“Quba-Xaçmaz regionunda ictimai iştirakçılığın təşviqi” layihəsinin icrasına başlanılıb

Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyi 01.05.2026-cı il tarixindən “Quba-Xaçmaz regionunda ictimai iştirakçılığın təşviqi” layihəsinin icrasına başlamışdır.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi insan alveri cinayətləri, məişət zorakılığı, erkən nikahlar və uşaq əməyinin istismarı kimi hallara qarşı ictimai maarifləndirmənin gücləndirilməsi, bu istiqamətdə dövlət tərəfindən yaradılmış qanunvericilik bazası və görülən tədbirlər barədə vətəndaşların məlumatlandırılmasıdır. Bununla yanaşı, həyatlarını təhlükəyə atan və ya riskli davranışlara meyilli şəxslərin maarifləndirilməsi və belə halların qarşısının alınması hədəflənir.

Layihə çərçivəsində Qusar, Xaçmaz və Şabran rayonlarında sosial cəhətdən həssas qruplar arasında maarifləndirmə işləri aparılacaq, onların dövlət tərəfindən təqdim olunan sosial xidmətlərə çıxış imkanları yaxşılaşdırılacaq və insan alveri, eləcə də digər risklərdən qorunması istiqamətində tədbirlər həyata keçiriləcəkdir.

Layihə 3 ay müddətində icra olunacaq və təxminən 3000 nəfəri əhatə edəcəkdir.