“Ağdama qayıdanda həyətimizə sürünə-sürünə girəcəm”

Tacir Şahmalıoğlu: “Şuşadakı o qayanın yerini bilirəm, onun üstünə çıxıb "Bayatı Şiraz"ı oxuyacam...

Qarabağ Azərbaycanın döyünən ürəyi, milli mədəniyyətimizin əsasını təşkil edən muğamlarımızın, xalq musiqimizin beşiyidir. Qarabağ Azərbaycan tarixinin özüdür. Qarabağ şəhidlərimizin yatdığı torpaqdır. Qarabağ qaçqın düşən xalqımızın illərlə həsrətində olduğu bir diyardır. Qarabağ əcdadlarımızın, ata-babalarımızın bizə yadigar qoyub getdiyi Vətəndir. Ona görə də Azərbaycan gəncləri Qarabağ uğrunda gedən bu müqəddəs savaşda xalqımızla birdir və hər an Vətənin çağırışına qoşulmağa hazırdır. Çünki Qarabağsız Azərbaycan, Azərbaycansız Qarabağ ola bilməz. Belə bir ovqatda məşhur xanəndəmiz Tacir Şahmalıoğlu ilə söhbətləşdik. O, əvvəlcə ata-baba yurdu Şuşadan danışdı: 

- Mən Qarabağın cənnət güşəsi olan Şuşadanam. Mənim ata-babalarımın qəbri Şuşa torpağındadır. Şuşada nənələrimin laylası, Xan qızının şeirləri, Üzeyir bəyin möhtəşəm musiqisi, Vaqifin məqbərəsi, Gövhər məcidi, Mir Mövsüm Nəvabın qəbri, Xan əminin, Bülbülün gözəl nəğmələri, Xarı Bülbülün ətri qalıb. Biz hamımız Şuşaya dönəcəyimiz günü səbirsizliklə gözləyirik. Mən əminəm ki, o gün tezliklə gələcək və biz Şuşada Gövhər məscidində azan səsini, xanəndələrimizin Qarabağ şikəstəsini eşidəcəyik, igidlərimizin Cıdır düzündə at oynatmaqlarını, cavanlarımızın, qız-gəlinlərimizin yallı getmələrini, ağsaqqal və ağbirçəklərimizin şükran dualarını və Şuşamızın ən uca zirvəsində Azərbaycan bayrağının dalğalanmasını seyr edəcəyik. Çünki Qarabağ vətəndir - Qarabağ Azərbaycandır. Var olsun Azərbaycan xalqı, var olsun Qarabağ, var olsun Prezidentimiz.

- 27 il Qarabağ həsrətilə yaşayan bir sənətkar kimi bu döyüşlər sizdə hansı hissləri yaradır?

- Uzun bir həsrətdən sonra şükür Allaha ki, bu gün qəhrəman ordumuz Qarabağımızda yavaş-yavaş irəliləyir, mənfur düşmənin tapdağı altında olan torpağlarımızı geri alır və bu bizə böyük qürür hissi verir. 27 ildir ki, çarəsiz bir tərəf kimi həmişə məyus olmuşuq, ürək ağrısı keçirmişik. Amma bu gün qələbə bizimlədi, çünki haqq bizim tərəfimizdədir. Mən inanıram ki, biz yaxın zamanda qələbə çalacağıq. Buna görə də özümü dünyanın ən xoşbəxt insanı hiss edirəm.

- Rəşadətli ordumuz qələbə çaldıqdan sonra ata yurdunuz Ağdama qayıdanda ilk işiniz nə olacaq?

- İnşallah, qələbədən sonra Ağdamımıza qayıdanda arzu etdiyim kimi ata ocağımı tapıb həyətimizə sürünə-sürünə girəcəm və oranı əvvəl olduğu kimi bərpa edəcəm.

- Yaradıcılığınızda Vətən məhəbbəti və Qarabağ həsrəti xüsusi yer tutur. Bundan sonra necə olacaq?

- Mən professional səhnəyə 6 yaşımdan gəlmişəm və 15 yaşıma kimi yaradıcılığımda Vətən həsrəti olmayıb. Ancaq elə bir ağır zaman gəldi ki, bizim torpaqlarımız şərəfsiz düşmən tərəfindən işğal olundu. Və o gündən məni Qarabağ həsrəti tapdı. Buna görə mən öz sənətimdə pozitiv musiqiyə yer verə bilmədim. Ancaq lirikaya, Vətən, ana, ata mövzularına həmişə üstünlük verirəm. Bu da bizim taleyimizə yazılıbmış ki, biz 27 illik Vətən həsrəti çəkək. Şükür Allaha, artıq bundan sonra mənim yaradıcılığımda ancaq fərəhli, oynaq və ritmik mahnılar olacaq. Çünki torpaqlarımız qayıdandan sonra biz daha həsrət çəkməyəcəyik.

- Qələbə günü Azərbaycan bayrağının Cıdır düzündə dalğalandığı zaman Şuşamıza hansı sənət dostlarınızla və musiqi töhfənizlə gedəcəksiniz?

- Azərbaycan bayrağı Cıdır düzündə dalğalandığı zaman xalqımızın görkəmli sənətkarları ilə, dostlarım olan tanınmış xanəndələrlə Şuşaya gedəcəm. Və arzularımdan biri də budur ki, Şuşanın girəcəyində sağ tərəfdə yerləşən məşhur xəngəlxanada xəngəl yeyib, Cıdır düzünə çıxım.

- 11yaşında “Bayatı Şiraz”ı oxuyan Qarabağ bülbülü balaca Tacir azad Qarabağ torpağında “Bayatı Şiraz”ı necə oxuyacaq?

- Bəli, bu da mənim arzularımdan biridir. Cıdır düzündə Topxana meşəsiylə üzbəüz bir qaya var, yəni böyük bir qaya deyil. Uşaq vaxtı həmişə o qayanın üzərində oynayardıq. Əgər mənfur düşmən o daşı yerindən tərpətməyibsə, mən o daşın yerini bilirəm və arzu edirəm ki, çıxıb o qayanın üzərində “Bayatı Şiraz”ı oxuyum.


Banuçiçək Hüseynli

Paylaş

Bizi Facebookda izləyin
menu
menu