“Məni sevən qadın olmayıb...”

Valeh Kərimov: “Gənc qız gözəl oğlan axtarır, cavan oğlan da həmişə gözəl qızın arxasınca gedir”
“Məni işdən çıxaranda mətbuat yetərincə bu barədə yazdı. Amma neyləyək ki, dedilər qocalmısız”

Xoşbəxtlik... Xoşbəxtlik... Bu misralara həyatın qafiyəsini tapmaq əslində o qədər də asan deyil. O, səhnədə axtarışında olduğu qafiyəsini həyatda nə qədər axtarıb, bunu deyə bilmərik. Amma yetərincə həyatı sevən aktyordu. 

70 yaşını ötürən, amma elə bu gün də Məşədi İbadın sözünü özünə təsəlli tapıb, "nə qədər qoca olsam da, dəyərəm min cavana” deyiminə üstünlük verən Xalq artisti Valeh Kərimovla həmsöhbət olduq. 

"Şərq”ə maraqlı etiraflar edən Valeh Kərimovun bu açıqlamaları yəqin ki, hələ çox müzakirə olunacaq.

- Sumqayıt Dram Teatrından təqaüdə çıxandan sonra işsizlikdən yorulmusuz deyəsən?

- Çox darıxıram. Düşünürəm ki, qanun qarşısında hər birimiz eyni məsuliyyət daşıyırıq. Amma yenə də işsizlik məni yorur.

- Sizin kimi potensialı olan aktyoru səhnədən uzaq saxlamaq yəqin ki, haqsızlıqdı. Sanki balığı sudan çıxarıb, yaşa deyirlər.

- Nə deyim? Allah heç kimi işsiz etməsin. Söhbət təkcə maddiyyatdan da getmir. Mənəvi tərəfdən daha ağırdı işsiz qalmaq. Cəhnədən uzaqda özümü bu həyatdan təcrid olunmuş hiss edirəm.

- Bir aktyor üçün səhnədən uzaq qalmaq mənən ağır olmalıdı. Hələ də içində yaratmaq, səhnədə oynamaq eşqi, imkanı varsa...

- Bilirsiz, aktyorlar həssas duyuma sahib insanlar olur. Belə olanda insan özünü lazımsız, gərəksiz, mənən şikəst hesab edir ki, mənə nə oldu? Axı mən şikəst deyiləm, ağlım yerində, fiziki gücüm var ikən niyə səhnədə olmayım? Sadəcə, qanun hamı üçün qanundu.

- Amma siz səhnədən uzaqda olmaq istəmirsiz?

- Məşədi İbadın məşhur deyimi var da... Mən nə qədər qoca olsam da, dəyərəm min cavana. Həvəs də var, maraq da var, gücüm də yetir. Amma iş yoxdu.

- Bəlkə bu qədər işsizlikdən xəbərsiz olanlar var deyə təkliflər az gəlir.

- Niyə ki, məni işdən çıxaranda mətbuat yetərincə bu barədə yazdı. Amma neyləyək ki, dedilər qocalmısız. Mən teatrdan dalaşmadan çıxarılmışam. Dedilər getməlisən, yaşın gəlib çatdı.

- Başqa teatrdan necə, təkliflər gəlirmi? Qonaq aktyor olaraq dəvətlər olubmu?

- Bir dəfə Mingəçevir Teatrından dəvət gəldi. Getdim. Həm rejissor kimi tamaşa hazırladım, həm də özüm də o tamaşada rol oynadım. Sumqayıt Teatrı bir neçə ay əvvəl Afaq xanımla məni qonaq kimi, müqavilə ilə dəvət etdi, oynadıq. Vəssalam.

- Qonaq kimi doğma teatrda səhnəyə çıxanda hansı hissləri yaşadız? Çətin olmadı?

- Bu hisslər bəlkə də sözə düzülən hisslər deyil. Onu yaşamayan bəlkə də tam anlaya bilməz. Qəribsəmiş kimi gəlirsən.

- Doğma bildiyin səhnədə qərib olmaq ...

- İnanın o qədər təsirli andı. O qədər ağrıdan hisslərdi. Ağır gəlir ki, artıq mən bu səhnədə qonağam, gəlməyəm. Bir tamaşaya qədər qonağam. Sabah yenə də təqaüdçü domino vuranların sırasında olacam.

- Belə bir anı gözləyirdiz. Yəni hələ səhnədə oynamaq imkanlarınız var ikən domino vuran təqaüdçü həyatını yaşamaq.

- Əvvəllər gözləmirdim düzünü desəm. Çünki mən səhnədə həyatını bitirən sənətkarlar görmüşdüm. Deyirdim mən də səhnədə sona qədər olaram. Amma zaman sənə öz diktələrini göstərə bilirmiş.
- Seriallardan necə, dəvət gəlmir?

- Yox, mənə seriallardan dəvət gəlməyib. Yalandan necə deyim ki gəlib, getməmişəm. Onların yadına yəqin düşmürəm.

