Məntiqli, manevr qabiliyyətli, strateji düşünmə bacarığına sahib insan yetişdirmək üçün əla fürsətdir
Təhsil eksperti Kamran Əsədov feysbuk hesabında orta məktəblərdə şahmat dərsinin ayrıca fənn kimi keçirilməsinin vacibliyindən yazıb. Ekspert hesab edir ki, şahmat dərslərin orta məktəbdə tədrisinin əhəmiyyətli tərəfləri var. Lakin şahmatın ayrıca fənn kimi tədrisinə valideynlər arasında münasibət birmənalı deyil. Onların böyük bir qrupu hesab edir ki, şahmatın əlavə fənn kimi tədrisi onsuz da ağır tədris proqramı ilə üzləşmiş şagirdlər üçün əlavə yükdür.
Şahmatın niyə vacib olması ilə bağlı fikirlərinə aydınlıq gətirmək üçün ekspertin özüylə əlaqə saxladıq.
Kamran Əsədov “Sherg.az”a açıqlamasında deyib ki, gələcəyin təfəkkürlü şəxsiyyətinə yönəlik təhsil sistemini düşünürüksə, şahmat fənni heç olmasa, həftədə bir dəfə əsas fənn kimi tədris olunmalıdır:
“Xatırladım ki, 2012-ci ildən başlayaraq pilot layihə kimi hər rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbinin 2-ci siniflərində “Şahmat” fənninin tədrisinə başlanılıb, sonradan layihənin əhatə dairəsi genişləndirilib. 2017-ci ildə isə heç bir açıqlama verilmədən bu dərslərin tədrisi ləğv edilib. Hazırda bəzi məktəblərdə dərsdənkənar əlavə məşğələ kimi keçirilir və könüllü xarakter daşıyır. Amma gələcəyin təfəkkürlü şəxsiyyətinə yönəlik təhsili düşünürüksə, şahmat fənni heç olmasa, həftədə bir dəfə əsas fənn kimi tədris olunmalıdır. Dövlət büdcəsindən ayrıca şahmat dərslərinin təşkil edilməsi üçün xüsusi vəsait olmadığına görə vaxtı ilə bu fənnin tədrisi saxlanıldı. Halbuki şagirdlərin intellektual inkişafı üçün şahmatın tədrisinə ehtiyac var. Şagirdlərə keçirilən şahmat dərsi onun şüuraltında öz sözünü deyəcək. Məktəblərdə şahmat şüuraltı mexanizm, intellektin şüuraltı xidmətçisi kimi çıxış etməlidir. Bunu klassik şahmat dərslərindən fərqləndirməliyik. Akademik, qəliz üslubda tədrisə ehtiyac yoxdur. Kifayət qədər əyləncəli, maraqlı şəkildə keçirilə bilər. Burada yarışa çıxacaq insan deyil, daha məntiqli, manevr qabiliyyətli, strateji düşünmə bacarığına sahib insan yetişdirmək üçün şahmatdan istifadə etməliyik.
Finlandiya, Cənubi Koreya, Sinqapur modelinə baxsaq görərik ki, orta məktəblərdə şahmat dərsləri xüsusi olaraq tədris olunur və bu, heç də tədrisin yüklənməsinə gətirib çıxarmır. Əksinə, uşaqların zehni inkişafına müsbət təsir göstərir. Ölkəmizi beynəlxalq turnirlərdə təmsil edən məşhur qrossmeysterlərimiz var və onların qazandığı uğurlar fərdi çalışmalarının nəticəsidir.
Onu da deyim ki, Azərbaycanda şahmat oyununa maraq kifayət qədər çoxdur, bu oyun çox populyardır. Azərbaycanı beynəlxalq arenalarda təmsil edən xeyli sayda şahmatçılarımız var. Ona görə də şahmat kütləvi idman növünə çevrilməlidir. Şagirdləri zərərli vərdişlərdən uzaq tutmaqdan ötrü biz şahmatı orta ümumtəhsil məktəblərinə tətbiq etməliyik, bu isə onlar üçün faydalı ola bilər”.