Yazıçı deputatdan RAZIDIR: "Aqil Abbas məni dəvət elədi və dedi..."



Millət vəkili Aqil Abbas məni dəvət elədi, dedi bizim qəzetə yazı yaz ,qonorar verərik. Kömək edəcəyinə də söz verib. Adamın Allahı var. Aqil Abbas həmişə mənə kömək edib. 

Bu sözləri Sherg.az-a Hepatit xəstəliyindən əziyyət çəkən və hazırda işsiz qalan yazıçı Kənan Hacı deyib. Bununla yanaşı o, qeyd edib ki, qonorarla da yaşamaq mümkün deyil: "

Ailəli adamam, özü də xəstə canımla əlləşirəm. Psixoloji durumum da pozulub. Heç nə yaza bilmirəm.Ev yox, eşik yox. Mən hər şeydən əvvəl vətəndaşam. 22 ilin yazarı küçədə yaşamalıdır? 10 kitabım çıxıb, 2 də tərcümə kitabı. Mənim haqqım var bu sözləri deməyə. Heç vaxt heç nə ummamışam. Ona görə də bu vəziyyətdəyəm. Məndən neçə illər sonra jurnalistikaya gələnlər hardadır, mən hardayam? Niyə? Nə üçün? Bu, ədalətlidirmi? Sabah mən canımı tapşırsam meyidimi küçədən götürəcəklər. Bu nə dövlətə, nə də onlara şərəf gətirməz. Yaşım 40-ı keçib. Əvvəlki kimi gənc deyiləm ki nəyisə gözləyim. Mənim bu torpaqda başımı soxmağa bir damım yoxdursa, oturub roman yazmağım əbləhlikdir. İnsanı bu həddə çatdırmaq olmaz. İllərlə döz, döz, döz... Nə vaxta qədər?"

Yazıçı onu da əlavə edib ki, kreditlə maşın aldığına görə, onu qınayanlar da var: "

" Maşınım vardı, 06 idi. Onu satdım. Üstünə pul əlavə edib, aldım. Bax bu cür. Söhbət kreditdən getmir. Bəs mən nə yeməliyəm? Nə içməliyəm? Ac qalmalıyam? Bu nə məntiqsizlikdir? İndi küçədə avaralan bir adamın da maşını var. Belə çıxır maşını olan adam işləməməlidir də. Mən krediti götürəndə dövlətdən maaş alırdım. Ona görə bank mənə pul verdi. Mən ovcumun içini iyləməmişdim ki beş gündən sonra qərar çıxacaq işim ləğv olunacaq. Bunu deyən adam kimdisə çox şərəfsiz adamdır Bax belə şeylərə görə adam ədəbiyyatdan iyrənir. Bunu deyən adamın sadəcə vicdanı yoxdu. Mənə gələn zərbənin hardan olduğunu mən çox yaxşı bilirəm. Onları öz vicdanlarına (əgər varsa) tapşırıram".

Ayyət Əhməd