Abbas Abdulla ilə daha bir şair azaldıq

Elbəyi CƏLALOĞLU


Çağdaşı olduğum alim, mütəfəkkir, şair, yazıçı dostlarımız dünyamızı tərk edəndə qəribə hisslər keçirirəm. Vaqif Səmədoğlu, Zəlimxan Yaqub, İlyas Tapdıq, Məmməd Dəmirçioğlu, Oqtay Rza və s. kimi əzizlərimiz ağ köynəyinin üstünə geydiyi qara xirqəsini soyunanda “daha bir şair azaldıq” deyə düşünmüşəm. Buradakı “şair” sözü beynimdə tədricən obrazlaşdı, yəni alim də, yazıçı da, şair də, rəssam da, digər böyük elm və sənət adamları da düşüncəmdə yaratdığı bir təsnifat əsasında ümumiləşərək hər biri müqəddəs şairə çevrildilər.

Cavad Heyət, Lütfi-Zadə kimi mütəfəkkirlərimiz də göy qanadlarını açanda yenə “daha bir şair azaldıq” söylədim. İndi isə sıra Abbas Abdullaya çatdı. Hamının yaxşı tanıdığı, sevdiyi, şair, publisist, tərcüməçi, ictimai-siyasi xadim, türkçü, dövlətçilik ənənələrimizə sadiq, haqq-ədalət carçısı, “Borçalı” Cəmiyyətinin qurucusu və sona qədər fəalı olmuş, bütövlük, birlik əqidəsinin daşıyıcısı, ruhunu hər zaman önə vermiş Abbas bəy də 79 yaşında qara xirqəsini tulladı. Əyninə geydiyi təzə yağmış qar kimi dümağ köynəyindən sanki göy işıqlar saça-saça Allahda yox olmağa yürüdü. Qəlbi o qədər saf idi ki, orada Allahın təcəlla etdiyinə şübhə etmirəm, o da Haqqa qovuşuduğunda Həllac Mənsur kimi “Haqq məndədi” deməyə layiq olan pak bir ömür yaşadı.

Abbas Abdullanın adını eşidəndə bəlkə də 10-12 yaşım olardı. Aşıqların ifasında tez-tez dinlədiyim “Dağlara-dağlara” şeirindən tanımışdım onu. Amma heç bilməzdim ki, illər sonrası onunla yaxın dost olacağım Lövhi-məhfuzda taleyimə yazılıb. Bu dostluğumuz XXI əsrin lap əvvəlindən başladı. Demək olar ki, hər gün zəngləşirdik, tez-tez görüşürdük. 2010-cu il noyabrın 29-da AYB-in “Natəvan” klubunda eyni vaxtda keçirilən “Mehralı bəy” əsərimin müzakirəsi və “Göy ərləri” elmi kitabımın təqdimatında Abbas bəy geniş, əhatəli çıxış etdi. Hər iki əsərim barədə düşüncələrini bölüşdü, onları oxuyub bəyəndiyini dedi və məni çox tərif etdi. Tədbir sonrası şair dostum Nizami Saraçlı, – Abbas bəyin kimisə tərif etdiyinin ilk dəfədir ki, şahidi oluram, – dedi. Sonralar Abbas bəy mənə bir şeir də həsr etdi. Bu dəfə isə folklorşünas alim dostum Elxan Məmmədli mənə, – Abbas Abdullanın şeir həsr etdiyi tək-tük xoşbəxt adamlardansan, – dedi.

Abbas bəy ona həsr etdiyim şeiri də çox bəyənmişdi. “Haqq məndədi” şeirlər kitabımı kimin əlində görsə, dərhal əlindən alıb yadında dəqiq saxladığı 141-ci səhifəsini açıb göstərərdi. Abbas Abdullanın 70 illik yubileyi münasibətilə çap olunmuş “Seçilmiş əsərləri” kitabı barədə düşüncələrim “Kaspi” qəzetində “Qəlbi Vətən boyda olan şair” başlığı ilə dərc olunmuşdu. Bəzən Abbas bəy məni tərif edəndə deyirdim ki, Ustad, sənin qəlbin Vətən boydadır. Gülüb, – həə, o məqaləni çox yaxşı yazmısan, şeirlərimə bildirdiyin münasibət çox gözəliydi, – deyirdi. Sonralar qismət elə gətirdi ki, Abbas Abdullanın bir kitabının da redaktoru oldum.

