“Sevindirici, şərəfli və qürurvericidir”
Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalının göstərişi ilə “Əhməd Cavad İnstitutu” təsis edilib. İnstitutun təsis edilməsi xəbərini MHP lideri özü bəyan edib. Təntənəli mərasimdə Əhməd Cavadın varisi Anar Axundzadə və ailə üzvlərindən daha bir neçə nəfər iştirak edib.
MHP başqan yardımçısı İsmayıl Özdəmir açıqlamasında qeyd edib ki, Əhməd Cavad İnstititu MHP lideri Dövlət Baxçalının birbaşa təlimatıyla qurulur. Və bu institut Milliyyətçi Hərəkat Partiyasının Mərkəzi qərargahı nəzdində fəaliyyət göstərəcək. MHP-nin Media, kommunikasıya və rəqəmsal yayım məsələləri üzrə məsul üzvü, MHP-nin Kayseri millət vəkili İsmail Özdəmir bildirib ki, D.Baxçalının baş müşaviri professor Ruhi Ersoy institutun direktoru təyin edilib. “Türklük şüurunun güclənməsi, oyanması yolunda göstərdiyi fəaliyyətlərə görə Sovet imperiyası tərəfindən repressiyaya məruz qalaraq güllələnən, adını Türk dünyasının ədəbiyyat və düşüncə tarixinə qızıl hərflərlə yazdıran Əhməd Cavadın milli şüuru və fədakarlığı Türk birliyi və diriliyi üçün gələcək nəsillərə də qaynaq olaraq çatdırılmaldır” söyləyən İ.Özdəmir qeyd edib ki, MHP Əhməd Cavadın Azərbaycan Milli Marşının – Dövlət himninin, həm də bütün Türk dünyasının milli himninə çevrilmiş “Çırpınırdın Qara dəniz” mahnısının söz yazarı olduğunu vurğulayaraq bu əvəzsiz mirasın gənc nəslə daha yaxından tanıdılımasını vacib sayır: “MHP başqanı Dövlət Baxçalının “Əhməd Cavad sözün başı, gələcəyin sonsuzluğudur” sözlərindən çıxış edərək institutun qarşısına qoyduğu məqsəd həm Əhməd Cavadın geniş yaradıcılığını, həm də türk dünyasının nəhəng söz-sənət dahilərinin yaradıcılığını tədqiq etmək və bu mirası gələcək nəsillərə ötürmək, Türk dünyasına töhfələrini araşdırmaq, Türk dünyasında ortaq düşüncə və duyğu birliyinin genişlənməsinə xidmət etmək, Türk yurdunun bütünlüyünün duyğu və düşüncə əsasında gələcəyə ötürülməsini təmin etmək, akademik, sosial və mədəni fəaliyətlərlə türklük şüurunun inkişafına dəstək olmaqdır”.
Əhməd Cavadın varisi Anar Axundzadə isə “Sherg.az"a açıqlamasında babasının adını daşıyacaq institutun təsis edilməsindən hədsiz qürur hissi keçirdiyini söylədi:
"Məni tədbirə MHP lideri Dövlət Baxçalı dəvət etmişdi. Əlbəttə, bu, sözlə ifadə edilməyəcək hisslərdir. Orada qarşılanmaq, babamın xatirəsinin qardaş Türkiyənin timsalında bütün Türk dünyasında sayğı ilə anılmasını görmək yalnız insana qürur hissi verə bilər. Çox gözəl tədbir oldu. Dövlət bəy özü Əhməd Cavad İnstitutunun təsis edildiyini elan etdi. Türksoyun təsis etdiyi “Əhməd Cavad” Şərəf Medalı türk dünyasına əvəzsiz xidmətlər göstərdiyinə görə MHP lideri Dövlət Baxçalıya məhz Əhməd Cavad nəslinin varislərinin iştirakıyla təqdim edildi. Bunlar hamısı hədsiz sevindirici, şərəfli və qürurvericidir. Biz Ankarada Türk Tarix Muzeyi və Parkında olduq, Əhməd Cavadın orada ucaldılmış abidəsini ziyarət etdik. Babamın xatirəsini daim əziz tutan, onu yaşadanlara dərin təşəkkür edirəm".