İKT mütəxəssisi: "TikTok" üzərində nəzarət onun qeydiyyatdan keçdiyi ölkənin hüququ çərçivəsində olur

"TikTok" və digər sosial media platformaları, xüsusən də gənclər arasında populyar olduğu üçün müəyyən nəzarətə ehtiyac duya bilər. Bu, həm istifadəçilərin təhlükəsizliyini təmin etmək, həm də onların sağlam psixoloji inkişafına dəstək olmaq məqsədilə vacibdir.  Bəs "TikTok" üzərində nəzarətə ehtiyac varmı?

Sualımızı cavablandıran Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov “Sherg.az”a açıqlamasında bildirib ki, "TikTok" üzərində nəzarət onun qeydiyyatdan keçdiyi ölkənin hüququ çərçivəsində olur:

“"TikTok"un Azərbaycanda rəsmi nümayəndəsi var. Ancaq "TikTok"un daxili prosedurlarına giriş üçün, yəni nəzarət etmək, ora hər hansı bir fikri, qadağanı diktə etmək və ya təklif vermək üçün iki istiqamət var. Birinci istiqamət odur ki, ya "TikTok"un qeydiyyatdan keçdiyi ölkə olmalısınız, ya da sizin o qədər böyük bir internet seqmentiniz olmalıdır ki, "TikTok" sizinlə razılaşsın. Azərbaycanın internet seqmenti, yəni sosial şəbəkə seqmenti isə çox kiçikdir. Ölkə kiçik ölkə olduğu üçün, seqmentimiz də kiçikdir. "TikTok"da biz olsaq da, olmasaq da çox böyük fərq eləmir. Buna görə də bizim "TikTok"da hər hansı bir formada nəzarəti gücləndirməyimiz, nəzarət etməyimiz çətin məsələdir”.