Azərbaycan rəqəmsal gələcəyə qapını açır

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi; -
İT-dən tibbə qədər hər sahədə süni intellekt mütəxəssisləri yetişəcək
Kamran Əsədov: “AI Akademiyası ölkənin gələcək inkişafına strateji investisiyadır”
Sentyabrın 8-də Bakıda Süni İntellekt Akademiyasının (AI Academy) açılış mərasimi keçirilib. Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər. Açılış mərasimində akademiyanın fəaliyyət planı, təhsil proqramları və ölkədə süni intellekt ekosisteminin inkişafına dair qarşıya qoyulan hədəflərlə bağlı məlumat verilib. İştirakçılar tədris mühiti və yaradılmış şəraitlə tanış olub, tələbələrlə təhsil prosesinə hazırlıq, onların gözləntiləri və gələcək planları barədə fikir mübadiləsi aparıblar. Qeyd edilib ki, “AI Academy” "AZCON Holding"in dəstəyi ilə fəaliyyət göstərəcək tədris mərkəzidir. Akademiya “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”na əsasən yaradılıb. Süni İntellekt Akademiyasının əsas məqsədi süni intellekt sahəsində mütəxəssislər hazırlamaq və ölkədə rəqəmsal transformasiyanı sürətləndirməkdir. Akademiya həmçinin gələcəkdə Azərbaycanı regionda süni intellekt təhsili və innovativ layihələrin tətbiqi üzrə aparıcı mərkəzə çevirməyi hədəfləyir. Tədris proqramları beynəlxalq standartlara uyğun hazırlanıb və dünyanın aparıcı universitetlərinin təcrübəsinə əsaslanır. Akademik heyət süni intellekt və müasir texnologiyalar sahəsində zəngin təcrübəyə malik mütəxəssislərdən ibarətdir. Akademiyanın fəaliyyətində qlobal elmi mühitə inteqrasiya prioritet istiqamətlərdən biridir. Bu məqsədlə süni intellekt sahəsində dünyanın aparıcı ali təhsil müəssisələri olan Massaçusets Texnologiya İnstitutu (MIT), Kaliforniya Universiteti, Karnegi Mellon Universiteti, Harvard Universiteti və Stanford Universiteti ilə əməkdaşlıqlar qurulub. Bu nüfuzlu universitetlərin professor və alimləri akademiyaya qonaq mühazirəçi kimi dəvət olunacaqlar. Süni İntellekt Akademiyası fəaliyyətində elmi-tədqiqat işləri və innovativ layihələrin hazırlanması kimi istiqamətlərə xüsusi önəm verir. Burada təhsil alan gənclər və mütəxəssislər startap ideyaları üzərində işləmək, tətbiqi layihələrdə iştirak etmək və beynəlxalq təcrübədən faydalanmaq imkanına malik olacaqlar. Tədbirdə həmçinin süni intellekt geniş dil modeli prototipi təqdim olunub. Bu prototip ümumilikdə 10 milyard token və 1.2 milyon sintetik məlumat üzərində istiqamətli öyrənmə və tənzimləmələr aparılmaqla ərsəyə gətirilib. Layihə Azərbaycanın suveren süni intellekt potensialının mümkünlüyünü nümayiş etdirməklə yanaşı milli innovasiya ekosisteminin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. 
Milli Süni İntellekt Mərkəzinin direktoru Tuncay Bağırov bildirib ki, Süni İntellekt Akademiyasının yaradılması ölkədə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, rəqəmsal iqtisadiyyatın gücləndirilməsi və Azərbaycanın qlobal süni intellekt xəritəsində mövqeyinin möhkəmləndirilməsi istiqamətində strateji əhəmiyyət kəsb edir. Akademiyanın təqdim etdiyi bütün tədris proqramları tam təqaüdlü əsaslarla həyata keçirilir. Proqramlara qəbulun növbəti mərhələləri və digər yeniliklər barədə məlumatlar “AI Academy”nin rəsmi veb-saytı və sosial media hesablarında yayımlanacaq. 
