Gələcəyin savaşı insan zehni üzərində gedəcək - Cengiz Çalıkoğlunun ŞƏRHİ

Məktəbləri, ailələri, cəmiyyətləri AI dəyişəcək

"Qarşıdakı illərdə AI yarışında əsas sual yalnız “ən güclü modeli kim hazırladı?” olmayacaq. Əsas sual bu olacaq: “İnsanlığı qoruyaraq ən təhlükəsiz, ən etik və ən balanslı rəqəmsal gələcəyi kim qura bildi?” 

Rəqəmsal dövr yalnız texnologiyanı deyil, insanların psixoloji dəstək axtarışını da dəyişdirir. Bir vaxtlar insanlar emosional problemlərini ailə üzvləri və ya psixoloqlarla bölüşürdüsə, bu gün milyonlarla insan dərdini ChatGPT kimi süni intellekt sistemlərinə danışır. Bu isə çatbotların artıq sadəcə texnoloji vasitə deyil, sosial və psixoloji təsir gücünə malik platformalara çevrildiyini göstərir. Məhz buna görə süni intellektin ruh sağlamlığına təsiri ətrafında müzakirələr sürətlə artır. OpenAI tərəfindən təqdim olunan yeni “Trusted Contact” (“Etibarlı Şəxs”) sistemi də bu müzakirələrin mərkəzinə çevrilib. Şirkətin hazırladığı yeni təhlükəsizlik funksiyası istifadəçilərin psixoloji risk vəziyyətlərində yaxın əlaqə saxladıqları şəxslərin prosesə daxil edilməsini nəzərdə tutur.

Çatbotlar artıq sadəcə proqram təminatı deyil, sosial və psixoloji aktorlardır

Texnologiya strategiyaları, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal transformasiya üzrə lider Cengiz Çalıkoğlu Sherg.az-a bildirib ki, dünya miqyasında etik, təhlükəsizlik, psixologiya və dövlət siyasəti müzakirələrini yenidən alovlandıran xəbər əslində təkcə texnologiya yenilənməsini deyil, bəşəriyyətin yeni bir sosioloji mərhələyə daxil olmasını simvolizə edir:

“OpenAI tərəfindən hazırlanmış ChatGPT platformasında gündəmə gələn “Etibarlı Şəxs” sistemi ilk baxışda istifadəçi təhlükəsizliyini artırmağa yönəlmiş texniki funksiya kimi görünsə də, əslində daha dərin və strateji sualları gündəmə gətirir:

- Süni intellekt insan psixologiyasını nə qədər anlaya bilər?

- Bir AI sistemi insanın intihar riski daşıyıb-daşımadığını müəyyən edə bilərmi?

- Rəqəmsal sistemlərin insan həyatına müdaxilə sərhədi harada başlayır?

- Məxfilik və təhlükəsizlik arasında balans necə qorunmalıdır?

- Dövlətlər və cəmiyyətlər bu transformasiyaya hazırdırmı?

- Süni intellekt gələcəkdə psixoloq və terapevtlərin rolunu qismən əvəz edə bilərmi?

- İnsanlıq emosional bağ qurulan AI dövrünün risklərini həqiqətən hesablaya bilibmi?

Bu gün dünya artıq yalnız rəqəmsal transformasiyanı deyil, insan psixologiyasının rəqəmsallaşmasını müzakirə edir. Son illərdə milyonlarla insan tənhalıq, stress, iqtisadi təzyiq, müharibələr, miqrasiya böhranları və sosial media təsirləri səbəbindən rəqəmsal platformalara yönəlməyə başlayıb. Əvvəllər insanlar problemlərini ailə üzvlərinə, dostlarına və ya psixoloqlara danışırdısa, bu gün böyük bir kütlə emosiyalarını süni intellekt sistemləri ilə paylaşır. Texnologiya dünyasında bu proses artıq “AI Emotional Dependency” -“Süni İntellektə Emosional Asılılıq” anlayışı ilə xarakterizə olunur. Çünki ChatGPT kimi sistemlər mühakimə etmir, alçaltmır, qışqırmır, daim əlçatandır, istifadəçini dinləyirmiş hissi yaradır, fasiləsiz cavab verir. Bu isə insan psixologiyası baxımından olduqca güclü təsir mexanizmi formalaşdırır. Xüsusilə tək yaşayan şəxslər, travma keçirmiş insanlar, depressiya yaşayan gənclər, sosial izolasiya şəraitində olan şəxslər, müharibə və iqtisadi böhran bölgələrində yaşayan cəmiyyətlər, AI sistemləri ilə daha sürətli emosional bağ qura bilir.

