Piyadalar təhlükədədir: Şəhərdə skuterlərdən narazılıq artır

Əsas səbəb bu hərəkət vasitəsindən düzgün istifadə qaydalarına bələd olmamaqdır

Sərbəst hərəkət üçün hələ yetərli imkanlar yoxdur, xüsusi zolaqlar çox azdır
 

"Yeni qaydalara əsasən, Milli Park ərazisində hərəkətdə olan skuterlərin sürət həddi maksimal olaraq 17 km/saat olması qərara alınıb, vətəndaşların sıx olduğu dənizkənarı zolaq skuterlərin hərəkəti üçün tam məhdudlaşdırılıb. Hərəkət üçün təyin olunmuş digər zolaqlarda yeni quraşdırılan yol nişanları skuter istifadəçilərinə maneəsiz hərəkət üçün kömək olacaq”. 
 Bu barədə Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva "Sputnik Azərbaycan"a danışıb. Ə.Mehdiyeva qeyd edib ki, skuterlərin dəniz kənarında sürülməsinə icazə verilmir. Bununla belə, zolaqdan kənar hərəkət edənlərə qarşı da cərimə tətbiq olunmur. Onlarla maarifləndirici söhbətlər aparılır. Həmçinin bulvarda mühafizəçilər tərəfindən skuter sürənlərə nəzarət edilir ki, zolaqdan kənar sürməsinlər. Qeyd edək ki, paytaxt küçələrində şütüyən skuterlərdən narazılıqlar getdikcə artır.  Bu nəqliyyat vasitələrinin piyadalara ayrılan yollarda sürətlə hərəkət etmələri vətəndaşlar üçün təhlükə yaradır. Dənizkənarı parkda da həmçinin, ailələri, övladları ilə istirahətə gələnlər o tərəf-bu tərəfə şütüyən skuterlərin arasında qalırlar. Zatən, bir çox işimiz bu cür baş-ayaq olur. Skuter də yaxşıdır, mobed, velosiped də. Lakin bunların heç biri piyadaların hərəkətinə, insanların rahatlığına mane olmamalıdır. AYNA velosiped zolaqları çəkir ki, velosipedçilər rahat hərəkət etsin. Lakin bu zolaqlar bir çox ərazilərdə piyadaların, eləcə də ictimai nəqliyyatın, avtomobillərin hərəkətinə mane olur.  Xüsusi zolaqların çəkildiyi yollar daralır, nəticədə tıxaclardan xilas olmaq əvəzinə, əksinə, tıxaca şərait yaradılır. Bizim əməlimiz belədir; yaxşı iş görmək istəyəndə də əlimizə-üzümüzə bulaşdırırıq.  Çünki çay gəlməmiş çırmanırıq. Şəhər infrastrukturu uyğun olmadığı halda “avropalaşmaq”, özümüzü “müasir” qələmə vermək istəyirik.        

 Sosioloq İlqar Hüseynli “Sherg.az”a açıqlamasında skuterlərdən narazılığın bir neçə səbəbi olduğunu dedi:
- Əsas səbəb bu hərəkət vasitəsindən düzgün istifadə qaydalarına bələd olmamaqdır. Son zamanlar skuterlər, bəli, dəbdədir. Paytaxtda elektro-skuter dayanacaqlarının sayı getdikcə artır.  Skuterə marağı olanlar ödəniş edib ondan istifadə edir. Lakin nəzərə almalıyıq ki, şəhərdə skuterlərin sərbəst hərəkəti üçün hələ yetərli imkanlar yoxdur, xüsusi zolaqlar çox azdır. Gənclər də skuteri idarə etməyin qaydasını yaxşı bilmir. Skuterlərin dəbdə olması gəncləri cəlb edir. Bunu nəqliyyatda “kreativlik” hesab edirlər. Amma qaydaları bilmədiklərindən, ümumiyyətlə, paytaxtda skuterlə hərəkət ənənəsi hələ formalaşmadığından özləri də çətinliklə qarşılaşır, vətəndaşları da çətin vəziyyətə salırlar, təhlükəli vəziyyət yaradırlar, qəzalara, insanların xəsarət almasına səbəb olurlar.      

 İ.Hüseynli qeyd etdi ki, nəqliyyat vasitələrinin növləri artırsa, qanunvericilik təkmilləşdirilməlidir: 
- Qanunvericilikdə yenilənmə aparılmalı, yeni qanunvericilik aktları hazırlanmalıdır. Amma məsələ bununla bitmir. Yeni nəqliyyat vasitələrinin idarə edilməsiylə bağlı qanunvericilik təkmilləşəcəksə, onların hərəkətini tənzimləyəcək yol infrastrukturunun qurulması da qanunvericilikdə əksini tapmalıdır. Moped sürücüsünə və ya skuter istifadəçisinə  “sən bu yolla hərəkət edə bilməzsən”, deyiləcəksə, ona alternativ yol, hərəkət zolağı verilməlidir. Qanunla müəyyənləşməlidir ki, moped və ya velosiped hansı halda deyək ki, avtobus zolağıyla hərəkət edə bilər və ümumiyyətlə, bu nəqliyyat vasitələri avtobus zolağına daxil ola bilərmi? Paytaxtda bəzi küçələrdə velosiped zolaqları çəkilib,  avtobuslar üçün bəzi yollarda xüsusi zolaqlar da var. Lakin bunlar hələ ki, yetərli deyil. Alternativ nəqliyyat vasitələri ölkəyə gətirilirsə, onların hərəkəti üçün imkanlar da olmalıdır. Bu imkanlar yoxdursa, yaradılmayıbsa, qəzalar qaçılmazdır. Hesab edirəm ki, yol hərəkətinin tənzimlənməsiylə məşğul olacaq vahid bir mərkəzin yaradılmasına zərurət var. Yol hərəkətinin tənzimlənməsiylə Dövlət Yol Polisi məşğuldur, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi – AYNA fəaliyyət göstərir. Məncə, yol hərəkətinin tənzimlənməsi, ictimai nəqliyyatın, nəqliyyat və hərəkət vasitələrinin idarəolunması məsələləri vahid mərkəzə tapşırılmalıdır. Hərəkət vasitələrinin idarəolunması ilə bağlı konkret qaydalar və cəzalar da müəyyənləşməlidir. Necə ki, avtobus zolağına daxil olan avtomobillərin cərimə edilməsi nəzərdə tutulub, eləcə də, onlara ayrılmış zolaqdan kənar hərəkət edən skuter istifadəçisi də cərimə edilməlidir. Skuter yalnız əyləncə vasitəsi deyil, həm də hərəkət vasitəsidir. Bəlkə skuter parkda kimisə zədələdi, bu hərəkətə görə şəxs məsuliyyət daşımalıdır.