Rəqəmsal manipulyasiya dövrü bitir - ŞƏRH

Deepfake və saxta kontentə qarşı sərt hüquqi çərçivə hazırlandı

Müşfiq Ələsgərli: “Süni intellektlə bağlı yeni qanunvericilik media üçün dönüş nöqtəsidir”

Elə bir vasitə düşünün ki, həm insanın işini yüngülləşdirir, həm də həyatını təhdid altına salır. Söhbət süni intellektdən gedir. Texnalogiya nə qədər inkişaf etmiş olsa da, xuliqanların əlində acizdir. Dəfələrlə sosial mediada və mətbuatda insanların səsi və videogörüntülərinin saxta formada hazırlanaraq şantaj elementinə çevrildiyinə şahidi olmuşuq.

Hətta ölkənin bir sıra ali təhsil müəssisələrinin tələbələrinin fotoları montaj edilərək, yayılması ilə hədələnir və bunun müqabilində pul tələb olunur. Problemin ciddiliyi hökümətin də diqqət mərkəzinə çevrilib. Ötən gün Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlara edilən dəyişiklikləri imzalayıb. Yeni qəbul olunan qaydalara əsasən, kiminsə razılığı olmadan onun üzünü, səsini dəyişdirib saxta material hazırlamaq və bunu mediada yaymaq qadağan edilib. Belə hallara görə cərimə və ya azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Mövzu ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli Sherg.az-a bildirib ki, bu dəyişikliklər Azərbaycanda süni intellekt texnologiyalarından istifadənin hüquqi müstəvidə tənzimlənməsi istiqamətində atılmış ən mühüm addımlardan biridir:

“Qanunla tənzimlənən yeni qaydalar media sektoru və rəqəmsal platformalarda fəaliyyət göstərənlər üçün süni intellektdən istifadənin hüquqi sərhədlərini aydın şəkildə müəyyən edən normativ çərçivə yaradır. Nəzərə almaq lazımdır ki, son illərdə “deepfake” texnologiyalarından istifadə etməklə, insanların səsi və görüntüsünün saxtalaşdırılması, onların adından manipulyativ materialların hazırlanması təkcə Azərbaycanda deyil, qlobal miqyasda da ciddi problemə çevrilib. Bu baxımdan yanaşsaq, qanunvericiliyə edilən son dəyişikliklər bir tərəfdən vətəndaşların şəxsi həyatının, şərəf və ləyaqətinin qorunmasını gücləndirir, digər tərəfdən isə süni intellektdən cinayət xarakterli istifadəyə qarşı önləyici tədbirlər formalaşdırır”. 

Ekspertin sözlərinə görə yeni qaydalar auditoriyanın manipulyasiyaya məruz qalmasının qarşısını alacaq:

“Xüsusilə pornoqrafik və ya böhtan xarakterli saxta audio-vizual materiallara görə ağır cəzaların müəyyənləşdirilməsi təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir. Əlavə olaraq, süni intellekt vasitəsilə hazırlanmış materialların xüsusi nişanlanma ilə təqdim olunması tələbi, media və sosial şəbəkədə şəffaflığın artırılmasına xidmət edir. Bu yanaşma informasiya məkanında etimadın qorunmasını təmin edəcək”.