Çalıkoğlu qeyd edib ki, bu gün dünyanın bir çox universitet və texnologiya laboratoriyalarında aşağıdakı sual ciddi şəkildə araşdırılır:

“İnsan beyni davamlı ünsiyyətdə olduğu süni intellekti zamanla real sosial varlıq kimi qəbul etməyə başlayırmı? Davranış psixologiyası və neyrobiologiya sahəsində çalışan bir sıra mütəxəssislər cavabın böyük ölçüdə “bəli” olduğunu düşünür. “Etibarlı Şəxs” sistemi texniki baxımdan sadəcə yeni təhlükəsizlik funksiyası deyil. Bu addım AI şirkətlərinin artıq mühüm bir reallığı qəbul etdiyini göstərir: “Süni intellekt sistemləri insanların ruh sağlamlığına birbaşa təsir göstərə biləcək səviyyəyə çatıb”. Bu, texnologiya tarixində kritik dönüş nöqtəsidir. Çünki illərlə texnologiya şirkətləri özlərini proqram təminatı istehsalçısı, platforma təminatçısı, texnologiya vasitəçisi, alqoritm inkişaf etdiricisi kimi təqdim edirdi. Lakin bu gün AI platformaları artıq psixoloji dəstək sahəsi, sosial qarşılıqlı əlaqə mərkəzi, rəqəmsal məsləhətçi, qərar dəstəyi mexanizmi, bəzi insanlar üçün emosional sığınacaq rolunu oynamağa başlayıb. Bu səbəbdən artıq yalnız proqram təhlükəsizliyi deyil, həm də psixoloji təhlükəsizlik, ictimai təhlükəsizlik, etik məsuliyyət, rəqəmsal insan hüquqları, alqoritmik nəzarət mövzuları gündəmdədir. Digər tərəfdən ChatGPT kimi böyük dil modelləri insan kimi hiss etmir. Lakin insan dilindəki depressiv ifadələri, intihar meylini, travmatik anlatımları, böhran siqnallarını, emosional dəyişiklikləri yüksək dəqiqliklə analiz edə bilir. Məsələn: “Artıq yaşamaq istəmirəm”, “Həyatın mənası qalmayıb”, “Məni heç kim anlamır” kimi ifadələr AI sistemlərində yüksək risk siqnalı kimi qiymətləndirilə bilir. Ancaq əsas risk də məhz burada başlayır. Çünki insan psixologiyası yalnız söz analizi deyil. İnsanın davranış modeli ailə strukturu, sosial çevrə, travma keçmişi, iqtisadi vəziyyət, bioloji faktorlar, nevroloji vəziyyət, dərman istifadəsi, mədəniyyət kimi yüzlərlə dəyişəndən təsirlənir. Bu səbəbdən AI bir şəxsin həqiqətən intihar riski daşıyıb-daşımadığını tam dəqiqliklə müəyyən edə bilməz. Məhz buna görə OpenAI insan nəzarətli “hibrid təhlükəsizlik modeli” yanaşmasına üstünlük verir. Çünki tam avtomatik qərar verən sistemlər yanlış siqnallar, məxfilik pozuntuları, istifadəçi etibarının itməsi, hüquqi böhranlar,psixoloji travmalar yarada bilər”.

Yeni dövrün ən böyük savaşı: İnsan zehni üzərində mübarizə

Ekspertin sözlərinə görə, qarşıdakı illərdə müharibələr yalnız tank və raketlərlə aparılmayacaq:

“Ən böyük mübarizə insan qavrayışı, psixoloji yönləndirmə, rəqəmsal manipulyasiya, davranış mühəndisliyi, informasiya əməliyyatları, alqoritmik təsir üzərindən gedəcək. Bu gün sosial medianın cəmiyyət psixologiyasına təsiri artıq məlumdur. Süni intellekt sistemləri isə bunun daha inkişaf etmiş mərhələsini təmsil edir. Çünki artıq sistemlər istifadəçini analiz edir, davranış nümunələrini oxuyur, emosional reaksiyaları müəyyən edir, psixoloji profil formalaşdıra bilir. Bu səbəbdən gələcəyin ən strateji sahələrindən biri “AI Security” - Süni İntellekt Təhlükəsizliyi olacaq. Bu anlayış isə yalnız kibertəhlükəsizlik demək deyil. Eyni zamanda milli təhlükəsizlik, ictimai sabitlik, rəqəmsal suverenlik, psixoloji dayanıqlılıq, draki təhlükəsizlik mövzularını da əhatə edir. Açıq demək lazımdır ki, dünyanın bir çox dövləti bu prosesə tam hazır deyil. Çünki süni intellekt artıq yalnız texnologiya sahəsinin mövzusu deyil. Bu məsələ səhiyyə, təhsil, hüquq, psixologiya, milli təhlükəsizlik, media, kəşfiyyat, iqtisadiyyat, ailə siyasəti kimi sahələrin hamısına təsir göstərir.

