Qulu Məhərrəmli: Bizim televiziya tamaşaçılarının böyük qismi şou həvəskarıdır

Amma gəlin, öyrənək onlar kimdir, onlar cəmiyyətin hansı seqmentini təmsil edirlər

“Təəssüf ki, televiziyalarda keyfiyyəti aşağı şouların sayı artmaqdadır. Bu, reallıqdır”


  2024-cü ilin birinci rübündə (yanvar, fevral və mart aylarında) Azərbaycan televiziya kanallarında yayımlanmış proqramların 23,5  faizini informasiya və analitik proqramlar təşkil edib.
Audiovizual Şuradan verilən  məlumata görə, sıralamada daha sonra idman proqramları (15,2 faizi ilə), musiqili və əyləncəli formatda proqramlar (13,9 faizi ilə) və reklam məzmunlu materiallar (12 faiz) yer tutur. Mədəni-maarif janrlı proqramların (maarifləndirici, publisistik, tarixi-mədəni və sairə materiallar) payı bütün kanallar üzrə ümumi olaraq 9,4 faiz olub.

  Professor Qulu Məhərrəmli isə “Sherg.az”a açıqlamasında deyib ki, universal televiziyalar  yayım konsepsiyasından asılı olaraq proqram siyasətində balansı qorumalıdır: 

“Büdcədən maliyyələşən televiziyalar daha çox əhalini məlumatlandırmağa və maarifləndirməyə borcludur. Onların proqramları arasında da informasiya, xəbərdən törəmə proqramlar və ictimai müzakirə, analitik verilişlərin sayı kifayət  qədər çoxdur.  Özəl kommersiya  kanallarında isə daha çox musiqili, əyləncəli verilişlər üstünlük təşkil edir. 
  Statistika barədə dəqiq məlumatım olmasa da, deyim ki, televiziya verilişlərinin davamlı monitorinqi aparılmalıdır.  Qəbul edilmiş statistikaya əsasən ictimai- siyasi proqramların ümumi həcmi  30-40 faiz, yerdə qalanlar isə əyləncə, kino, musiqi, şou  xarakterli proqramlar olur. Onların hansı saatda verilməsinin isə ciddi rolu var.      
  Bizim televiziyaya baxan tamaşaçıların böyük qismi şou həvəskarıdır, onlar efirdə cürbəcür ailə-məişət mövzularının müzakirəsinə qoşulmağı sevir, süni yaradılan konfliktlərdə cazibə axtarırlar. Bu cür verilişlərə baxanların sayı çoxdur. Amma gəlin, öyrənək onlar kimdir, onlar cəmiyyətin hansı seqmentini təmsil edirlər, televiziyalar bu verilişləri hansı hədəf auditoriyasına yönəldir. Televiziya üçün birinci növbədə universal auditoriya var. Yəni hamı üçün nəzərdə tutulan verilişlər.  Düzdür, ayrıca proqramlar da hazırlanır, az sayda olsa da.  Qadınlar üçün, uşaqlar üçün, gənclər üçün... Amma şou proqramlar hamı üçün, geniş kütlə üçün, hər kəs üçün nəzərdə tutulur. Və təəssüf ki, televiziyalarda keyfiyyəti aşağı şouların sayı artmaqdadır. Bu, reallıqdır”.