Dünyanın ilk uçan avtomobili satışa çıxarılır - QİYMƏTİ 1 MİLYON DOLLAR

Slovakiya mərkəzli “Klein Vision” şirkəti, dünyanın seriyalı istehsala çıxacaq ilk uçan avtomobili olan AirCarın 2026-cı ilin ilk rübündə satışa təqdim olunacağını açıqlayıb. İki nəfərlik və idman avtomobili görünüşünə sahib olan bu vasitə həm yerdə, həm də havada hərəkət edə bilir.
Sherg.az xəbər verir ki, dörd təkəri və iki qatlanan qanadı olan AirCar, uçuş zolağında sürət yığdıqdan sonra havaya qalxa bilir. Təxminən iki dəqiqə ərzində qanadlarını aça bilən bu vasitə, təyinat nöqtəsinə çatdıqdan sonra qanadlarını bükərək yer rejiminə keçir.
Klein Vision, AirCar-ın üç fərqli mühərrik seçimi ilə təklif ediləcəyini bildirib: 280, 320 və 340 at gücündə mühərriklərdən birini seçmək mümkün olacaq.
Avtomobilin başlanğıc qiyməti 800 min dollar olacaq, lakin təchizat səviyyəsinə görə bu rəqəm 1 milyon dollara qədər yüksələ bilər.
AirCar adi yanacaqla işləyir və təxminən 5.500 metr hündürlüyə qalxa bilir. Təxminən 300 metrlik uçuş zolağında saatda 200 kilometr sürətə çatır; kruiz rejimində isə saatda 250 kilometr sürətlə hərəkət edir.
Vasitə indiyədək 500-dən çox uğurlu qalxma və eniş həyata keçirib, ümumilikdə 170 saatdan artıq sınaq uçuşu yerinə yetirilib. Şirkətin açıqlamasına görə, AirCar-ın son versiyası üzərində işlər davam edir və AirCar 2 adlı yeni prototipin ilk uçuşu 2025-ci ilin sentyabrında planlaşdırılır.
Klein Vision-un təsisçi ortaqı Anton Zajac bildirib ki, gələcəkdə bu vasitənin elektriklə işləyən versiyası da istehsal olunacaq. Bunun üçün batareya texnologiyasında irəliləyişlər gözlənilir.
AirCar, Slovakiyada 2022-ci ildə “Uçuşa Yararlılıq Sertifikatı” alıb və bu, vasitənin kommersiya məqsədli sərnişin daşımalarına da hüquqi olaraq icazəli olmasına imkan yaradıb.
Digər tərəfdən, Birləşmiş Krallıq hökuməti uçan taksilərin reallaşdırılması məqsədilə Mülki Aviasiya İdarəsinə 20 milyon funt sterlinq məbləğində maliyyə dəstəyi ayırıb. 2026-cı ilə qədər ilk pilotlu uçan taksinin Britaniya səmasında olması gözlənilir.
Morgan Stanley-in proqnozlarına görə, qlobal uçan avtomobil bazarının 2040-cı ildə 1 trilyon dollara, 2050-ci ilə qədər isə 9 trilyon dollara çatacağı ehtimal olunur.