Mədəniyyət naziri Adil Kərimli liviyalı həmkarı xanım Mabruka Osman ilə ikitərəfli görüş keçirib.
Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, nazir Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” və bu platforma çərçivəsində bu il altıncı dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib.
Bildirilib ki, “Bakı Prosesi” BMT tərəfindən mədəniyyətlərarası dialoqa üzrə əsas qlobal platforma kimi qəbul olunur.
Görüşə görə təşəkkürünü bildirən nazir Mabruka Osman Forumun əhəmiyyətini yüksək qiymətləndirib, bu mötəbər tədbirə dəvətə görə Azərbaycan tərəfinə minnətdarlıq edib.
Söhbət zamanı bu il ölkəmizin daha bir qlobal əhəmiyyətli tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi diqqətə çatdırılıb. Bildirilib ki, COP29-da iqlim dəyişikliyinin mədəniyyət sahəsinə təsiri, habelə ətraf mühitin qorunmasında mədəniyyətin rolu məsələləri ilə bağlı xüsusi müzakirələr aparılacaq.
Nazir Azərbaycanın qədim Şuşa şəhərinin ICESCO tərəfindən 2024-cü il üzrə “İslam mədəniyyətinin paytaxtı” elan edildiyini diqqətə çatdırıb, liviyalı həmkarını yaxın günlərdə keçiriləcək “paytaxt ili”nin açılış mərasiminə dəvət edib.