Təhsil eksperti Kamran Əsədov Sherg.az-a açıqlamasında deyib ki, süni intellekt XXI əsrin əsas inkişaf istiqamətlərindən biri kimi yalnız texnologiya sahəsində deyil, bütün iqtisadi, sosial və təhsil sistemlərinin gələcəyində həlledici rol oynayır. Ekspert vurğulayıb ki, Azərbaycanın “2025–2028-ci illər üçün süni intellekt Strategiyası”na uyğun olaraq ayrıca Süni İntellekt Akademiyasının yaradılması bu baxımdan ölkənin milli maraqlarına xidmət edən strateji qərardır:
 "Belə bir mərkəzin fəaliyyətə başlaması dövlətin rəqəmsal inkişaf kursunu dəstəkləmək, qlobal texnoloji dəyişikliklərə uyğun kadr hazırlığını təmin etmək və ölkə daxilində süni intellekt ekosisteminin formalaşmasını sürətləndirmək baxımından çox mühüm addımdır. Statistik məlumatlara nəzər saldıqda aydın görünür ki, süni intellekt sahəsində qlobal investisiyalar 2023-cü ildə 190 milyard ABŞ dollarını ötüb və beynəlxalq hesabatlara görə, 2030-cu ilə qədər bu texnologiyaların dünya ÜDM-ə töhfəsi 15 trilyon dollardan çox olacaq. Azərbaycan reallığında isə 2024-cü ildə İKT ixtisaslarını seçən tələbələrin sayı 12 mindən artıq olub ki, bu da əvvəlki illərlə müqayisədə əhəmiyyətli artımdır. Bu artım ölkədə süni intellekt üzrə ixtisaslaşmış mütəxəssislərin hazırlanmasını zəruri edir. Qanunvericilik baxımından da bu addım əsaslandırılıb: “Təhsil haqqında” Qanunun 14-cü maddəsində göstərilir ki, dövlət təhsil sistemində innovasiya və elmi nailiyyətlərin tətbiqini təmin etməlidir. Bu akademiyanın yaradılması məhz həmin müddəanın praktiki icrası kimi dəyərləndirilə bilər".
K.Əsədova görə, müsbət tərəflərin sırasında ilk növbədə ixtisaslı kadr hazırlığının sürətlənməsi dayanır:
 "Akademiya təkcə nəzəri dərslər deyil, həm də praktiki laboratoriyalar, startap inkubatorları və beynəlxalq əməkdaşlıqlar vasitəsilə tələbələrə real imkanlar açacaq. Bundan başqa, ölkədə dövlət qurumları, özəl sektor və universitetlər arasında əməkdaşlıq güclənəcək, süni intellekt sahəsində vahid koordinasiya mərkəzi formalaşacaq. Dünya təcrübəsinə baxdıqda, Sinqapurun “AI Singapore” təşəbbüsü və Çinin Milli Süni İntellekt İnstitutu analoji məqsədlərlə yaradılıb və hazırda həmin ölkələrin rəqabət üstünlüklərinə ciddi təsir göstərir. Azərbaycanın da bu addımı region miqyasında liderlik iddiasını gücləndirir. Mənfi tərəflər isə əsasən ilkin mərhələdə ortaya çıxır. Belə akademiyanın fəaliyyətinin effektivliyi yalnız maddi-texniki baza ilə deyil, həm də peşəkar kadrlarla ölçülür. Əgər xaricdə təhsil almış mütəxəssislərin cəlbi və davamlı elmi-tədqiqat mühiti təmin edilməzsə, akademiyanın fəaliyyəti formal xarakter ala bilər. Digər mənfi məqam süni intellekt sahəsində əmək bazarının adaptasiya çətinlikləridir. Çünki texnologiyaların tətbiqi bəzi ənənəvi ixtisasları sıradan çıxaracaq və bunun sosial təsirləri ola bilər".
Ekspertə görə, Azərbaycan üçün dəyişəcək əsas məqam süni intellekt sahəsində milli potensialın güclənməsi olacaq:
 "Bu Akademiyanın fəaliyyəti nəticəsində yalnız İT mütəxəssisləri deyil, həm də hüquq, tibb, aqrar və təhsil sahələri üzrə süni intellekt biliklərinə malik mütəxəssislər yetişəcək. Dəyişməli olan isə universitetlərin tədris proqramları ilə bu akademiyanın fəaliyyətinin inteqrasiyasıdır. Əgər ali məktəblərdə süni intellektlə bağlı fənlər genişləndirilərsə və Akademiya həmin prosesə metodik dəstək verərsə, nəticə daha dayanıqlı olar.
Bu təşəbbüs Elm və Təhsil Nazirliyinin müasir çağırışlara cavab verən qabaqcıl addımlarından biridir və xüsusi olaraq tərif olunmalıdır. Nazirliyin son illərdə təhsildə rəqəmsallaşma, STEAM mərkəzlərinin yaradılması və PISA kimi beynəlxalq qiymətləndirmələrə hazırlıq istiqamətində gördüyü işlərin məntiqi davamı olan bu akademiya ölkənin gələcək inkişafına strateji investisiya kimi dəyərləndirilməlidir. Nəticə etibarilə, Süni İntellekt Akademiyasının açılışı Azərbaycanın rəqəmsal gələcəyinə açılan qapı, təhsil və iqtisadi inkişaf üçün yeni mərhələ olacaq".