Kiberhücumlar artıb: Lazımi tədbirləri vaxtında görmək lazımdır -Mütəxəssis

Təkcə COP29 deyil, digər beynəlxalq tədbirlər zamanı da Azərbaycana qarşı çoxlu sayda kiber hücumlar olur.
Bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev deyib.
"Vətəndaşlar bunu görmür. Xidmət olaraq bu məlumatların hamısını açıqlaya bilmirik. Amma bu hücumların qarşısı alınır. Bəzən rüblük olaraq bu məlumatları öz informasiya vasitəmizdə yerləşdiririk. Vətəndaşlara və dəvlət qurumlarına qarşı kiber hücumlar və təhdidlər olur. Həmçinin COP29-la bağlı belə hücumlar baş verir", - deyə İ.Musayev əlavə edib.
O bildirib ki, seçkilər zamanı da Azərbaycana qarşı kiber hücumlara cəhdlər vardı:
"Prezident və Milli Məclisə seçkilər zamanı kiber hücumlara cəhdlər edilirdi. Sadəcə biz onların hamısını açıqlaya bilmirik. Amma bununla bağlı gündəlik iş gedir. "Facebook", "İnstagram", "Tiktok" kimi platformalarda dezinformasiyalar yayılır. Biz həmin platformalarla birgə işləməklə bunların qarşısını alırıq".

Rəqəmsal sahə üzrə mütəxəssis Vasif Qəhrəmanov “Sherg.az”a bildirib ki, bu cür hücumlar hər zaman olub və olacaq:

“Belə hücumlardan sonra isə sistemin qırılıb, qırılmadığını bilmək lazımdır. Hücumların olması normaldır. Bir şey qorunursa, onu qırmağa çalışan kimlərsə olacaq. Lakin oşluqlar çoxdusa və qırılmalar tez tez baş verərsə, lazımi tədbirlər görülməlidir. Həmçinin kadrların səviyyəsi qaldırılmalı, avadanlıqlarda yeniliklər olmalıdır. Cop29 və bu tip tədbirlərdə hücumların olması normaldır və gözləniləndir. Lazımi tədbirləri vaxtında görmək lazımdır”.