Türkiyəli keçmiş deputat: “Artıq Paşinyan vəzifə başında deyil və...

"...Məncə, bir daha da olmayacaq”

“Çünki yerli əhali arasındakı rəy sorğuları Paşinyana inamın ən aşağı səviyyədə olduğunu göstərir”

“Amma əsas məsələ razılaşmanının tələblərini beynəlxalq hüquq qanunlarına, insan haqlarına uyğun olaraq yerinə yetirməkdir”


Bu günlərdə bütün dünya bizdən, daha dəqiq desək, qazandığımız tarixi qələbədən danışır. Dostlarımız qürurlanır, bizi istəməyənlər isə paxıllıq edir, həsəd aparırlar. Çünki Azərbaycan tarixə qızıl hərflərlə yazılmış məlum 44 gündə təkcə qəsbkar Ermənistanı yox, həm də onun havadarlarını məğlub etdi. Heç bir təzyiq, hədə-qorxu bizi yolumuzdan döndərə bilmədi. Sonadək getdik! Lap axıradək! Nəhayət, Ermənistan baş naziri Nikol Paşinyan bir az obrazlı dillə desək, “ölüm fərmanı”na, yəni kapitulyasiya sənədinə qol çəkdi. Bundan sonra  nəinki təkcə onun özü, bütün Ermənistan üçün xoşbəxt sonluq yoxdur. Çünki rəsmi İrəvanda “Lalə dövrü” başlayıb. 

 Noyabrın 10-da imzanalanan üçtərəfli bəyanatın şərtlərinə müvafiq olaraq iki rayonumuz- Kəlbəcər və Ağdam artıq qaytarılıb. Bir neçə günə isə Laçın boşaldılmalıdır. Bütün nağıllarda olduğu kimi, yenə xeyir şərə qalib gəldi. 

Xatırlayanda qürurdan gözlərimiz yaşaran vətən müharibəsi dövrünü təhlil etmək üçün  “Sherg.az” olaraq Türkiyənin keçmiş millət vəkili, dosent Selçuk Özdağla müzakirələr apardıq:

-Sizcə, İkinci Qarabağ müharibəsi otuz il sonra niyə məhz indi başladı?

-Bu günü anlamaq üçün dünənə baxmaq və indi olanlara işıq saçmaq lazımdır. Əvvəlcə Qarabağ məsələsinin tarixinə nəzər salmalıyıq. Münaqişənin kökü Sovetlər İttifaqı dövründə Stalinin Qarabağ bölgəsini burada ermənilərin daha çox yaşadığını əsas gətirərək həmin ərazini muxtar regiona çevirmək cəhdlərinə söykənir. O tarixdən bəri Qarabağla bağlı münaqişələr davam edir. Başqa sözlə desək, məsələnin kökü Stalinin türk mədəniyyətinə və mənliyinə qarşı atdığı addımla əlaqədardır. Bişkek protokolu ilə mübahisəli məsələ gündəmə gəlsə də, həll edilmədi. Çünki Qarabağ həmişə türkündü və türkün qalacaqdı. Onun müzakirəyə çıxarılası tərəfi yoxdur. Tarix boyu imperialist təzyiqlərə məruz qalan Qarabağda türk bayrağı dalğalandırma arzusu, nəhayət, ən pik həddə çatdı. Beləliklə, bu gün  dünyadakı bütün türklər haqlı olduqları mübarizədə haqlı kimi də qəbul olundular.

-44 günlük müddətdə dünya dövlətlərinin, o cümlədən Minsk qrupunun münasibətini necə qiymətləndirirsiniz?

