Ərdoğanın ZƏNGİ həm də bir mesajdır: "Torpaqlar mütləq azad olunacaq“ 

“Rəsmi İrəvan və ona himayədarlıq edən Rusiya başa düşür ki, torpaqlar heç vaxt Ermənistanın nəzarətində qalmayacaq”

 “Türkiyə hər zaman ölkəmizin yanında olacağını rəsmi şəkildə bəyan edir. Bu, çox sevindiricidir”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti cənab İlham Əliyevə telefonla zəng edib. R.T.Ərdoğan Ermənistanın təxribatı nəticəsində dövlət sərhədində Azərbaycan hərbi qulluqçusunun şəhid olması ilə əlaqədar ölkə başçısına və Azərbaycan xalqına başsağlığı verib.
Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib. Ölkə başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana daim göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Dövlət başçıları dost və qardaş Türkiyə ilə Azərbaycanın həmişə olduğu kimi, bundan sonra da bir-birinin yanında olacağını vurğulayıblar. Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı məsələlər müzakirə edilib.



Qardaş ölkənin dəstəyi ilə bağlı “Sherg.az”a danışan tarixçi-alim Nəsiman Yaqublu bildirib ki, Türkiyə Azərbaycana olan sevgisini və qardaşlıq duyğusunu, hər zaman ölkəmizin yanında olacağını rəsmi şəkildə bəyan edir. Bu, çox sevindiricidir:

“Türkiyə Prezidenti cənab Ərdoğana bütün xalqımız adından minnətdarlıq və dərin sayğılarımızı bildirirəm ki, öz mövqeyini açıq və rəsmi şəkildə ortaya qoyur.

Təbii ki, bu, Azərbaycana çox böyük dəstəkdir. Eyni zamanda bu zəng Azərbaycanın işğal edilmiş torpaqlarının mütləq qaytarılmasını ortaya qoyan bir mesajdır.

Rəsmi İrəvan və ona himayədarlıq edən Rusiya başa düşür ki, torpaqlar heç vaxt Ermənistanın nəzarətində qalmayacaq. Moskva da ciddi şəkildə düşünməlidir ki, işğalçı Ermənistanın yanında dayanmaqla ərazisində yaşayan müsəlman-türk toplumunu özünə qarşı nifrətə səsləyir”.

N.Yaqublu yenə də tarixin təkrarlandığını qeyd edib:

“1918-ci ildə Azərbaycan Cümhuriyyəti müstəqilliyini qazanıb, istiqlalını elan edəndə ona Osmanlı Türkiyəsi dəstək oldu. 1918-cı ilin iyunun 4-də bağlanan müqavilə əsasında Qafqaz İslam Ordusu və Nuru Paşa ölkəmizə daxil oldu və Azərbaycan ərazilərini ilk növbədə ermənilərdən , sonra da digər düşmənlərdən xilas etdi.

Azərbaycan ziyalıları adından cənab Prezidentimizə müraciət hazırlamışıq. Müraciətimizdə bildirmişik ki, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya Bakıda abidə qoyulsun. Bu, həm də iki qardaş dövlətin birliyinin rəmzinə çevrilə bilər. 

Cənab Ərdoğanın belə fikir sərgiləməsi xalqımız üçün vacibdir və vaxtında verilən bir mesajdır. Bir daha Türkiyən Prezidentinə və dövlət rəsmilərinə dərin təşəkkürlərimizi bildiririk”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu