindədir.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, Qazaxıstan, Gürcüstan və Ukraynada Starlink artıq xeyli müddətdir ki, fəaliyyət göstərir. Ekspertin sözlərinə görə, Qazaxıstanda hətta "Starlink" yüzlərlə ucqar məktəblərə də internet xidmətləri verir: 

"Bir neçə gün öncə "Starlink" Ermənistanda fəaliyyətə başlamaq üçün tənzimləyici qurumlardan lisenziyalarını alıblar. Azərbaycanda isə vəziyyət fərqlidir. "Starlink" rəsmiləri bəlkə də Ukraynadan sonra ilk olaraq Azərbaycana gəlmişdilər. Onlar Bakıda olublar, "Azercosmos"un rəhbəri ilə görüşüblər. Nazir Rəşad Nəbiyev ötən il İlon Maskla, bir neçə ay öncə isə daha bir Starlink rəsmisi ilə görüşüb. 2022-ci ilin dekabr ayında "Starlink Azerbaijan" MMC qeydiyyata alınıb. 2023-cü ilin may ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə  SpaceX arasında "Starlink"in internet xidmətlərinin Azərbaycanda əlçatan olması ilə bağlı müqavilə imzalanıb. Amma buna baxmayaraq, Starlink-in fəaliyyətə başlaması gecikir. Görünən odur ki, RİNN, İKTA və "Azerkosmos" tərəfdən "Starlink" üçün hansısa texniki-texnoloji tələblərin olacağı ağlabatan deyil. Belə olan halda düşünmək olar ki, "Starlink" qanunvericilikdə nəzərdə tutulduğu qaydada hələlik icazə ala bilməyib". 

O.Gündüz vurğulayıb ki, mövcud qanunvericiliyə görə DTX beynəlxalq rabitə xidmətlərinə lisenziya almazdan öncə operatorlardan təhlükəsizliklə bağlı öncədən müəyyən olunan tələblərin yerinə yetirilməsi ilə bağlı zəruri avadanlıqların quraşdırılmasını tələb edir:
 "Məhz bundan sonra operatorlar bu icazəni təqdim etməklə lisenziya üçün müraciət edə bilirlər. Beləliklə, güman etmək olar ki, "Starlink" bu tələbləri yerinə yetriə bilmədiyindən hələlik belə bir icazəni ala bilməyib. Maraqlıdır ki, bu gecikmə ilə bağlı "Azercosmos" da heç bir açıqlama verməyib. Bəlkə də bizim bilmədiyimiz digər problemlər ola bilər. Medianın bu məsələni diqqətdə saxlaması və aidiyyatı qurumlardan sorğulaması faydalı olardı. Görünən odur ki, Azərbaycanda bu proses ləngiyir. Amma əslində peyk internet üçün prosesə ilk başlayanlardan biri də biz olmuşduq. Düşünürəm ki, həm bir alternativ olaraq, həm də ucqar bölgələrdə yaşayan insanlar üçün, təhsil və mədəniyyət qurumları üçün  "Starlink" ölkənin rəqəmsal inkişafına böyük töhfə verə bilər. Ümid edirik, bu gecikmə tezliklə aradan qaldırılacaq və Azərbaycan da peyk internetindən yararlanan ölkələr sırasında yer alacaq. Xatırladıram ki, "Starlink" peyk internet xidməti hazırda 113 ölkədə fəaliyyət göstərir".