Sentyabrın 5-də Abbas bəyin ruhu Haqqa, cismi Vətən torpağına qovuşdu. Məni gecə saat 2-nin yarısında bacısı oğlu Rizvan məlumatlandırmışdı. Dərhal sosial şəbəkədə üzüntülü hisslərimi bölüşüb, eyni zamanda ictimaiyyəti hadisədən xəbərdar etsəm də, sanki mənim üçün o gecənin yuxusu gözünü Abbas bəylə birgə yummuşdu. Hisslərimi şeirlə ifadə etməyim deyəsən, cüzi də olsa təsəlli almağıma səbəb oldu. Barəsində sosial şəbəkələrdə saysız-hesabsız təəssüf hissiylə dolu statuslar yazıldı. İlk xatirə yazısını isə yazan Millət vəkili, yazıçı Aqil Abbas oldu. Aqil bəyin “Ədalət” qəzetinin 6 sentyabr 2019-cu il nömrəsində çıxan “Türk dünyasının böyük kişilərindən biri öldü” adlı həmin məqaləsini maraqla oxudum. Məqalədə ən çox diqqətimi çəkən detallardan biri bu oldu: “Abbas əmi deyirdi ki, əslinə qalsa onların familiyası Hacıbəyovdu və Üzeyir bəylə eyni nəsildəndirlər. Sadəcə olaraq, Sovet hökuməti gələndə “bəyli”ni atıblar, qalıb “Hacı”, gürcülər də “Hacı” sözünü öz dillərinə uyğunlaşdırıb “Acal” yazıblar.

Bir dəfə İstanbulda konsulluqda dərdləşirdik. Dedi ki, tarixin ironyasına bax. İbrahim xanın İstanbulda Osmanlı sultanının yanındakı nümayəndəsi Seyid Əli olub ki, Qacar 1797-ci ildə Şuşada cəmi altı nəfərin ölümünə fərman verib, onun biri də Seyid Əli olub. Özü də deyib ki, seyid olduğuna görə qanını tökməyin, boğun öldürün. Həmin Seyid Əli də Yusif Vəzir Çəmənzəminlinin ulu babası idi. 1918-ci ildə Azərbaycan Cümhuriyyətu qurulanda Yusif Vəzir də İstanbula Azərbaycanın səfiri göndərildi. Onun da taleyini bilirsən. İndi taleyə bax, mən də o nəsildənəm, Azərbaycan müstəqilliyini qazanıb və məni, həmin nəslin nümayəndəsini İstanbula konsul göndəriblər. Görən, mənim taleyim necə olacaq?”

Etiraf edim ki, Abbas bəylə çox söhbətlərimiz olsa da, bu faktı ondan eşitməmişəm, bunu Aqil Abbasdan öyrəndim. Amma Y.V.Çəmənzəminlinin ulu babası olmuş, İbrahimxəlil xanın Osmanlı səfiri təyin etdiyi şəxsin adı mənbələrdə Mirzə Əliməmmədağa kimi gedir. Orada deyilir ki, 1797-ci ilin iyun ayında İran hökmdarı Ağaməhəmməd şah Qacar, Şuşanı zəbt etdiyi zaman İbrahimxəlil xan tərəfindən Türkiyə dövlətinə yenicə səfir təyin olunmuş Mirzə Əliməmmədağanı dustaq etdirib qətlə yetirir. Bununla da Mirzə Əliməmmədağaya səfir olmaq qismət olmur. Aqil

