Paşinyan sülhə ikiəlli razıdır -ŞƏRH

İrəvandan son günlər verilən bəyanatlar daha çox müsbət yöndədir
 
Baş nazir anlayıb ki,  münaqişəli vəziyyət Ermənistanın dövlət kimi sonunu gətirəcək
 
 
 
 
 Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti, AB-nin ticarət komissarı Valdis Dombrovski ilə görüşündə Ermənistan və Azərbaycan arasındakı sülh prosesindən danışıb. Paşinyan tərəflər arasında həyata keçirilən sərhədin delimitasiyası prosesinə, regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılmasına dair “Sülh qovşağı” layihəsinə və onun prinsiplərinə də toxunub. Eyni zamanda regional təhlükəsizlik və sabitliyin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. AB-nin Ermənistandakı mülki missiyasının fəaliyyətinin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Ankarada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin tarixi fürsət olduğunu deyib. Kobaxidze də öz növbəsində Bakı və İrəvanın sonda əsl sülh razılaşmasına nail olacağına inandığını söyləyib.

 Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Ermənistanın bütün dirənişlərinə baxmayaraq, Azərbaycanın tələblərini qəbul edəcəyi mütləqdir. Ekspertin sözlərinə görə, nikbin və ya bədbin açıqlamalara baxmayaraq, Ermənistanın sülhdən başqa çıxış yolu yoxdur:

 "Münaqişəli vəziyyət Ermənistanın dövlət kimi sonunu yaxınlaşdırır. Regionun gələcəyini müəyyən edən nəqliyyat layihələri ən azı yüz ilə hesablanır. Layihələrdən kənarda qalmaq məhvə bərabərdir. Ölkənin boşalması, əhalinin başqa yerlərə miqrasiyası, demoqrafik vəziyyətin pisləşməsi, iqtisadi durumun çətinləşməsi və s. deməkdir. Odur ki, İrəvandan son günlər verilən bəyanatlar daha çox müsbət yöndədir. Paşinyan hökumətinin sülh müqaviləsinin bağlanmasına yaxınlaşdığı hiss edilir. Təbii ki, siyasilərin verdikləri bəyanatlardan çox da arxayın olmaq olmaz. Onlar gündəmə görə bəyanat verirlər".
 Analitik əlavə edib ki, sülh məsələsi tərəflərin özləri üçün daha vacib və maraqlı olduğundan verilən bəyanatları səmimi qəbul etmək olar: "Sülh müqaviləsinə kimi ilkin olaraq çərçivə sənədinin imzalanması daha real görünür. Amma hesab edirəm ki, bu, daha çox Ermənistanın maraqlarına xidmət edən sənəd ola bilər. Azərbaycan Ermənistanla öz şərtləri daxilində sülh müqaviləsi imzalamalıdır ki, bu məsələ birdəfəlik gündəmdən çıxsın".