-Bir neçəsi istisna olmaqla, dünya dövlətləri məsələyə təmkinli yanaşdılar. Tərəflərdən birini açıq-aydın dəstəkləməkdən və məsələyə müdaxilə etməkdənsə, münaqişənin artıq sona çatması və Qarabağ konfliktinin həll edilməsi istiqamətində reaksiyalar sərgiləndi. Doğrusu bu idi. Hansısa böyük dövlətin məsələyə birbaşa müdaxiləsi düzgün olmazdı. Odur ki, məsələnin həllinin əlaqədar dövlətlərə və sülh tərəfdarlarına buraxılması yaxşı qərar idi. Nəticə barədə dünya manşetlərini oxusaq, Fransadakı bir neçə radikal solçuları çıxmaq şərti ilə, xəbərlərin tərəfsiz, obyektiv verildiyini görərik. Ümumiyyətlə, dünya gücləri məsələyə lazımından çox qarışmaq istəmədi və həlli yolu region dövlətlərinə həvalə etdi.

-İlk həftələrdə səssiz olan Rusiyanın planı nə idi?  

-Məncə, əldə konkret faktlar olmadan bu barədə danışmaq doğru olmaz. Lakin bundan əvvəlki hadisələrin xronologiyasına baxsaq, rəsmi Moskvanın düşmənə yaxın münasibət göstərdiyini anlayarıq. Rusiyanın son hadisələrdə dəyərli müttəfiqi və regiondakı qərargahı olan Ermənistana qarşı gözlənilən dəstəyi verməməsinin əsas səbəblərindən biri Paşinyanı cəzalandırmaq idi. Amma yeganə amil bu deyildi. Azərbaycanın tədricən güclənməsi, həmçinin Kremlin yeni dünya nizamına uyğunlaşa bilməməsi də bu məsələyə təsir göstərib.

-Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatı necə qiymətləndirirsiniz?

-Bu, dünyanın hər yerindəki türklər üçün sevindirici xəbərdir. Çünki bəyanatın məzmununa əsasən həm hüquqi, həm də tarixi türk torpaqları olan Qarabağda erməni  təsiri başa çatır. Deməli, Qarabağ savaşında Azərbaycanın haqlı tərəf olduğu gün kimi aydındır. Bəli, razılaşma rəsmi Bakının xeyrinədir. Ancaq onu da deyim ki, bizim Ermənistan xalqı ilə problemimiz, onların həyat şəraiti ilə işimiz yoxdur. Problem türkə aid torpaqların hüquqa zidd şəkildə qəsb edilməsidir. Ermənistan hakimiyyətinin iddialarından əl çəkməsi həmin xalqın dünyadakı mövqeyinə müsbət təsir göstərə bilər. Bəyanat Azərbaycanın haqlılığını göstərən bir razılaşmadır və çox əhəmiyyətlidir. Təkrar edirəm, bizim Ermənistandakı mülki əhali ilə heç bir problemimiz yoxdur və ola bilməz. Biz mülkiləri bombalayanlardan, onlarla düşmənlik edənlərdən fərqlənməliyik. Sözügedən sənədin tələblərini yerinə yetirmək bütün tərəflərin xeyrinə olar. Sənədin nəticəsində münaqişənin bitməsi “oyunçu”lar üçün faydalıdır.

-Bəs, sizcə, işğalçı Ermənistan tələblərə əməl edəcək? Axı əvvəlki üç razılaşmanı heç bir gün keçməmiş pozmuşdu...

-Rəsmi İrəvan indiyədək beynəlxalq hüquqa zidd addımlar atdı və razılaşmalarda verdiyi vədlərə əməl etmədi. İndi isə vəziyyətin fərqli olduğunu düşünürəm. Çünki bu dəfə dünya ictimaiyyəti, xüsusilə regional güclər olan Rusiya ilə Türkiyə Cümhuriyyəti Azərbaycanın haqlılığını açıq bəyan ediblər. Bundan sonra nələr olacağını izləyib, görəcəyik. Fəqət dünya ictimaiyyətində “düyün”ün hələlik “açıldığını” deyə bilərik.  Bundan sonra Türkiyə ilə Rusiya tərəflərin bəyanatın şərtlərinə uyğun davranmasına nəzarət edəcək. Həmin ölkələrin nəzarət qrupuna, Azərbaycanın hakimiyyətinə və Ermənistanda Paşinyanın yerinə gələcək administrasiyaya böyük məsuliyyət düşür.