Abbasın yuxarıda adını çəkdiyimiz məqaləsində qələmə aldığı bu xatirə məni bir tarixi faktı deməyə sövq etdi. Tarixi mənbələrə görə (“Qarabağnamələr”, Ş.Məmmədli “Borçalı tarixi” və s.), Nadir şahın ölümündən sonra gürcü çarının sıxışdırması nəticəsində və gürcülər 1773-cü ildə rusların tabeliyinə keçdikdən sonra bunu qəbul etməyən borçalılıların bir qismi doğma yurdlarını tərk etmişlər. Bunlardan biri olaraq XVIII əsrin ikinci yarısında Dəmirçihasanlı ellərindən (Sınıq Körpüdən Tiflisə qədər Kür çayının sağ və sol sahillərində yaşayan əhali) böyük bir köçün bəzi Borçalı tayfaları (o cümlədən Cinni tayfası da) ilə birlikdə Qarabağ xanlığının Ağcabədi yaxınlığında yerləşdiklərini söyləmək olar. Onlar burada əslən Təklə-Qaradolaq obasından olan Adıgözəl bəy Dərvişqulu bəy oğlu ilə İmamqulu Təklinskinin idarəçiliyində Dəmirçihəsənli mahalını yaratmışlar. F.Valehoğlu “Dəmirçihasanlı və Baydar sultanları tarixi mənbələrdə” məqaləsində qeyd edir: “Dəmirçihəsənli mahalınının idarəçiliyində uzun müddət Təklə-Qaradolaq obasından olan Adıgözəl bəy Dərvişqulu bəy oğlu və Qarabağda Təklənski soyadı ilə tanınan qardaşı İmamqulu bəy durmuşlar. Törəmələri hazırda Adıgözəlov soyadını daşıyırlar. Tanınmış bəstəkarlar Zülfü və Vasif Adıgözəlovlar da bu nəslin nümayəndələridir”. Əhməd Bəy Cavanşir “Qarabağnamələr”də yer almış “Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair” adlı əsərində qeyd edir ki, Gürcüstandan və digər qonşu xanlıqlardan Pusyan, Qaraqarlı, Cinli, Dəmirçi Həsənli, Qızıl Hacılı, Səfi-kürd, Boy-Əhmədli, Saatlı, Kəngərli tayfaları və bir çox başqaları Qarabağa, Pənah xanın yanına köçüb gəldilər. Əhməd bəy Cavanşirin bu qeydlərinə söykənib nəzərə alsaq ki, Pənahəli xan 1759-cu ilin yayında rəhmətə gedib, onda Borçalıdan Qarabağa olan köçün bu tarixdən bir neçə il əvvəl baş vermiş olduğuna şübhə yeri qalmır. 1795-ci ildə Ağa Məhəmməd Şah Qacar Şuşanı mühasirə etmək ərəfəsində olarkən, bu təhlükəni əvvəlcədən hiss edən İbrahimxəlil Xan Borçalıdan buraya köçüb gəlmiş tayfaları və bəzi Qarabağ elatlarını, eləcə də məşhur Qarabağ atlarını yad əlinə keçməməsi üçün mehtərləri ilə birlikdə Borçalıya köçürmüşdür. Bu məsləylə bağlı Mirzə Camal Cavanşir Qarabağinin “Qarabağ tarixi” əsərində də qeydlər var. Müəllif yazır ki, Tiflis valisi İrakli xan, İrəvan hakimi Məhəmməd xan və Talış hakimi Mir Mustafa xan Ağa Məhəmməd şahın itaətini qəbul etməyəcəkləri və ... müttəfiq olacaqları haqqında İbrahim xanla and içmişdilər. Bu səbəblə İbrahim xan Qarabağ ellərinin bir parasını Tiflisə (oxu: Borçalıya), bir parasını isə Şirvan vilayətinə özü təyin etdiyi Mustafa xanın yanına göndərdi. Bu tarixi faktları yazmaqda məqsədim məskunlaşma məqsədilə Borçalıdan Qarabağa və oradan geriyə olan tarixi köçləri, həmçinin Sovet hakimiyyəti qurulana qədər Borçalıda mal-qara saxlayan bir sıra sahibkarların qışlaq yeri üçün məhz Qarabağı seçdiklərini diqqətə çatdırmaqdır. Bütün bu tarixi faktlar Borçalı əhalisi ilə Qarabağ əhalisinin çox yaxın qohum olduğuna əyani sübutdur. Qeyd edim ki, Borçalıdan bu cür tarixi köçlər və qayıdışlar yalnız Qarabağa deyil, Bütöv Azərbaycanın müxtəlif bölgələrinə Səfəvilər və Avşarlar zamanında, Rus hakimiyyəti dövründə dəfələrlə baş vermişdir. Bu mənada Aqil Abbasın xatirələrində Abbas Abdullanın dediklərinin həqiqət olduğuna gərək şübhə etməyək.

Abbas Abdulla həm də XX əsrin əvvəlində yaşamış böyük ictimai-siyasi xadim, şair, 1918-ci ildə Qars İslam Şurasının və sonradan qurulmuş Milli İslam Şurası Mərkəz-i Ümumiyyəsinin rəisi olmuş, daha sonra Borçalını erməni basqınlarından qorumaq üçün Borçalı Milli Şurasını yaratmış Emin Ağa Hacallının nəvəsidir. Əlbəttə, Abbas Abdulla belə bir tarixi köklər üzərində ancaq şax, əyilməz, yenilməz, mətin, qüdrətli dayanmalıydı, necə ki, dediyimiz kimi də oldu. Əlbəttə, tarixən böyük şəxsiyyət kimi qəbul etdiyimiz insanlar təkcə özü olmaq üçün deyil, həm də insanlığın, mədəniyyətin, elmin tərəqqisi üçün doğulmuşlardır. Sözsüz ki, Abbas Abdulla da həmin sıradadır və bir tarixi şəxsiyyət, nümunəvi insan olduğu üçün zaman-zaman xatırlanacaq, barəsində fikirlər deyiləcək, tədqiqat işləri yazılacaq.

Abbas Abdullanın Haqqa qovuşduğu gecə

Dilim gəlmir, deyəm Abbas ölübdü,
Bir şairi cismə ruha bölübdü.
Dilim gəlir, deyəm ki, xoş gəlibdi,
Abbas Haqqa, Haqq Abbasa bu gecə.

Cılız bir bədəndə nəhəng ruhuydu,
Bəlkə Adəmiydi, bəlkə Nuhuydu.
Bir düyün gecəsi, toy güruhuydu,
Abbas Haqqa, Haqq Abbasa bu gecə.

Nizamiydi, Nəsimiydi binədən,
Abbas kimi doğulmuşdu yenidən.
Gülümsəyib bölüşərlər tənbətən,
Abbas Haqqa, Haqqa Abbasa bu gecə.

Saf yaşadı, səhv etmədi anidə,
Əzabları böyük oldu fanidə.
Sevgi ilə açacaq qəlbini də,
Abbas Haqqa, Haqq Abbasa bu gecə.

Cəlaloğlu, nədir bu qəm, bu həsrət,
Haqq görüşü deyil hər kəsə qismət.
Bir də doğar, edib inam, qənaət,
Abbas Haqqa, Haqq Abbasa bu gecə.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu