Elon Maskdan 2036-cı il proqnozu: Pul əvvəlki qədər vacib olmayacaq

Texnologiya dünyasının ən çox müzakirə olunan simalarından biri olan İlon Mask bu dəfə 2036-cı illə bağlı səsləndirdiyi proqnozlarla gündəmə gəlib. O, süni intellekt və robot texnologiyalarının sürətli inkişafı nəticəsində mövcud iqtisadi sistemin köklü şəkildə dəyişəcəyini iddia edib.

Sherg.az xəbər verir ki, "The Economist" jurnalına müsahibə verən Tesla və SpaceX şirkətlərinin baş direktoru bildirib ki, texnologiyadakı sürətli irəliləyiş təkcə əmək bazarını deyil, bugünkü iqtisadi nizamı da tamamilə dəyişdirir.

"Mövcud sistem tamamilə dəyişəcək"

Maskın sözlərinə görə, süni intellekt və robot texnologiyaları elə sürətlə inkişaf edir ki, yaxın on il ərzində insanların öyrəşdiyi iqtisadi model kökündən dəyişəcək.

Milyarder iş adamı hesab edir ki, 2036-cı ilə qədər pul bugünkü əhəmiyyətini böyük ölçüdə itirəcək. Onun fikrincə, bunun əsas səbəbi süni intellektin yaratdığı misilsiz istehsal gücü olacaq.

"2036-cı ildə pul əvvəlki qədər vacib olmayacaq."

"Əgər hər şeyi robotlar istehsal edəcəksə, pula niyə ehtiyac olsun?"

Mask bildirib ki, gələcəkdə robotlar və süni intellekt sistemləri insanların istehlak edə biləcəyindən qat-qat çox mal və xidmət istehsal edəcək.

Bu halda mövcud iqtisadi qaydaların öz aktuallığını itirəcəyini vurğulayan Mask deyib:

"Əgər robotlar və süni intellekt insanların istehlak edə biləcəyindən daha çox mal və xidmət istehsal edirsə, onda pula niyə ehtiyac duyaq?"

Onun fikrincə, texnologiyanın inkişafı yalnız əmək bazarını deyil, pul anlayışının özünü də dəyişdirəcək.

İnsanlar necə dolanacaq?

Müsahibədə Maska süni intellekt milyonlarla iş yerini əvəz edəcəyi halda insanların necə yaşayacağı da soruşulub.

O, buna cavab olaraq "universal yüksək gəlir" modelini irəli sürüb.

Mask hesab edir ki, gələcəkdə insanlar bugünkü kimi tam ştat işləməyə məcbur qalmayacaq, yüksək istehsal imkanları isə tamamilə fərqli iqtisadi model formalaşdıracaq.

Çinə dair xəbərdarlıq

Mask süni intellekt sahəsində Çinin sürətlə irəlilədiyini də vurğulayıb.

Onun sözlərinə görə, Çin texnologiya şirkətləri mövcud hesablama gücü ilə artıq mühüm nailiyyətlər əldə ediblər. Bu potensial daha da artarsa, Çin süni intellekt sahəsində qlobal liderliyə namizəd ola bilər.

Siyasətlə bağlı etiraf

Mask müsahibəsində siyasətdəki fəaliyyəti barədə də danışıb.

O, 2024-cü il ABŞ prezident seçkiləri dövrünə toxunaraq bildirib:

"Siyasətə bir qədər həddindən artıq qarışdım, özümü ona çox qapdırdım."

Mask xatırladıb ki, Donald Trampın yenidən prezident seçilməsindən sonra yaradılan Hökumətin Səmərəliliyi Departamentində (DOGE) yüksək səviyyəli müşavir kimi fəaliyyət göstərib. Onun sözlərinə görə, qurumun əsas məqsədi dövlət vəsaitlərindən daha səmərəli istifadəni təmin etmək idi.

Mask bu fəaliyyətinə görə ciddi tənqidlərə məruz qaldığını etiraf etsə də, dövlət xərclərində israfçılığın və korrupsiya hallarının qarşısını almağa çalışdıqlarını bildirib.