"Bizi öz torpaqlarımız uğrunda mübarizədən heç bir qüvvə və vasitə çəkindirə bilməz"
"Hazırda Azərbaycan diplomatik cəbhələrdə üstünlüyü ələ keçirib. Artıq neçənci dəfədir ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının bəyanatları BMT-nin sənədləri kimi yayılır"
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev “Şərq”in suallarını cavablandırıb. Söhbəti təqdim edirik.
- İşğalçı ermənilərin sizi terrorla təhdid etməsinə dair xəbərlər yayıldı. Bu, nədən qaynaqlanır?
- 2019-cu ilin əvvəlindən fəaliyyət göstərdiyimiz müddət ərzində Dağlıq Qarabağın Azərbaycanlı İcması ortaya yeni konsepsiya, yeni yanaşma qoydu. Bundan başqa, fəaliyyətimizin daha da intensivləşməsi, beynəlxalq aləmə daha böyük səs salmağımız, beynəlxalq təşkilatlarla daha rasional şəkildə işləməyimiz bədnam qonşularımızı və onların əlaltısı olan rejimin nümayəndələrini ciddi narahat etdi. Onlar da bizim sosial şəbəkə hesablarımıza hücumlar çəkdilər. Bizim fəaliyyətimizi izləmələrinə dair çoxsaylı mesajlar alırıq. Bildirirlər ki, beynəlxalq səfərlərə getsək, guya təhlükəsizliyimiz risk altında olacaq. Bizə təsir göstərib, qorxutmağa çalışırlar. Əlbəttə, biz bu təhdidləri ciddiyə almırıq. Bizi öz torpaqlarımız uğrunda mübarizədən heç bir qüvvə və vasitə çəkindirə bilməz. Amma istənilən halda təbii ki, ehtiyatı əldən verməməliyik. İstər beynəlxalq səfərlərdə, istərsə də fəaliyyətimizdə ağıllı davranmalı, prosesləri soyuq və dəmir məntiqə söykənərək təhlil edib, düşmənə tutarlı cavab veririk. Məncə, düşməni qıcıqlandıran səbəblər də elə bunlardır. Onlar bizim fəaliyyətimizi həzm edə bilmirlər.
- Təhdidə qarşı preventiv addım kimi, insan hüquq və azadlıqları ilə məşğul olan hansısa beynəlxalq instituta müraciətlər ünvanladınızmı?
- Bu məsələ ilə bağlı sosial şəbəkə hesablarımızda məlumatlar paylaşdıq. Bizi izləyən yerli və xarici KİV-lər bunu gördülər və dərc etdilər. Erməni mətbuatını izləyirəm, bizim fəaliyyətimizlə çoxlu yazılar yazır, sosial şəbəkələrdə paylaşımlar edirlər. “Aysor.armeniya” saytında əleyhimə məqalə dərc olunub. Hiss olunur ki, onların təhdidinə konstruktiv reaksiya verməyimiz də onları ciddi narahat edir. Düşmən təhdid, biz isə sülh dilində danışırıq. Məsələn, onlar bizi terrorla təhdid edir, biz isə deyirik ki, gəlin, birgə yaşayaq, gəlin konstruktiv dialoq quraq. Yəni neqativi pozitivlə “vururuq” deyə, çətinə düşürlər. Düşməni dünyanın başa düşəcəyi, anlayacağı dildə ifşa etməyə çalışırıq. Beləliklə də, onlara yerlərini göstərə bilirik.
- Təcavüzkar ölkənin güllələdiyi heykəllər, Qarabağ atları, Qarabağ xalçası və tarla bağlı əcnəbi dillərdə video-roliklər hazırlayıb, yayırsınız. Onlar çox böyük maraq və diqqətlə izlənilir. Çünki bu videolarda kifayət qədər tutarlı faktlar yer alır. Bilmək istərdim, bu materiallar arzuladığınız hədəfə dəyirmi?
- Hazırda dünyanın inkişaf etmiş ölkələrində bu tendensiyadan geniş istifadə olunur. Biz də çalışırıq ki, sosial medianın imkanlarından geniş istifadə etməklə müxtəlif dillərdə, fransız, ingilis, rus dillərində çarxlar hazırlayaraq ermənilərin içüzünü dünyaya göstərək. Hesab edirəm ki, biz müəyyən mənada istəyimizə çata bilmişik. Ötən il icmamızın üzvləri ilə birgə Brüsseldə vəTürkiyədə səfərdə olan zaman müxtəlif səviyyəli görüşlər keçirdik. Bu görüşlərdə bizə aydın oldu ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyəti, hazırladığımız çarxlar xaricdə də diqqətlə izlənilir. Qeyd etməliyəm ki, Bakıdakı erməni kilsəsi haqqında erməni dilində hazırladığımız video-çarx böyük səs-küyə səbəb olmuşdu. Bakıda avropalı diplomatlarla, səfirlərlə görüş keçirəndə, onlar da vurğuladılar ki, sözügedən video-rolik böyük rezonans doğurub. Bütün bunlar göstərir ki, biz doğru yoldayıq, informasiya müharibəsində qalib gəlmək üçün əlimizdən gələni edirik.
- İnformasiya savaşından söz düşmüşkən, bilmək istərdim ki, Azərbaycanın xaricidilli media quruluşlarının bu savaşda rolu, payı nə qədərdir, sizin işlərinizə, mübarizənizə lazımınca köməklik göstərə bilirlərmi?
- Media nümayəndələri və ayrı-ayrı bloqerlər kimin əlində nə imkan varsa, onu edir. Feysbuk və tvitterdə dərhal paylaşırlar. Son zamanlar bizim media quruluşlarının xarici dil - ingilis, fransız, rus dili seqmenti üzrə qismən fəallıq hiss olunur. Bu da gənc nəslin aktivliyi sayəsində mümkün olur. Hər keçən gün, il savadlı xarici dil bilən media nümayəndələri yetişir və onlar da işimizə dəstək verirlər. Bu sahədə ötən illərlə müqayisədə irəliləyiş çoxdur. Düzdü, xarici ölkələrdə olan ermənilərin sayı daha çoxdur. Onlar öz vətəni, öz torpağı olmayan bir xalq olub. Bu səbəbdən dünyanın hər yerinə səpələniblər. Fransada, Amerikada yaşayıblar, yaşayırlar və fəaliyyət göstərirlər. Bizim isə öz ölkəmiz, dövlətimiz olub. Xalq olaraq öz torpağımıza, yerimizə, yurdumuza bağlı olmuşuq. Ermənilərin isə öz vətəni olmayıb, xarici ölkələrə səpələniblər, orada kök salıblar və təxribat xarakterli addımlar atıbrlar, bu gün də o işlərini davam etdirirlər. Biz isə konstruktiv xalqıq, nifrəti deyil, sevgini təlqin edirik.
- Vurğuladınız ki, Dağlıq Qarabağın erməni icmasını konstruktiv dialoqa dəvət edirsiniz. Bəs onların cavabı nə olur, niyə dialoqa gəlmirlər?
- Onların əsas arqumenti budur ki, Dağlıq Qarabağda öz qondarma rejimlərini qurublar və artıq bizə ehtiyacları qalmayıb. Mən elə “Şərq” qəzeti vasitəsilə onlara və eləcə də dünyaya yenə səslənirəm ki, Qarabağda multikultural bir mühitin yaranması və orada müxtəlif etnik xalqların birgə yaşayışı ilə fəxr edirdik. Biz orada ruslar, ermənilər və başqa millətlərin nümayəndələri ilə sülh şəraitində yaşamışıq. Daha sonra bizimlə birgə yaşamalarına imkan yaratdığımız ermənilər torpaqlarımızı işğal edərək bizi öz evimizdən qovdular və indi bizimlə birgə yaşamaq istəmədiklərini bildirirlər. Hər dəfə bəyan edirik ki, biz konstruktiv dialoqa hazırıq. Ermənilərin də içərisində bizimlə dialoq qurmaq istəyənlər var. Amma onlar özlərinin və ailələrinin təhlükəsizliyindən əmin olmadıqları üçün ehtiyat edirlər, çəkinirlər.
- Ötən il Fransanın bir neçə şəhəri və ya vilayəti Ermənistanla “Dostluq Xartiyası”nı ləğv etdi. Bunu Azərbaycan diplomatiyasının uğuru və ya artıq Avropanın ermənilərin “məsum” göz yaşlarına, həmçinin, şər-şəbədə dolu təxribatlarına inanmaması kimi dəyərləndirmək olarmı?
- Sizinlə tam razıyam. Artıq Fransa başda olmaqla Avropanın bir çox ölkəsi ermənilərlə bağlı həqiqəti anlamağa başlayıb. Fransa erməni diasporunun ən güclü formada təşkilatlandığı ölkələrdən biri hesab olunur. Fransa ATƏT-in Minsk Qrupunda münaqişənin həllində vasitəçi olan bir ölkə kimi anlayır ki, Ermənistan işğalçıdır və onun hərəkətləri münaqişənin həllinə xidmət etmir. Onlar zamanında bu münaqişədən məlumatsız olan şəhər meriyalarına yalan danışaraq, onlara yanlış informasiya verərək “Xartiya” imzalayıblar. İndi artıq Fransanın mərkəzi hakimiyyətinin göstərişi və tövsiyəsi ilə həmin “Xartiya”lar ləğv olunur. Bu o deməkdir ki, artıq Fransa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı reallıqları düzgün qiymətləndirməyə başlayıb. Onu da unutmaq lazım deyil ki, bu ölkədə erməni əsilli siyasətçilər və erməniləri müdafiə edən mərkəzlər var. Bu da təbiidir. Qeyd etdiyim kimi, ermənilər illərdir, orada yaşayırlar, kök salıblar. Erməni əsilli müğənni Şarl Aznavur orada erməni mədəniyyətini təbliğ edirdi. Özünün erməni olduğunu, ermənilərin sülhpərvər, azərbaycanlıların isə qəddar obrazını yaratmağa çalışırdı. Təəssüflər olsun ki, ermənilər bəzən məlumatsız avropalıların mövqelərini öz xeyirlərinə dəyişdirə bilirdilər. İnsanların hamısı savadlı deyil ki, gedib araşdırıb həqiqəti tapsınlar.
