COP29 tədbirinin ölkəmizdə keçirilməsi ilə bağlı qərar beynəlxalq ictimaiyyətin Azərbaycana böyük etimadının göstəricisidir.
APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" adlı panel sessiyasında çıxışı zamanı deyib.
O xatırladıb ki, 2024-cü il həm də Prezident tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib: "Azərbaycan iqlim dəyişmələrinə töhfə verməyə hazırdır".
Nazir müavini çıxışı zamanı deyib ki, Azərbaycandakı mədəni irs nümunələri də iqlim dəyişmələrindən sığortalanmayıb: "İqlim dəyişmələri Qobustan qayaüstü rəsmlərinə də mənfi təsir edib. İqlim dəyişmələri memarlıq nümunələrindən də yan keçmir".
Səadət Yusifova Xəzər dənizində suyun səviyyəsinin, Kür, Araz çaylarında sululuğun azalmasının müşahidə edildiyini diqqətə çatdırıb.
“Qeyd etmək lazımdır ki, iqlim dəyişmələri torpağın eroziyasını da sürətləndirir. Buzluqların əriməsi, sel hadisələrinin sayının artması müşahidə edilir", - deyə o əlavə edib.