- Birdən gəlsə necə, seçim etmiş olarsız?

- Gəlsə, təbii ki, yaxşı, ağlıma batan obraz olsa, oynayaram. Aktyor gərək yaddaqalan obraz yaratsın. Hər gün televiziyaya çıxıb danışmaq, görünməklə iş bitmir. Mən sevmirəm bunu. Ona görə də verilişlərə də gedən deyiləm. Bəlkə haqqımda veriliş hazırlanırsa, gedərəm, bu başqa.

- Seriallarda özünüzü görmək, orada özünü sınamaq istəyiniz varmı?

- Yaxşı serial olsa istərdim. Amma seriallar elə-belə, serial xatirinə çəkilir. Mən açığı, seriallara baxmıram. Sevmirəm serialı. Yalandan uzadırlar. Hadisəni bu qədər uzatmağın nə mənası?

- Bu gün belə işsiz qalmağınız, özünüzün dediyi kimi, lazımsız hiss etməyiniz sizi peşmançılıq hissi ilə üz-üzə qoymayıb ki? Kaş aktyor olmayaydım.

- Yox, nə qədər bu gün gileyli görünsəm də, aktyor ömrü yaşadığıma heç vaxt təəssüflənməmişəm. Mən bu sahəni sevmişəm, bu gün də sevirəm. Vaxtında ürəyimcə rollar da oynamışam. Zarafat deyil, 45 il səhnədə olmuşam, bir teatrda çalışmışam.

- 45 ildə arzusunda olub oynamadığınız obraz qaldımı?

- Təbii ki, qaldı. Elə obraz oldu ki, ürəyimdə qaldı, mən qocaldım, o rollar cavan qaldı.

- Rejissorlarmı sizi bu obrazlarda görə bilmədi, ya şəxsi münasibətlərin qurbanı olduz?

- Yox, mən əlimi vicdanıma qoyub rahatlıqla deyə bilərəm ki, Sumqayıt Dram Teatrında tapşırıqla heç kimə rol verilməyib. Sadəcə, bəzən elə obrazlar olub ki, onları oynamaq üçün zahiri görünüş, yaraşıqlı olmaq lazım gəlib. Mən o rola uyğun gəlməmişəm. Rola zahirən gözəllik tələb olunub, o da məndə olmayıb.

- Aktyorun arzuladığı obrazlar üçün zahiri görkəmin təsir olurmu?

- Təbii ki, zahiri görkəm aktyorun rol almasına təsir edən əsas məqamlardan sayılır. Tutaq ki, "Romeo və Culyetta” tamaşasını oynayan cavan oğlan necə olmalıdı? Yaraşıqlı olmasa, Culyetta onun nəyinə vurulardı? Baxın görün cavan qızlar eybəcər oğlanı sevə bilər?

- Bəs deyirlər sevginin gözü görmür, kor olur...

- O sevəndən sonra kor olursan e? Sevənə qədər gözün görür axı? Eybəcəri heç vaxt sevmirlər. Mən də eybəcər olmuşam.

- Deyirsiz yaraşıqlı olmamısız deyə sevənləriniz olmayıb?

- Göyçək oğlanın sevəni çox olur. Mən 9 milyonun çoxalmasında iştirak edənlərdən olmuşam (gülür).
- Siz özünüz necə, xanımlarda zahiri görünüşə önəm vermisiz? Ya daxil önəm daşıyıb?

- Kim gözəlliyə önəm vermir ki? Gəncliyin qanunudu gözəlliyə önəm vermək. Gənc qız gözəl oğlan axtarır, cavan oğlan da həmişə gözəl qızın arxasınca gedir. Heç eybəcərin arxasınca sürünən görmüsüz? Hamı gözəl axtarıb. Bunun başqa yolu olmayıb.

- Siz də gözəl axtarışında olmusuz?

- O qədər...

- Elə bir yaşdasız ki, həyatın hər üzünü görmüsüz. Sevgiyə münasibətiniz necə olub? Sevgi insanın həyatını dəyişə bilirmi?

- Sevgi həqiqətən gözəl hissdi. Sevgini yaşamaq da hər insanın bəxtinə düşmür.

- Valeh Kərimov sevməyi bacarıbmı?

- Mən bircə onu bilirəm ki, məni sevən qadın olmayıb.

- Ola bilməz ki, sizi böyük mənada sevən qadınınız olmasın...

- Nə bilim... Bir xanımım olub, o da rəhmətə gedib. 40 il bir yerdə yaşamışıq. Amma belə məni sevən qadın olmayıb.

- Yəni bir sözlə, gözəlliyə önəm verən insansız?

- Gözəlliyə laqeyd qala bilən kişi varmı? Bu yaşda da gözəl görsəm, təbii ki, diqqətimi çəkər, baxaram. Amma təbii ki, həsədlə baxaram da. Yaşım ancaq buna imkan verər. Gözəlliyə baxmaq da savabdı.

Tahirə Məmmədqızı