- Prezident İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubundakı çıxışı, ardınca Münhen debatı Ermənistan və onun havadarlarına soyuq duş effekti yaşatdı. Ümumiyyətlə, bu debat və çıxışdan sonra dünyada Dağlıq Qarabağ münaqişəsinə baxışda yeni bir yanaşma meydana gəldimi?
- Sözsüz ki, cənab Prezident istər "Valday"da, istər Münhen Təhlükəsizlik Konfransında, istərsə də, Aşqabadda və digər beynəlxalq platformalarda Ermənistan rəhbərliyini ən yüksək səviyyədə ifşa edir. Və hazırda Azərbaycan diplomatik cəbhələrdə üstünlüyü ələ keçirib. Artıq neçənci dəfədir ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının bəyanatları BMT-nin sənədləri kimi yayılır. Diplomatik cəbhədəki uğurlarımız göz önündədir. İcmamız cənab Prezidentin çıxışlarından fərəhlənərək müxtəlif istiqamətlərdə işini gücləndirib, fəaliyyətini artırıb. Mən Xankəndindən seçilən deputat kimi, hazırda ATƏT, AŞ PA və AVRONEST-də təmsil olunuram. Mayın 8-də ATƏT Parlament Assambleyasının təşkil etdiyi videokonfransda çıxış edərək, erməniləri ifşa etdim. Sabah (red- bu gün) yenə ATƏT PA-nın onlayn konfransı olacaq. Orada mənim çıxışım nəzərdə tutulub. Bunların hamısı cənab Prezidentin çıxışlarından sonra baş verən diplomatik üstünlüklərdir.
- Dağlıq Qarabağda qondarma rejim koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda saxta seçkilər keçirdi...
- Bəli, doğrudur. Bu “seçki”lərlə özlərini biabır etdilər. Pandemiyanın dünyanı ağuşuna aldığı bir dövrdə “seçki” keçirdilər və insanların həyatını riskə atdılar. Yoluxma halları artdı. Bu, onların insan həyatına, taleyinə biganəliyini göstərdi. Dağlıq Qarabağda yaşayan erməni əhalisi Ermənistanın çirkin siyasi əməllərinə çatması üçün bir alətdir. Biz erməni icmasına səslənirik və bəyan edirik ki, bizimlə dialoqa gəlsinlər, güclərimizi birləşdirək və Dağlıq Qarabağın Azərbaycanın tərkibində suverenliyi çərçivəsində yenidən erməni və azərbaycanlı əhali, eyni zamanda digər etnik millətlər birgə yaşasınlar. Əks halda proseslər qanunsuz rejimin sonunu gətirəcək. Qanunsuz rejimdə kim yaşamaq istəyər, kim orada övlad böyütmək istəyər? Əlbəttə, heç kim. Heç bir yerdə adı olmayan, adı olsa da, dırnaq arasında yazılan bir rejimdə heç kim yaşamaq istəmir. Təsəvvür edin ki, “harada yaşayırsan” sualına belə cavab verirlər: Qondarma rejimdə “Harada təhsil alırsan?” sualına isə Qondarma rejimin filan universitetində deyə cavab verirlər. Belə yaşayışmı olar, belə həyatmı olar?! Heç “pasport”ları yoxdur. Hər dəqiqə qorxu içərisindədirlər ki, bu gün, sabah Azərbaycan ordusu girib, torpaqlarını azad edəcək. 2016-cı ilin aprel döyüşlərində düşmən təxribatının qarşısını alarkən bizim pilotsuz təyyarələrimizin səsindən əməlli-başlı qorxuya düşmüşdülər. Belə yerdə yaşamaqmı olar?! Fikrimcə, rasional düşünən ermənilər ağıllarını başlarına yığıb, bizimlə dialoqa gəlməlidirlər. Biz geriyə qayıdıb, onları öldürmək fikrində deyilik ki? Sadəcə, erməni əsgərlərini oradan çıxaracağıq. Oradakı sivil ermənilər də öz evində yaşayacaq, biz də öz evimizdə. Burada qeyri-adi bir şey yoxdur.
(davamı var)