Azərbaycanda ilk: Kibertəhlükəsizlik laboratoriyası açıldı - EKSPERT RƏYİ

"Yəni bu laboratoriya sadəcə klassik dərs otağı deyil, kibertəhlükəsizlik üzrə real bir sınaq və təlim poliqonudur"

Azərbaycanda informasiya və kibertəhlükəsizlik sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə ixtisaslaşmış laboratoriyaların ali təhsil müəssisələrinin bazasında yaradılması dövlətin əsas prioritetlərindən biridir.

 İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanov bildirib ki, məqsəd gənc mütəxəssislərin praktiki bilik və bacarıqlarını artırmaqdır. 

A. Nərimanov qeyd edib ki, universitetlərə edilən müraciətlər zamanı ali məktəblərin artıq fiziki təhlükəsizlikdən daha çox intellektual təhlükəsizlik konsepsiyasına keçid etdikləri müşahidə olunub.

Onun sözlərinə görə, ölkədə rəqəmsal inkişaf, süni intellekt və rəqəmsal iqtisadiyyat strategiyalarının qəbul edilməsi Azərbaycanın transformasiya mərhələsinə daxil olduğunu göstərir: "İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik artıq sadəcə texniki məsələ deyil, iqtisadi və sosial dəyər yaradan əsas komponentə çevrilib. Bu dəyər həm dövlət, həm biznes, həm də cəmiyyət üçün vacibdir. Bu sahədə əsas amil insan kapitalıdır və laboratoriyalar məhz tələbələrin bilik və bacarıqlarının inkişafına xidmət edəcək".

Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz "Sherg.az"a bildirib ki, son zamanlar rəqəmsal sübutların hüquqi dövriyyəyə daxil edilməsi istiqamətində aparılan təşəbbüslər kibertəhlükəsizliyin artıq təkcə texniki yanaşma deyil, həm də hüquqi müstəvidə möhkəmləndirildiyini göstərir: 

"Bu məqsədlə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin ( XRİTDX) tədqiqatlara və universitetlərlə əməkdaşlığa üstünlük verməsi də diqqətçəkəndir. Bu günlərdə XRİTDX növbəti unikal addım ataraq Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq çərçivəsində “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını yaradıb.

Belə bir laboratoriyaya ehtiyacın olması, ölkədə bu tip strukturun formalaşdırılmasının zəruriliyi ətrafında əvvəllər də xeyli müzakirələr olmuşdu". 

 Laboratoriyaların fəaliyyət istiqamətinə toxunan O. Gündüz qeyd edib ki, kritik sektorda istifadə olunacaq yeni bir proqram əvvəlcə bu laboratoriyada kiberhücum ssenariləri ilə sınaqdan keçiriləcək:

"Haradan sızma mümkündür, hansı zəifliklər var – bunlar real şəraitdə aşkarlanacaq və yalnız aradan qaldırıldıqdan sonra sistem istifadəyə veriləcək. Şəbəkədə kiberinsident baş verdikdə bu vəziyyət laboratoriyada təlim ssenarisi kimi modelləşdiriləcək. Hücumun texniki izlərinin necə tapılması, necə sənədləşdirilməsi və rəqəmsal sübut kimi qorunması praktik şəkildə öyrədiləcək və s.

Yəni bu laboratoriya sadəcə klassik dərs otağı deyil, kibertəhlükəsizlik üzrə real bir sınaq və təlim poliqonudur.

Bu laboratoriyalar eyni zamanda rəqəmsal sübutlarla bağlı hüquqi mühitin inkişafına xidmət edir. Proqramlarda, sistemlərdə və şəbəkələrdə qalan texniki izlərin düzgün toplanması, saxlanması və məhkəmədə etibarlı sübut kimi təqdim olunması üçün real praktik baza formalaşır.

Nəticədə, sektorda səlahiyyətli dövlət qurumlarının bu modeli kibertəhlükəsizliyi yalnız texniki məsələ kimi deyil, milli təhlükəsizlik, hüquqi etibarlılıq və kadr hazırlığı məsələsi kimi birləşdirir. Universitetlər isə tədricən bu ekosistemin passiv müşahidəçisi yox, aktiv iştirakçısına çevrilir. Tədqiqatlar üçün daha münbit şərait yaradılır". 

Ekspert sonda XRİTDX-nin bu istiqamətdə atdığı addımların təqdirəlayiq olduğunu vurğulayıb.