Gələcəkdə aşağıdakı suallar daha ciddi şəkildə müzakirə olunacaq:

-AI intihar riski olan şəxsi dövlət qurumlarına bildirməlidirmi?

- Alqoritm insan həyatına müdaxilə qərarı verə bilərmi?

- Yanlış qərara görə məsuliyyət kim daşıyacaq?

- Bu sistemlər sui-istifadəyə açıqdırmı?

- İnsanların psixoloji məlumatları hansı ölkədə saxlanılır?

- Bu məlumatlar gələcəkdə geosiyasi güc alətinə çevrilə bilərmi?

Bu gün məlumat neft qədər strateji hesab olunur. Gələcəkdə isə insan psixologiyası məlumatı daha böyük güc mənbəyinə çevrilə bilər”.

Süni intellekt və gənclər: Səssiz təhlükə

Mütəxəssis əlvə edib ki, ən kritik risk sahələrindən biri gənc nəsildir:

“Xüsusilə Z və Alpha nəsli artıq tam rəqəmsal mühitdə formalaşır. Bir çox gənc real sosial münasibətlər əvəzinə rəqəmsal ünsiyyət qurur, ekran qarşısında daha çox vaxt keçirir, psixoloji problemlərini internetdə paylaşır, alqoritmlərlə formalaşan informasiya mühitində yaşayır. Mütəxəssislər xüsusilə aşağıdakı risklərə diqqət çəkir:

- emosional asılılıq,

- sosial izolasiya,

- reallıq qavrayışının dəyişməsi,

- rəqəmsal manipulyasiyaya açıqlıq,

- insan münasibətlərinin zəifləməsi,

- kimlik inkişafında problemlər.

Əgər bu proses düzgün idarə olunmasa, gələcəkdə ciddi ictimai psixologiya böhranı yarana bilər. Digər bir sual “Süni intellekt psixoloqları əvəz edəcək?”dir. Qısa cavab: Xeyr. Lakin AI sistemləri ilkin qiymətləndirmə, erkən xəbərdarlıq, psixoloji yönləndirmə, böhran aşkarlanması, duyğu analizi kimi sahələrdə güclü yardımçı vasitəyə çevrilə bilər. Xüsusilə psixoloq çatışmazlığı olan cəmiyyətlərdə bu texnologiyalar əlçatanlığı artıracaq. Lakin insan psixologiyası yalnız məlumatdan ibarət deyil. Empati, insani bağ, intuisiya, travma idarəçiliyi hələ də insan mütəxəssislərin əsas üstünlüyü olaraq qalır. Bu səbəbdən gələcəyin modeli böyük ehtimalla “İnsan + Süni İntellekt Hibrid Psixoloji Dəstək Sistemi” olacaq. Həmçinin süni intellekt şirkətləri artıq qlobal güc mərkəzlərinə çevrilir. Bu gün bir çox texnologiya şirkəti bəzi dövlətlərdən daha çox məlumat resursuna sahibdir. Xüsusilə OpenAI, Google, Microsoft, Meta, Amazon, Anthropic, xAInkimi şirkətlər artıq yalnız texnologiya istehsal etmir. Onlar həm də qlobal informasiya axınını, rəqəmsal davranışları, ünsiyyət mədəniyyətini, məzmun istehsalını, insanların düşünmə formasını təsirləndirə bilir. Bu isə AI şirkətlərinin etik məsuliyyətini tarixdə görünməmiş səviyyəyə çatdırır”.

Nəticə: Bəşəriyyət yeni texnoloji dövrə daxil olur

Cengiz Çalıkoğlu həmçinin deyib ki, "Şərq"in gündəmə gətirdiyi məsələ sadəcə yeni bir funksiya xəbəri deyil. Bu, bəşəriyyət tarixində yeni mərhələnin simvollarından biridir:

“Çünki artıq maşınlar insanlarla danışır, emosiyaları analiz edir, psixoloji riskləri müəyyən etməyə çalışır, insan qərarvermə proseslərinə təsir göstərə bilir. Bu səbəbdən məsələ yalnız texnologiya məsələsi deyil. Bu eyni zamanda etik, təhlükəsizlik, psixoloji, dövlət siyasəti və sivilizasiya məsələsidir. Qarşıdakı illərdə AI yarışında əsas sual yalnız “ən güclü modeli kim hazırladı?” olmayacaq. Əsas sual bu olacaq: “İnsanlığı qoruyaraq ən təhlükəsiz, ən etik və ən balanslı rəqəmsal gələcəyi kim qura bildi?””.