-Sizin də toxunduğunuz kimi, Paşinyanın devrilməsi müzakirə mövzusudur. Belə bir halın məsələnin gələcək inkişafına necə təsir göstərər?

-Bayaq da dediyim kimi, Ermənistan baş naziri ilə Rusiyanın “ulduzları barışmadı”. Üstəlik, Ermənistanda daxili çəkişmələr başladı. Artıq Paşinyan yoxdur. O, vəzifə başında deyil və məncə, bir daha da olmayacaq. Çünki yerli əhali arasındakı rəy sorğuları Paşinyana inamın ən aşağı səviyyədə olduğunu göstərir. Dediyiniz məqam barədə danışmaq üçün qurulacaq hökuməti, yeni tərkibi nəzərə almaq lazımdır. Amma, şübhəsiz ki, yaxın gələcəkdə edilməsi lazım olan razılaşmanının tələblərini beynəlxalq hüquq qanunlarına, insan haqlarına uyğun olaraq yerinə yetirməkdir.

-Necə düşünürsünüz, bundan sonra hərbi əməliyyatların yenidən başlanması ehtimalı var, yoxsa ancaq diplomatiya və hüquq danışacaq?

-Müharibələr, çətindir, qorxuncdur. Savaşlarda nəsillər itirilir, günahsızlar-analar, atalar ölür. Hərbi əməliyyatlar ancaq tərəfləri deyil, böyük bir coğrafiyaya və həmin coğrafiyada illər sonra yetişəcək nəslin gələcəyinə də təsir edərək, pis izlər buraxır. İnsan təbiətinin qaçılmaz bir həqiqəti olaraq müharibələri yaşadıq, yaşamaqdayıq. Əlbəttə, yeni dünyada “savaş” anlayışının dəyişəcəyini, döyüşlərin topdan, tüfəngdən əlavə başqa üsullarla aparılacağının şahidi olacağıq. Bir uşağın qanı yerə damlayanda bütün insanlığın ürəyinə atəş açılır, bir ananın övladının qoxusuna həsrət ölümü bütün insanlığın ruhunu dondurar. Ona görə artıq diplomatiyanın, beynəlxalq hüququn və insan haqlarına uyğun proseslərin tətbiqini arzulayırıq. Bu, sadəcə arzulayaraq olmaz. Son anlaşmaya görə sülhməramlılar hesab edilən Türkiyə ilə Rusiyanın da beynəlxalq hüququn tətbiqində heç bir ideoloji manevrə qapılmadan öhdələrinə düşən vəzifələri icra etmələri lazımdır. Bundan sonra diplomatiyanın danışmasını diləyirik.

-Qarşıdakı həftələrdə hadisələr necə inkişaf edə bilər?

-Üçtərəfli sənəddəki maddələr addım-addım reallaşmalıdır. Göstərildiyi kimi, Ağdam və Kəlbəcər artıq qaytarılıb. İndi növbə Laçındadır. Bəyanatın şərtlərinə görə, Ermənistan silahlı qüvvələri dekabrın birinədək Laçından çıxacaq və həmin ərazini Azərbaycana qaytaracaqlar. Ardınca Dağlıq Qarabağın təmas xəttində, yəni Laçında sülhməramlılar üçün dəhliz qurulacaq. Burada Rusiyanın sülhməramlıları yerləşəcək. Sonrakı 5 il ərzində də üçtərəfli sənədin digər bəndləri yerinə yetiriləcək. Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında dəhlizin yaradılması isə çox mühüm məsələdir. Əgər tələblər yerinə yetirilməsə, onda biz də başqa cür danışası olacağıq.

-Keçmiş millət vəkili kimi fikirləriniz çox maraqlıdır, belə vəziyyətlərdə parlementarilər nə etməlidirlər? Onların öhdəsinə düşən nədir?

-Bir millətin ən ali qurumu Milli Məclisdir. Türkiyənin qurucusu Qazi Mustafa Kamal Atatürkün dediyi kimi, suverenlik qeyd-şərtsiz millətindir. Bu fikir bir şüar olmaqdan əlavə, həm də türk tarixinin əksidir. Suverenliyin məhdud bir zümrədən alınaraq millətə təslim edilməsi, millətin onu təmsil edəcək deputatları təyin etməsi deməkdir. Əlbəttə, dövrlə birlikdə millət vəkillərinin statusu da dəyişir. Parlementarilər cəmiyyətə xidmət etmək məqsədilə seçilən təmsilçilər olduqları üçün millətinin dəyərlərini daşımaq, millətinin səsi olmaq, həm də millətinə nümunə olacaq üfüqlər çəkməyə məcburdurlar. Onların təkmil, yetişkin və hazırlıqlı olması demokratiyanın sığartasıdır. Millət vəkilləri məsələyə bu aspektdən yanaşanda, xalqının həssas nöqtələrini, əsrin tələblərini bilməli, elmdən baş çıxarmalıdırlar. Millət vəkilləri məsələlərə peşəkarcasına yaxınlaşmağa məcburdurlar. Ona görə də onlar müəyyən bir coğrafiyaya təsir edən hadisələrə ilk növbədə intiuasiya və ağılla müdaxilə etməlidirlər. Boş şüarlar səsləndirərək, hisslərin fırtınasına düşüb, hesabsız atılan addımlar bu vəzifənin ağırlığına yaraşmaz, nəticəsi çox ağır olar. Heç bir millət vəkili qan iyi alanda xoşbəxt olmamalıdır. Olursa, deməli, problem var! Deputatlar “qan iysini gül ətri ilə necə dəyişə bilərik?” deyə düşünməlidirlər. Heç bir parlamentari müharibəni dəstəkləməməlidir. Əksinə, mübahisələrin diplomatik yolla həllinə üstünlük verilməlidir. Bu, həmin şəxslərin həm xalqına, həm də dünyaya qarşı məsuliyyətidir. Lakin diplomatiya bir tərəfin arzusu ilə işləmir. Diplomatiya tərəflərin hər birinin danışıqlara hazır təfəkkürə sahib olmalarını tələb edir. Bezmədən, usanmadan sülh çağırışları edilən vaxtda tərəflərdən biri mülkiləri bombalayır, günahsızları öldürür, qan tökürsə, onda millət vəkili dövlətinin və xalqının taleyini düşünərək beynəlxalq hüququnun tələblərinin yerinə yetirməsinə çalışmaqdan da çəkinməməlidir. Bir sözlə, o, vəzifəsinin məsuliyyətinin fərqində olmalı və daim buna uyğun davranmalıdır.

-Səhv etmirəmsə, idman sahəsi üzrə mütəxəssissiniz. Ermənistanın məğlubiyyətini və daxildəki hazırkı vəziyyəti idman dili ilə necə izah etmək olar?

-Futbolda nizam-intizam və əzm çox vacibdir. Lakin əgər musiqi sahəsində fövqəladə bir bacarığa sahib gənc bu istiqamətdə çalışmaq əvəzinə, futbol məşqlərinə yazılarsa, gecə-gündüz məşğul olsa da, kifayət qədər uğurlu olmayacaq. Ermənistanın məğlubiyyəti də buna oxşayır. İşğalçı dövlət yaxşı sponsorla, yaxşı maddi dəstəklə güclənəcəyini və qalib gələcəyini düşündü. Amma unutduğu bir məqam var idi: qarşısındakının hərb sənətinin sirlərini qanında daşıdığı!

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu