Mayın 4-də Odlar Yurdu Universitetində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı Çinarə Ömrayın təşəbbüsü və ssenari müəllifliyi ilə çəkilmiş ikinci Qarabağ şəhidi, baş leytenant Vüsal Kazımovun həyat və döyüş yolundan bəhs edən “Vüsal hicrandan acıymış” adlı sənədli filmin təqdimat mərasimi keçirilmişdir.
"Sherg.az" xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü gənc şair Emil Rasimoğlu tədbiri açaraq qonaqları salamlamış, filmin ideyası ilə bağlı fikirlərini bölüşmüşdür.
Ədəbiyyat adamlarının, ictimaiyyət nümayəndələrinin, Odlar Yurdu Universitetinin tələbələrinin iştirakı ilə baş tutan tədbirdə Vüsal Kazımovun ailə üzvlərindən atası Kamran Kazımov, həyat yoldaşı Aysel Kazmova, yazıçı Azad Qaradərəli, Mədəniyyət Nazirliyi əməkdaşı Sevil Kərimova, yazıçı İlham Əziz, filmin ssenari müəllifi, yazıçı Çinarə Ömray, AMEA Dilçilik İnstitutunun şöbə müdiri İlham Tahirov və başqaları çıxış etmişdir.
Daha sonra “Vüsal hicrandan acıymış” sənədli filmi tədbir iştirakçılarına təqdim olunmuşdur.