“Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsinə start verildi

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi mayın 1-dən etibarən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” adlı layihəyə start verir.

QHT.az bildirir ki, bu barədə belediyye.info portalına birliyin sədri Vüqar Cəfərov məlumat verib.

Birliyin sədrinin sözlərinə görə, ölkənin 9 rayonunu əhatə edən layihənin əsas məqsədi rayon ərazilərində yerləşən maddi-mədəni irs abidələrinin öyrənilməsi, qorunması və təbliği sahəsində bələdiyyələrin fəaliyyətinin daha səmərəli təşkilinə nail olmaqdır.

Bununla yanaşı, layihə çərçivəsində yerli özünüidarəetmə orqanlarına dəstək göstərilməsi, bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi və idarəetmə keyfiyyətinin artırılması da əsas hədəflərdəndir.

Layihə çərçivəsində Masallı, Yardımlı, Cəlilabad, Siyəzən, Şabran, Quba, Xaçmaz, İsmayıllı və Oğuz rayon bələdiyyələrində görüşlərin keçirilməsi nəzərdə tutulur. Görüşlər zamanı inkişaf etmiş ölkələrin maddi-mədəni irsin qorunması və təbliği sahəsində təcrübələri barədə məlumat veriləcək.

Tədbirlərdə yeni aşkarlanan tarixi-mədəni abidələrin qeydiyyata alınması, mövcud abidələrin bərpası, mühafizəsi və qorunması istiqamətində görüləcək işlər müzakirə olunacaq. Eyni zamanda məlumat lövhəsi olmayan abidələrin siyahıya alınması və həmin lövhələrin quraşdırılması istiqamətində addımların atılması nəzərdə tutulur.

Layihə çərçivəsində tarixi-mədəni abidələrin əhali və turistlər arasında daha geniş təbliği, eləcə də gələcəkdə keçiriləcək tədbir və festivalların müasir informasiya texnologiyalarından istifadə edilməklə təşkili üçün zəmin yaradılması planlaşdırılır.

Bundan əlavə, layihənin icrası tarixi-mədəni abidələrin turizm məqsədilə istifadəsi zamanı bələdiyyələrin həyata keçirəcəyi fəaliyyətə dəstək olacaq.

4 ay davam edəcək layihə ilə bağlı məlumatlar media orqanlarında, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin internet resursu olan Belediyye.info portalında, YouTube kanalında və digər media platformalarında paylaşılacaq.

Birlik üzvləri hesab edirlər ki, layihə bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliği sahəsində rolunun gücləndirilməsinə mühüm töhfə verəcək.

Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi 2009-cu ilin dekabr ayında təsis olunub və 2010-cu ilin fevralında rəsmi dövlət qeydiyyatına alınıb. Birlik 2011-ci ildən etibarən aktiv fəaliyyət göstərərək bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş layihələrin icrası ilə məşğuldur.