Türkiyədən yeni silahlar alınır: “Bizə çox kömək olacaq”

“Azərbaycan və Türkiyənin eyni məhsulun istehsalı ilə bağlı birgə layihəsi var”

“Fikrimcə, bu barədə yaxın vaxtlarda açıqlama veriləcək”


Prezident İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında mühüm məsələlər barədə danışıb. Həmçinin qardaş ölkə ilə əməkdaşlığa toxunan dövlət başçısı bildirib ki, Türkiyədən yeni müasir silahlar alınacaq. Əlbəttə, bu, ölkələrimiz arasındakı tərəfdaşlığın, qardaşlığın növbəti təzahürü kimi qiymətləndirilməlidir. Biz rəsmi Ankara ilə bütün sahələrdə olduğu kimi, hərbi sənayədə də sıx əməkdaşlıq edirik. 



 Məsələ barədə “Sherg.az”a fikir bildirən ehtiyatda olan polkovnik Şair Ramaldovun fikrincə,  bu, bizim üçün böyük dividentdir: 

“Azərbaycan hərb sənayəsi yaranandan Türkiyə ilə tərəfdaşlıq edir. İndi də bizim hərb sistemimizdə Türkiyənin texnikasından geniş istifadə olunur. Bu mənada Bayraqdarları xüsusi vurğulamaq lazımdır. Həmin silahlardan idarəçilikdə, optik sahələrdə geniş istifadə olunur. Ümumiyyətlə, Prezident, Ali Baş Komandan İlham Əliyevin şəxsən rəhbərliyi ilə hərb sənayəmizin inkişafına xüsusi diqqət göstərilir, müasir avadanlıqlar alınır. Beləliklə, biz təkcə Türkiyə üçün deyil, digər ölkələrdən ötrü də maraqlı tərəfdaşıq”. 

Ş. Ramaldanov gələcək planlardan da danışdı: 

“Azərbaycan və Türkiyənin eyni məhsulun istehsalı ilə bağlı birgə layihəsi var. Fikrimcə, bu barədə yaxın vaxtlarda açıqlama veriləcək. Eyni zamanda işğaldan azad olunmuş ərazilərin minadan təmizlənməsi işində də Türkiyənin texnikaları bizə çox kömək olur. Bir sözlə, Prezidentin söylədiyi fikirlər iki qardaş ölkənin əməkdaşlığını bir daha təsdiq etdi”.