Bakının internet dərdi düzələnə oxşamır -AÇIQLAMA

Belə çıxır ki, əksər evlərdə modemlər dəyişməlidir

Cihaz 100 mbit interneti dəstəkləməsə, verilən internetin keyfiyyəti arzuolunan səviyyədə olmayacaq

“Əgər vətəndaşlar internetin sürətinin ödədikləri məbləğlə adekvat olmadığı, ədalətsiz yanaşmalar olduğunu fikirləşirsə, internet limitini ölçə bilərlər. Bunun üçün evə gələn internet xəttini kompüterə qoşaraq “Speedtest” ilə yoxlama etməsi yaxşı olar”


  Ötən aydan etibarən  ölkənin bütün provayderləri internet qiymətlərini artırıb. İndi aylıq internet imkanları əldə etmək üçün azı 25 manat ödəmək lazımdır. Həm dövlət, həm də özəl provayderlər qiymət artımından danışanda bunu sürətin artması, beynəlxalq standartları tətbiq etmə istəyi ilə əlaqələndirirdilər. Qiymət artıb, amma sürətin yaxşılaşmasından söhbət belə gedə bilməz.
  “Ay “Bakinternet”, Ay “Aztelekom” 3 sentyabrda hesabınıza 27 manat ödəmişəm. İnternetin sürəti gündüz 47, axşam 27 meqabitdən artıq olmur.
155 çağrı mərkəzinin yönəltdiyi texniki işçi günahı özünüzün quraşdırdığı optik cihazda görür. Yaxşı, ya cihaza uyğun ödəmə alın, ya da cihazı dəyişdirin. Niyə mən pul verib təzə cihaz almalıyam?...
Nə vaxtadək mənim kimi insanları aldadıb, bəhanələrlə baş qatacaqsız? Pulunuzun vaxtı çatanda yarım gün dözə bilmirsiniz, anındaca qayda-qanun yadınıza düşür...”. Sosial şəbəkələrdə bu fonda yazılan narazılıqların sayı-hesabı yoxdur. Hamı internetin sürətinin aşağı olmasından, ödədikləri qiymətə adekvat olmadığından narazıdır.  Vətəndaşların sosial şəbəkələrdəki paylaşımlarından məlum olur ki, internetin sürəti nəinki  vəd edilən 100 Mbit/s-yə, hətta 50 Mbit/s-yə də çatmır. 
  “Vaxtı ilə 10 manat ödədiyimiz internetin sürəti indikindən qat-qat yaxşı idi”- deməklərindən isə belə çıxır ki,  vətəndaş əvvəlki sürət üçün indi daha çox ödəyir.
Qeyd edək ki, ölkə əhalisinin əksəriyyəti üçün minimum 25 manata internetdən istifadə etmək əlçatmazdır və qonşular, yaxınlar yığışıb şərikli internet xidməti formalaşdırırlar. Amma “Aztelekom” burada da vətəndaşlardan pul qoparmaq istəyir. “Aztelekom” tərəfindən abonentə pulsuz təqdim edilən modemlər geri təhvil alınmır, əvəzində isə imtina etdiyinə görə onlardan 130 manat cərimə tələb olunur.
 
 Sözügedən məsələ ilə bağlı əhalinin narazılığına cavab olaraq “Aztelekom” bildirib ki, internet xidmətinin təminatı istiqamətində tərəfimizdən hazırda kütləvi nasazlıq müşahidə olunmur:  
"İnternet xidmətinin təminatı istiqamətində tərəfimizdən hazırda kütləvi nasazlıq müşahidə olunmur. Fərdi ev təsərrüfatlarında texniki nasazlığın baş verməsi mümkündür. Belə hallarda abunəçilərin müraciəti əsasında internet xidmətində yaranan texniki nasazlıqlar nəzarətə götürülərək aradan qaldırılır". 

Qurum internet sürətinin zəifliyinin əsasən 3 səbəbdən qaynaqlandığını bildirib:
 "İnternetin sürətinin zəifliyi ilə bağlı müraciətlərin qeydiyyatı zamanı problemlərin əsas 3 səbəbdən qaynaqlandığı müşahidə olunur. Həmin səbəblər aşağıdakılardır:
Cihazların uyğunluğu. İnternet sürətinin 100 Mbit/s olması üçün abunəçinin istifadə etdiyi cihazlar (kompüter, notbuk, telefon və s.) bu sürəti dəstəkləməlidir. Əgər cihazın şəbəkə adapteri və ya "Ethernet" portu 100 Mbit/s və ya daha yüksək sürəti dəstəkləmirsə, real sürətin aşağı olması müşahidə olunur.
  Modem və marşrutlaşdırıcının konfiqurasiyası. Modem və ya marşrutlaşdırıcının konfiqurasiyası düzgün aparılmadıqda internet sürəti məhdudlaşa bilər. Məsələn, modem köhnə versiyadadırsa və ya düzgün konfiqurasiya olunmayıbsa, yüksək sürətləri təmin edə bilməz.
Dalğaların konfiqurasiya olunmaması. Wi-Fi dalğalarının yayılması ətraf mühitdən və istifadə olunan dalğa bantlarından asılıdır. Məsələn, 2.4 GHz bantı daha geniş əhatə dairəsini təmin etsə də, daha aşağı sürətlər təqdim edir və müdaxilələrə daha həssasdır. 5 GHz bantı isə daha yüksək sürətlər təmin etsə də, əhatə dairəsi məhduddur. Əgər bu dalğalar düzgün konfiqurasiya olunmayıbsa, internet sürəti azalacaq. (Operativ Media)

  Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov “Sherg.az”a açıqlamasında  deyib ki, internetin sürəti texniki məsələlərlə bağlıdır:

“Yaxın günlərdə dövlət və özəl provayderlər alt limit internet paketlərini ləğv edərək yerinə daha yüksək, beynəlxalq standartlara uyğun olan 100 mbit/s limitlər  təyin etdi. Aparılan infrastruktur təkmilləşdirmələrinin məqsədi vətəndaşların yüksəksürətli internetə artan tələbatının qarşılanması və daha yüksəkkeyfiyyətli internet xidmətlərindən faydalanmasıdır. Dünyanın hər yerində internetin ən aşağı sürəti 100 mbit/s-dən başlayır”. 

  İnternetin bahalaşması ilə bağlı əhalinin narazılığına gəldikdə isə E.Abbasov deyib ki, əslində, Mbit başına hesablayanda ölkədə internetin qiyməti artmayıb, azalıb:
“Alt limit, yəni kiçik paketlər ləğv olduğu və böyük paketlər tətbiq edildiyi üçün  bu, nəticədə qiymət artımı kimi görünür. Burada, əslində, internetin qiyməti qalxmır, əksinə, düşür. Yəni Mbit başına hesablayanda hazırda 18 manata 40 Mbit/s istifadə edilirsə, indi 100 Mbit/s  25 manata təklif olunacaq. Yəni əvvəl Mbit başına 0.45 qəpik ödənilirdisə, indi təxminən 0.25 qəpik ödəniləcək. Yəni Mbit dəyəri sabit qalmaqla sürət və qiymət artımına gedilirsə, istifadəçi daha çox sürəti daha ucuz qiymətə alır.   
  Lakin sosial şəbəkələrdə narazılıq edən kəsim tətbiq edilən dəyişikliklərdən sonra internetin keyfiyyətinin azaldığını iddia edir. Halbuki özəl və dövlət provayderlərinin məlumat xarakterli açıqlamaları var ki, 100 mbit və daha yüksək sürətli internet paketlərindən istifadə etmək üçün modemlərdə  düzgün konfiqurasiyalar  edilməlidir. Yəni istifadə olunan modemlərin 100 mbit interneti dəstəkləməsə, verilən internetin keyfiyyəti arzuolunan səviyyədə olmayacaq. 
Ona görə də limit dəyişikliyində fərq çox olanda texniki müstəvidə məsələlər həllini tapmalıdır. Sürətin müvafiq aparatlar, cihazlar tərəfindən dəstəklənməsi çox önəmlidir. Məsələn, siz telefonda 4G internetdən istifadə edirsiniz, 5G yenilənməsində telefon onu dəstəkləməlidir. Əks halda telefonu dəyişməlisiz. Hətta telefonunuz yeniliyi dəstəkləsə belə, müəyyən konfiqurasiyalar düz olmasa, yenə də 5G işləməyəcək. Modem, internet sürəti, onun radius, siqnalların ötürülməsi, internetin düzgün ötürülməsi texniki müstəvidə həllini tapmalıdır”.

  AİKTSA sədrinin sözlərinə görə, vətəndaşların istifadə etdiyi aparatlar  5-6 il əvvəl aldıqları modemlərdir.  Ona görə də istifadəçilər gileylənir ki, əvvəl internet hətta məhəllədə də tuturdu, indi isə mənzilin içində belə zəifdir: 
“Halbuki bunun internetlə heç bir əlaqəsi yoxdur. Modemin "wifi" ötürücüsü içində internet olub, olmasa da ötürmə radiusu (əhatə dairəsi) dəyişmir. Modemlərin yeni tarifə uyğun 100 Mbit/s internetin dəstəklənməsində tənzimləmələrə ehtiyac var. Bununla yanaşı siqnal gücləndiricilər və s. istifadə edilməlidir”. 
 
 Provayderlərin  tarifə uyğun lazımi interneti verdikləri iddiasına toxunan ekspert deyib ki, əgər vətəndaşlar internetin sürətinin ödədikləri məbləğlə adekvat olmadığı, ədalətsiz yanaşmalar olduğunu fikirləşirsə, internet limitini ölçə bilərlər. Bunun üçün  evə gələn internet xəttini kompüterə qoşaraq “Speedtest” ilə yoxlama etməsi yaxşı olar:
“Əgər internetin sürətində problem yoxdursa, lakin keyfiyyəti aşağıdırsa, bunun müxtəlif səbəbləri ola bilər. Ailə təsərrüfatındakı  fərdlərin istifadə etdiyi mbit-lər ölçülməlidir. Məsələn, 5 nəfərlik bir ailədə onlar "youtube" izləyir, veb səhifələrə baxır, canlı yayımlar, video konfrans edirlərsə, bütün bunlar da təsiredici amildir. Bir daha qeyd edirəm, narazı vətəndaşlar provayderin əməkdaşını evə dəvət edərək interneti yoxlada, lazımi tənzimləmələri etdirə bilərlər. Modem köhnə olarsa, dəyişiklik lazım gələcək. Provayderin özündə olan nasazlıq isə əməkdaş tərəfindən texniki baxış keçirilərək aradan qaldırılmalıdır”.