Parlamentari: Gürcüstanda baş verənlər Qərbin hakimiyyət dəyişikliyinə çalışmasıdır

Qonşu Gürcüstanda “Xarici agentlər” haqqında qanun layihəsi yenidən daxili gərginliyi artırıb. Okeanın o tayı və "qoca qitə"dən agent idxalına qarşı gürcü siyasi elitasının "stop qoymaq" qərarına birincilər bu dəfə də emissarları vasitəsilə "azadlıq tələbi" ilə qarşılıq verirlər. "Məxməri inqilab"dan sonra qonşu Gürcüstanı yenə vətəndaş itaətsizliyinə sürükləyən "azadlıq aşiqləri" əsl niyyətini çox gözlətmədilər. Amerikanın Gürcüstandakı səfiri Robin Dunniqanın "Gürcüstan hakimiyyəti ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan da imtina edib” mesajı Birləşmiş Ştatların "agent şəbəkəsi" ilə  əlaqədar dərin təşviş və narahatlığının təzahürüdür. Gürcüstanın qarşısında isə konkret tələb qoyulur - “Xarici agentlər” haqqında qanunun qəbulundan imtina edirsiniz, "yaxanızı buraxırıq". Saakaşvilinin çiyinləri üzərində Gürcüstana "qədəm qoyan" Qərb ötən dövr ərzində  ölkədə ciddi "agent şəbəkəsi"ni formalaşdırmağa müvəffəq olub. Saakaşvili isə həbsxanada köməksiz durumda tək buraxılıb - çünki ABŞ-da onun "missiyasını" bitmiş sayırlar. Gürcüstan artıq Avropa İttifaqına namizəd statusundan məhrum olunacağı ilə hədələnir. Ukrayna və Gürcüstanda baş verən hadisələr ABŞ və Qərbin "demokratiya", "insan haqları" adı altında postosvet məkanını hansı bəlalara sövq etməsinin bariz nümunəsidir. Təkcə postsovet məkanı deyil - İraq, Liviya, Suriya, Əfqanıstan,.. Analoji proseslər Ermənistanda da həyata keçirilir. Paşinyanın hakimiyyətə gəlişindən sonra ruporluq səmtini Qərbə tərəf dəyişən rəsmi İrəvan ölkəsini və regionu fəlakətlərə sürükləməyə çalışır. Görünən odur ki, ABŞ-ın "Cənubi Qafqaz ssenarisi" fiaskoya uğrayıb. Gürcüstanda xarici agent qanunu ilə bağlı müzakirələr,  Ermənistanda isə Paşinyanın ictimai nüfuzunu ciddi şəkildə itirməsi bunun əyani sübutudur. Azərbaycan isə regionun lider dövləti olaraq tarixi Zəfərlərə imza atır, dünya qütbləri arasında kəskin qarşıdurma fonunda öz müstəqil və balanslaşmış diplomatik siyasətini davam etdirir. 700 min gürcü və milyonlarla erməninin öz dövlətlərini tərk etdiyi bir şəraitdə ölkəmizin rolu və iştirakı olmadan heç bir regional layihə uğur qazanmır. Beynəlxalq münasibətlər sistemində formalaşmış "Azərbaycan modeli"nə Gürcüstan da keçid edir və Qərbin orbitindən uzaqlaşır. Növbədə isə Paşinyan və onun idarə etdiyi Ermənistandır. Bu, bir daha təsdiq edir, milli maraqlara söykənən müstəqil siyasət kursunun alternativi yoxdur!

Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, Gürcüstanda baş verənlər Rusiya-Qərb qarşıdurmasıdır. Deputat vurğulayıb ki, bənzər qarşıdurma özünü Ermənistanda da göstərdi: 
"Gürcüstanda hazırda müşahidə olunan qarşıdurmanı Azərbaycanda da yaratmağa çalışırdılar, amma bacarmadılar. Ancaq Gürcüstanda bu prosesin ağır formada getdiyini görürük. Hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün addımlar atır və atmalıdır. Bu mənada Gürcüstan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bir sıra addımlar ata bilər. Maraqlıdır ki, bu qanunu ABŞ və Fransa vaxtı ilə qəbul ediblər, öz ölkələrində tətbiq ediblər. Konkret bu məsələlərlə bağlı qadağalar, məhdudiyyətlər var. Amma bugün Gürcüstanda əhalini etirazlara səsləyirlər".

Parlamentari qeyd edib ki, əslində Gürcüstanda baş verənlər Qərbin hakimiyyət dəyişikliyinə çalışmasıdır: 
"Qərb ölkələrinin, müəyyən dairələrin qonşu ölkədə möhkəmlənmək istəmək niyyəti bəllidir. Bunun üçün də QHT-lərə böyük vəsaitlər ayırırlar. Məhz bu vəsaitin ayrılması Gürcüstanda vəziyyətin gərginləşməsinə, qarşıdurmalara səbəb olur. Qərb təsisatları Gürcüstanda çoxlu sayda QHT-ləri maliyyələşdirir, onlara ianələr verirlər. Həmin təşkilatları hökumətə qarşı etirazlara cəlb edərək sözügedən qanunun qəbul edilməsinin qarşısını almağa çalışırlar. Halbuki, zamanında özləri də bu addımı atıblar. Proses mürəkkəbləşir, inanırıq ki, qonşu Gürcüstan xalqı bu prosesdən də çıxacaq və bu istiqamətdə cərəyan edən proseslərin qarşısı alınacaq".