"Alov töksün yağış kimi başınıza, Gəncədən"

Nəriman Həsənzadə ermənilərin Gəncə terroruna şeir həsr edib

"Yatan yerdə də insanları vurmaqmı olar?!."

Azərbaycan Ordusunun qarşısında dayana bilməyən cinayətkar Ermənistan xislətinə uyğun, mülki, dinc əhalini hədəf alır. Ermənistan ərazisindən Gəncənin  dəfələrlə ballistik raketlərlə vurulması nəticəsində mülki əhali arasında ölən və yaralananlar oldu, yaşayış binaları, mülki obyektlər dağıntılara məruz qaldı. Amma bütün dünya gördü və görür ki, Gəncənin timsalında Azərbaycan xalqı məğrurluğunu itirmir, nə qədər itki versə də, Vətən torpaqları son qarışınadək işğaldan azad edilməyincə geri çəkilmək fikrində deyil. Xalq-ordu birliyi sarsılmazdır və xalq Ali Baş Komandana inanır, onun ətrafında bir yumruq kimi birləşib.         

Nizami yurdunun mənfur düşmən tərəfindən alçaqca vurulması artıq poeziyada da əksini tapıb. Xalq şairi Nəriman Həsənzadə ermənilərin Gəncə terroruna şeir həsr edib. Şeirin hərbi geyimli şəxs tərəfindən dağıntılar olan ərazidə səsləndirilməsini əks etdirən video hazırda sosial şəbəkələrdə yayılıb və ən çox baxılan videolardandır. 

...Gərək toplar qıyya çəksin, güllələr dad eləsin, 
alov töksün yağış kimi başınıza, Gəncədən.
Bir canımız cəbhədədi, bir canımız ordadı,
Cümhuriyyət tariximiz, ünvanımız ordadı.
Əsgər gedən igidimiz, cavanımız ordadı,
ər oğlu-ər çıxacaqdı qarşınıza, Gəncədən...
 
Şeirdə dinc əhalinin qətlə yetirilməsindən doğan qəzəb, nifrət açıq hiss olunur. 
Nəriman Həsənzadənin bu şeiri hansı hisslər altında qələmə aldığını anlamaq çətin deyil.      
Xalq şairi isə demə, bundan xəbərsizmiş. Xəbəri biz Nəriman müəllimə verdik. Sevindi:  

- Nə yaxşı... Eşq olsun, şeiri səsləndirənə. 

- Nəriman müəllim, siz tanıyırsınız o adamı? Kimdi? 

- Yox, qızım. Tanımıram. Mən görməmişəm, baxmamışam. Siz dediniz, bildim. Hər kimdirsə, sağ olsun... 

- Nəriman müəllim, nə zaman yazmısınız bu şeiri? Oktyabrın 17-si? 

- Xeyr. Birinci dəfə Gəncəyə raket zərbəsi endiriləndə yazdım. 

- Elə zənn etdik ki, siz Gəncəyə getmisiniz, orada yazmısınız... 

- Yox, gedəmmədim, Gəncəyə... Çox istəyərdim gedim, gəncəlilərlə bir yerdə olum... Mənə çox ağır təsir elədi ermənilərin alçaq hərəkəti. Dəhşətə gəldim... Yatan yerdə də insanları vurmaqmı olar?!. Yatana ilan da dəymir. Ermənilər ilandan da betərdi. Paşinyanı göstərirlər, baxıram, deyirəm, belə dövlət başçısı olar?! Bu necə dövlət başçısıdı?!. Düz-əməlli danışa da bilmir, siyasi savadı sıfır. Dövlət idarəçiliyi sıfır. Yalançı, riyakar, alçaq, rəzil biridir. İnsanları gecə yatdığı yerdə raket atəşinə məruz qoymaq nə deməkdir? Bu, insanlığa qarşı terrordur, bəşəriyyətə qarşı soyqırımdır. Bunu edən, bu əmri verən birisinin dövlət başçısı olmasının özü bir cinayətdir. Amma görürsünüz, dünya susur. Dünyanın dili lal, gözləri kordu. Fransanın riyakar prezidenti, Rusiya, ABŞ da onun bir tayı. Azərbaycan xalqı dahi xalqdır. Prezidentimiz də 21-ci əsrin ən güclü dövlət başçısıdır. İlham Əliyevi zaman yetişdirdi. Camaatımız Prezidentə güvənir, Prezident də xalqa. 

- Nəriman müəllim, yəqin hər an xəbərləri izləyirsiniz, kəndlərimizin, rayonların işğaldan azad edilməsi xəbərlərini eşidəndə, təsəvvür edirəm, hansı hisslər keçirirsiniz... 

- Hamımız eləyik. Bu dəqiqə ürəyimiz qürur hissi ilə doludu. Elə sevinc içindəyəm ki, az qala yaşımı da itirirəm, əsgərlərə qoşulub irəli atılmaq istəyirəm, birdən “ayılıb” öz-özümə deyirəm, “nə qayırdığındı?!”.  

- İnşallah, tam qələbə çalacağıq, işğal altındakı bütün torpaqlarımız azad olunacaq. 

- Əlbəttə. Mənim buna heç bir şübhəm yoxdu. Bundan sonra heç kim bizim qarşımızı kəsə bilməz. Sovet Ordusu faşistləri qovanda kimsə ona dedimi, dayan, çarığımın bağını bağlayım?! Bizə də heç kim deyə bilməz, başlamışıq, işimizi sona çatdıracağıq. Bu erməni vəhşilərini son mənzillərinədək qovmayınca sakit oturası deyillər. 

- Xalqımıza başqa nə sözünüz var? 

- Nə sözüm olacaq... Xalqıma qurban olum. Xalq iradəsindən dönmür, qəhrəmandı, məğrurdu. Prezidentimiz də sözünü deyib, sözünü da tutur. Başlamışıq, davam edəcəyik. Getdik, qurtardı! Erməni terrorunu məhv etdiyinə görə, Prezidentimizə Nobel mükafatı verilməlidi. Neft bizim, amma indiyədək bir azərbaycanlıya o mükafatı verməyiblər. 

- Nəriman müəllim, hamımız erməniləri tanıyırıq. Şivən qoparacaqlar ki, “bizi əzirlər”, “evimizdən çıxarırlar”... 

- Onlar həmişə riyakar olub. Dünya bilir ki, Qarabağ ermənilərin deyil. Amma dünya dövlətlərinin bəziləri, bir çoxları, onlara tərəf çıxır. Bu işdə Azərbaycan ordusunun sözünü deməsi lazım idi, onu da deyir. İnşallah, qələbəni hamımız görəcəyik.        

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu