Şəhid kəşfiyyatçının qardaşı: "Düşmən səngərində sonuncu qumbara ilə 10 ermənini gəbərdir” - Fotolar 

Vətən savaşında şəhadətə ucalan igidlərimizin hərəsi bir dastan, bir salnamədir. Yarım qalan hekayələri, az, amma əbədi ömürləri, Vətənə fəda etdikləri canları var. Çox danışıb, nələr yaza bilərik onlardan. Heç yorulmarıq, sözümüz də tükənməz. Bəli, yenə də şəhidlərimizin birindən, onun həyatından, şücəatindən bəhs edəcəyik. O, Əmrah Şahid oğlu Əkbərovdur.

21 fevral 1998-ci ildə Lerik rayonunda dünyaya göz açıb. Yəni cəmi 22 il ömür yaşayıb. 2004-cü ildə orta məktəbə başlayıb. Cəmşid Naxçıvanski adına hərbi liseyə 2013-cü ildə qəbul olunub. 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olan Əmrah, 2020-ci ildə qoşun  kəşfiyyatı ixtisası üzrə təhsilini başa vurur. Leytenant rütbəsi alıb, təməl komanda kursunu keçmək üçün Xüsusi Təyinatlı Qüvvələrə ezam olunur. Sonra N saylı hərbi hissədə baş kəşfiyyatçı kimi xidmətə başlayır.


Hekayənin sonu bildimiyiz kimidir: Əmrahın döyüş yolu və şəhadəti.

Qəhrəmanımız  Kəlbəcər, Füzuli və Cəbrayılın azad edilməsində xüsusi igidlik göstərib. Oktyabrın 12-i Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Qardaşı Orxan deyir  ki, Əmrahın ən böyük arzusu elə şəhid olmaq idi:

“ Dayımız ona deyirdi ki, səni general kimi görmək istəyirəm. O, isə belə cavab verirdi: "Dayı, mən Generaldan da böyük zirvəyə ucalacam. Şəhidlik zirvəsinə!” Arzusuna da çatdı. Savaş başlayandan Əmrah və qrupu Cəbrayıl, Zəngilan, Füzuli uğrunda döyüşdülər. Silahdaşlarının sözlərinə görə Əmrah  22 yaşlı gənc kimi vuruşmayıb. İllərin döyüşçüsü kimi savaşıb. Sanki şir ürəyi yeyibmiş”

Orxan qardaşının şəhadət şərbəti içdiyi anları belə  nəql edir:

“Əmrahgilin qrupu düşmənin 3 döyüş texnikasına pusqu qurub, maşını və içindəkiləri məhv edirlər. Yerdə qalan mənfurlar da qaçırlar. Nəzərə alsaq ki, onlar  o yerləri daha yaxşı tanıyır, ona görə tezliklə özlərinə mövqe tapa bilirlər və qızğın döyüş başlayır. Əmrah son üç yoldaşından ikisinin şəhid , birinin isə yaralı olduğunu görür. O da sağ qalar, ya yox bilinmir. Əmrah  gücünü toplayıb ermənilər yerləşən səngərə tərəf qaçmağa başlayır. Çatanda sonuncu qumbaranı açaraq özünü partladır. Şəhadətə ucalarkən 10 ermənini də gəbərdir”

Orxan deyir, Əmrah onun həm qardaşı , həm də sirdaşı olub:

“Ondan danışanda bilmirəm hardan başlayım. Çünki 22 illik ömrü elə yaşayıb ki, saatlarla, günlərlə bəhs etsəm, bitməz. Ona həyatda ən yaxın adam idim. Qardaşımın üzündə o qədər doğmalıq var ki... İnanın respublikanın dörd bir yanından Əmrahı tanımayan adamlar yazır, zəng edir. Deyirlər, çox doğma görünür. Ümumiyyətlə, bütün şəhidlərimizin üzündən seçilmiş insan olduqları bəllidir. Əmrah da onlardan biridir”.

Əslində Orxanın özü də hərbçidir. O da Vətən savaşında iştirak edib. Deyir, Əmrahla döyüş zamanı yalnız bir dəfə danışıb:

“O zaman çox yorğun idim. Lakin qardaşımın səsini eşidəndən sonra mənə güc gəldi. Özü də gözləmədiyim bir anda zəng etdi. Təkcə dedi ki, salamatçılıqdı, narahat olma. Müharibə müddətində ilk və son dəfə o gün soraqlaşdıq. Sonra şəhidlik xəbərini eşitdim. Təxliyyə etdilər, gəldim evə. Bəlkə də, Əmrah hansısa bir qəzada həlak olsaydı, onun  itkisinə dözə bilməzdim. Mənə təsəlli verən qardaşımın şəhidliyidir. Silahdaşları, zabit yoldaşları hamısı deyir ki, o arzusuna çatdı. Onun niyyəti şəhid olmaq idi”

Orxan deyir ki, Əmrah həm xaraktercə, həm də fiziki cəhətdən çox güclü idi:

“Ona o qədər güvənirdim ki, yanımda olsa, bir ordunun qarşısına çıxardım. Şəkilləri var, yazıb ki, Vətən üçün veriləcək canın yoxdursa, sus. Onu da qeyd edim ki, biz bir il eyni məktəbdə oxumuşuq. Qısa müddət də olsa zabit yoldaşı olduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində rahat danışa bilirik. Torpaqlarımız işğaldan azad olundu. Bu işdə əməyi keçən hər kəsdən Allah  razı olsun”.

Və Orxan qardaşı ilə xatirələrini yada salır:

“Bir dəfə təlimə gedirdik. Yol boyu söhbət elədik. Dedim , qardaşım inşallah təlimə deyil, Vətən savaşına yollanarıq. Onun  dinləmə mədəniyyəti  vardı.  Sona qədər qulaq asdı. Mən də davam edirdim, deyirdim birdən o vədə yetişəndə qorxarsan. Bilirəm sən elə insan deyilsən. Ümumi danışıram, heç vaxt çəkinmə, yoldaşını darda qoyma. Çılğınlıq eləmə, məntiqli davran. İndi o söhbət yadıma düşəndə fikirləşirəm ki, gör, mən kimə qorxu ilə bağlı  nəsihət vermişəm. Onda qorxu hiss olmayıb. Əmrah Xüsusi Təyinatlı Qüvvələrin igid zabiti idi. Əvvəl bu yolu seçməyini istəmirdim, deyirdim mən ordayam sən başqa istiqamətlə get. İndi düşünürəm, yaxşı ki XTQ olub, arzusuna çatmış şəkildə şəhadətə ucalıb”.

Qardaşı sözünü qurtarır. İndi mən danışım. Böyük bir vəzifəni yerinə yetirən  insan kimi mənim də deyəcəklərim var. Şəhid Əmrah Əkbərovu İnstaqram səhifəsindən tanıyıram. Bir müddət öncə görüb, izləməyə başlamışdım. Orxan bəyin sözünə qüvvət, fotosuna baxanda elə bildim ki, yaxınım, doğmamdır. Niyə ondan yazmaq üçün bu qədər gözlədim, bilmirəm. Bəlkə də,  məndən yaşca iki il, məqamca qat-qat böyük olan bu qəhrəmandan yazmağa cəsarətim  yox idi.  Xülasə işimi tamamladım. İndi igid Əmrahı siz tanıyın...

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu