Vətən müharibəsinin fəal GƏNCLƏRİ: “İstər arxa, istər ön cəbhədə....”

“Müharibə gənc nəslin öz dövlətinə, öz ölkəsinə nə qədər dərin duyğularla bağlı olduğunu göstərdi”

“Çalışmaq lazımdır ki, müharibənin aramızda yaratdığı bu qan bağlılığı bundan sonra heç vaxt qırılmasın"


Azərbaycan xalqı Vətən müharibəsinin elə ilk günündən müharibə əzmini, vətənpərvər ruhunu ortaya qoydu. Məlum olduğu kimi, hələ bu ilin iyul ayında Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra on minlərlə vətəndaşımız könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrində qeydiyyata alınmışdı. Sentyabrın 27-dən sonra isə könüllü olaraq Vətən savaşında iştirak etmək istəyənlərin sayı daha da artdı.

Ancaq Ermənistanla Azərbaycan arasındakı müharibə təkcə qoşunların təmas xəttində, hərbi müstəvidə deyil, həm də informasiya sahəsində aparılırdı. Gənclərimiz cəbhəyə könüllü yazılmaqla yanaşı, mütəmadi olaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın yalanlarının ifşa edilməsi, beynəlxalq ictimaiyyəti Ermənistanın ölkəmizə qarşı təcavüzünə son qoymasına çağırmaqda fəal iştirak etdilər. Xüsusən xaric dil bilikləri olan, xaricdə yaşayan azərbaycanlı gənclərin informasiya müharibəsinin gedişatına böyük təsiri oldu.

Gənclərimizin fəallığı sayəsində bütün sosial media platformalarında düşmənə adekvat cavablar verildi. Həm də bu müharibə sayəsində Azərbaycan gəncliyi tariximiz haqqında daha çox araşdırma aparıb, öz tarxini daha dərindən öyrəndi. Gənclərimizin siyasət və tarixə meyillərinin artmasına səbəb oldu.
Gənclik özü cəmiyyətimizdə formalaşan "hara gedir bu gənclik?!" kimi streotipləri dağıtdı.

Mövzuya münasibət bildirən şair Aqşin Yenisey "Sherg.az"a açıqlamasında müharibənin gənc nəslin öz dövlətinə, öz ölkəsinə nə qədər dərin duyğularla bağlı olduğunu göstərdiyini söylədi:

"Müharibə və müharibə ərəfəsində baş verənlər bir çox qaranlıq mətləbləri işıqlandırdı. Məlum oldu ki, dövlətlə vətəndaş arasında bilərəkdən əngəl yaratmağa çalışan və buna nail olan qüvvələr varmış.

Bu hal müstəmləkəçilik siyasətinin əsas idarəçilik metodlarından biridir. Dövlətlə vətəndaş arasında inamsızlıq mühiti tez bir zamanda vətəndaşla vətəndaş arasında inamsızlığa, qarşılıqlı şübhəçiliyə çevirilir.

Cəmiyyətimizdə bir-birinə güvənməmək, inanmamaq, gənclərin qocaları, qocaların gəncləri çıxdaş etmə cəhdləri dövlətlə vətəndaş arasında süni şəkildə yaradılan bu inamsızlıq mühiti ilə bağlıydı. Müharibə bunu aradan qaldırdı.

Eyni zamanda gənc nəslin öz dövlətinə, öz ölkəsinə nə qədər dərin duyğularla bağlı olduğunu göstərdi. Biz bunu müharibə zamanı hər addımda gördük. İstər arxa, istər ön  cəbhədə. Artıq yeni dövlət-vətəndaş münasibətlərinin bu duyğular üzərində formalaşdığının şahidiyik. Çalışmaq lazımdır ki, müharibənin aramızda yaratdığı bu qan bağlılığı bundan sonra heç vaxt qırılmasın".

Aysel İbrahimova

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu