Elçin Əsgərov: Gənclər o qədər aktiv olur ki, biz onların arasında seçim etməkdə ciddi şəkildə çətinlik çəkirik
"Park İnn” otelində İslam Konfransı Gənclər Forumunun təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin dəstəyi ilə artıq altıncı ildir ki, davam edən "İƏT Model - Beynəlxalq Münasibətlər Akademiyası” proqramı çərçivəsində "İƏT Model-Azərbaycan” adlı milli mərhələnin yekunu təşkil edilmişdir. Qaliblərin mükafatlandırma mərasimi ilə müşayiət olunan tədbirdə İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfirləri, diplomatik nümayəndələr, dövlət qurumları nümayəndələri, ali təhsil müəssisələri rəhbərliyi, ictimai xadimlər, həmçinin bu ilki proqramın məzunları olan 200-ə yaxın tələbə iştirak edib.
Tədbirin açılışında "İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” proqramının Azərbaycandakı bu ilki gedişat və nəticələrini əks etdirən videoçarx nümayiş olunub. Çıxış edən İƏT Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin direktoru Elçin Əsgərov layihənin məqsəd və vəzifələri, layihənin həyata keçirilməyə başladığı müddətdəki uğurları, beynəlxalq səviyyədə qazanılan əlaqələri, bu proqramda Azərbaycanın mühüm rolu haqqında tədbir iştirakçılarını məlumatlandırıb. 6 il ərzində İƏT ölkələrində layihə çərçivəsində keçirilən təlim və tədbirlərdə 18 mindən artıq tələbənin iştirak etdiyini və bunların 800-dən çoxunun ən aktiv Azərbaycan gəncləri olduğunu deyib.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fuad Babayev çıxışında artıq 6 ildir tərəfdaş olduqları bu layihənin gənclərin beynəlxalq əməkdaşlığına mühüm töhfə verdiyini və istedadlı gənclərin üzə çıxarılmasında mühüm rolu olduğuna, gənclər vasitəsi ilə Azərbaycanın daha çox tanıdılmasına xidmət etdiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Fələstinin Azərbaycandakı səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhim bu layihənin İƏT arealında gənc liderlərin formalaşmasında və əməkdaşlığın inkişafında oynadığı rolu xüsusi vurğulayıblar.
Bağlanış mərasimi müxtəlif universitetlərdən qatılan ən aktiv tələbələrin mükafatlandırılması ilə tamamlanıb.
Tədbirin sonunda təşkilatçısı və rəhbəri olduğu möhtəşəm layihə haqqında "Şərq”in suallarını cavablandıran İƏT Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin direktoru Elçin Əsgərov tələbələrin aktivliyini müsbət qiymətləndirib.
- Elçin müəllim, rəhbəri olduğunuz İƏT Gənclər Forumunun fəaliyyəti haqqında nə deyə bilərsiz?
"İƏT Model - Beynəlxalq Münasibətlər Akademiyası” İslam Konfransı Gənclər Forumunun təşəbbüsü ilə təsis edilmiş beynəlxalq təhsil proqramıdır və icrasına ilk dəfə 2011-ci ildə Azərbaycanda start verilmişdir. Forumun təsisatı prosesi 2004-cü ildən başlandı. 2005-ci ildə təşkilatın qətnaməsində təsdiq olunduqdan sonra 2006-cı ilin sentyabrında rəsmi olaraq fəaliyyətə başlayan Gənclər Forumu İstanbulda dövlət və hökumət başçılarının, diplomatik korpusun nümayəndələrinin iştirakı ilə baş ofisi açılmışdır. Elə həmin vaxt Türkiyə Böyük Millət Məclisinin qərarı ilə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumuna diplomatik status verildi. 2010-cu ildə isə artıq forumun Azərbaycanla əlaqələri başlandı. Gənclər Forumu və Azərbaycan arasında bağlanan beynəlxalq sazişə görə Bakıda təşkilatın Avrasiya Regional Mərkəzi açıldı. Bura artıq 18 ölkə daxil edildi. Bildiyimiz kimi, İslam Əməkdaşlıq Təşkilatı tək islam ölkələri ilə işləmir, həm də müsəlman azlığı olan dövlətlərdə də təşkilatın aktivliyi hiss olunur. Gənclər Forumu Azərbaycanda fəaliyyətə başladığı müddətdən bir çox layihələri ilə yadda qalıb. Gənclərin inkişafı,informasiya texnologiyalarının öyrədilməsi, təhsil problemləri, müxtəlif sahələrdə beynəlxalq təcrübələrin gənclərə aşılanması kimi təqdirəlayiq sahələri əhatə edən layihələrin məqsədi hərtərəfli savada malik gəncliyin formalaşdırılmasına yönəldilib.
- Gənclərin inkişafında bu cür layhələrin həyata keçirilməsində İƏT ölkələrinin birgə fəaliyyət planları varmı?
Əlbəttə ki, bizim gənclərin mübadiləsi kimi bir çox birgə layihələrimiz var. Əsasən bu sahədə daha aktiv olan Türkiyə dövləti ilə İƏT ölkələri arasında təhsil və təcrübə məqsədli bir neçə layihə mövcuddur. Lakin bəzi İƏT ölkələrində viza problemlərinin hələ də mövcudluğu belə
layihələrin miqyasının genişlənməsinə təsir edir. Buna baxmayaraq maraqlı olan ölkələr, o cümlədən Azərbaycan arasında kifayət qədər beynəlxalq layihələr həyata keçirilir. Həmin layihələrə İslam İnkişaf Bankının da dəstəyini danmaq olmaz. Təşkilatın bankla bağladığı müqaviləyə görə İslam İnkişaf Bankı İƏT ölkələri gənclərinin tək İslam ölkələrində deyil, həm də Avropa ölkələri və Amerika çərçivəsində təhsil almasına yardımlar göstərir və xüsusi təqaüd proqramları təklif edir.
- İƏT Gənclər Forumu çərçivəsində təşkil edilən layihələr və simulyasiyalar gənclərə nə vəd edir?
Təşkil etdiyimiz layihələr içərisində hazırda ən önəmlilərdən biri "İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” proqramıdır, hansı ki, hər il 200-ə yaxın tələbəni birləşdirir. Beynəlxalq xarakter daşıyan bu təhsil proqramı İslam Əməkdaşlıq Təşkilatına üzv 40-a yaxın ölkədə eyni zamanda həyata keçirilir. Artıq mükafatlandırma mərasimini başa vurduğumuz bu ilki "İƏT Model-Azərbaycan” mərhələsində Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Dövlət İdarəçilik Akademiyası,Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və s. ali məktəblərin xüsusən seçilmiş tələbələri 7 həftə ərzində İslam Əməkdaşlığı Təşkilatı arealı ölkələrinin siyasi, mədəni, iqtisadi problemlərinə, qlobal strategiyalar və beynəlxalq münasibətlərə həsr olunmuş mühazirələrdə iştirak etdilər. İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfir və diplomatik missiya nümayəndələri ilə görüşlərdə iştirak edən tələbələr beynəlxalq münasibətlərin bir çox aspektləri ilə praktiki və yaxından tanış oldular. Proqramın əsas hissəsi olan yekun tədbirdə, iştirakçılar İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Toplantısını reallığa maksimum yaxınlaşdırılmış formada simulyasiya etmək məqsədilə "İƏT XİN Sammiti”ndə, İƏT-ə üzv ölkələlər üzrə işçi qruplara bölündülər. Tələbələr İƏT məkanında mühüm siyasi xarakter daşıyan və dünyanı narahat edən problemləri müzakirə edərək müvafiq qərarlar qəbul ediblər. Yekun qətnamələr şəklində qəbul edilən sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi, Yaxın Şərq münaqişələri həlli, İƏT ölkələrinin inkişafı üzrə təşəbbüslər öz əksini tapmışdır. Qapanış mərasimində isə proqramda xüsusi istedadı və bacarığı, "İƏT XİN Sammiti”ndə fəallığı ilə seçilən gənclər səfirlərin, diplomatların, dövlət qurumları nümayəndələrinin iştirakı ilə xüsusi hədiyələr və diplomlarla ilə təltif olunublar. İştirak edən tələbələrin ən yaxşıları hər il İƏT-ə üzv ölkələrin birində keçirilən "İƏT Model - Qlobal Sammit”ində iştirak etmək hüququ əldə edirlər.
Bütün bunlardan əlavə biz tələbələrin siyasi analiz qabiliyyətini, biliklərinin yoxlanılmasını daha dərindən həyata keçirmək üçün onlara aktual olan siyasi problemlər barədə qısa fikirlərini və təkliflərini yazmağı tapşırırıq. Bu yazılar sayəsində iştirakçılar siyasi təfəkkürünü, proseslərə düzgün qiymətləndirmə qabiliyyətini artırmaq üçün daha dolğun imkanlar əldə edir. Ümumilikdə "İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” proqramı tələbələrə diplomatik natiqlik qabiliyyətini, qrupla işləmə bacarığını, İƏT ölkələri başda olmaqla dünya ölkələri və onların siyasəti haqqında geniş biliklərə yiyələnmə şansı verir.
- İştirakçıların şəxsi fikirlərindən ibarət esselər yazdığını dediniz. Bu yazılara qiymət verdiyinizdə gənclərin siyasi şüuru, analiz qabiliyyəti barədə hansı qənaətə gəldiniz?
Biz esseləri yoxlayan zaman gənclərin siyasi biliklərinin kifayət qədər müsbət yöndə inkişafına şahid olduq. Bu yazılarla bərabər iştirakçılara İƏT daxilindəki ölkələrin problemlərinin həll olunması və digər dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi istiqamətində müxtəlif təkliflər planı hazırlamalarını istəmişdik. Təkliflərlə tanış olan zaman maraqlı məqamlar diqqətimizi çəkdi. Elə fikirlər və təkliflər var idi ki, onları İƏT strukturları həyata keçirmək üçün uzunmüddətli araşdırmalar həyata keçirirdilər. Məsələn, yadımda qalan təkliflərdən biri Qırğızıstan komandasını təmsil edən tələbələrin İƏT ölkələri çərçivəsində peşə məktəblərinin yaradılması, ölkələrin gənclərinin bu istiqamətdə mübadiləsi, mədəniyyətlərinin qarşılıqlı öyrənilməsi üçün irəli sürdüyü təkliflər oldu. Hiss olunurdu ki, daha aktiv olan iştirakçılar ciddi şəkildə araşdırmalar aparıb və qısa müddətdə mühüm məsələləri tədqiq edə biliblər. Bu kimi bir çox təklif paketlərində əhəmiyyətli məsələlər yer tapmışdı. - 2011-ci ildən start götürən bu layihədə gənclərin aktivliyi sizi qane edirmi? Onu qeyd edim ki, əvvəlki illərdə simulyasiya başa çatmadan iştirakçılar arasındakı fərq aydın görünürdü. Son 2-3 ildə isə bu əksinədir. Gənclərin aktivliyi, iştirak bacarıqları o qədər aktiv olur ki, biz onların arasında seçim etməkdə ciddi şəkildə çətinlik çəkirik. Son layihədə qaliblərin və fərqlənənlərin müəyyən olunması çox çətin olduğuna görə gənclər mükafatsız qalmasın deyə bir-neçə naminasiyalar artırmalı və hətta xırda detalları nəzərə almalı olduq. Buna görə də, düşünürəm ki, gənclərin bilik səviyyəsi, aktivliyi ildən ilə inkişaf edir. Mən bu sahədə diplomatik korpusun nümayəndələrinin də aktiv iştirakını görmək istəyərdim.
- Son olaraq, gənclər haqqında fikirlərinizi və tövsiyələrinizi eşitmək istərdik.
Əvvəla bir şeyi qeyd edim ki, bizm gənclərimiz yüksək bacarığa və bilik keyfiyyətlərinə malikdir. Bəzən bu istedadlı gənclər Azərbaycanda təhsilin aşağı olmasından şikayət edirlər, daha çox xarici ölkələrə meyl edirlər. Lakin "İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” proqramı və eləcə də bir çox təşkilatların, ali məktəblərin, təhsil müəsissələrinin təşkil etdikləri layihələr bunun əksini isbat edir. Bunlar hamısı gənclərin ictimai fəaliyyətinin və bilik göstəricilərinin qənaətbəxş olduğunu göstərir. Belə hesab edirəm ki, bu cür savadlı gənclərlə uğurlu gələcəyin təminatını vermək mümkündür.
Aysel Aslan