Milli mətbuatımızda 31 mart soyqırımı - Akif Aşırlı yazır






(Əvvəli ötən sayımızda)

İnsanların kütləvi qırğına məruz qalmasını, erməni vəhşətlərini gözü ilə görən Məhəmməd adlı şəxs "Azərbaycan” qəzetinin 24 oktyabr tarixli 34-cü sayında yazırdı: "Küçələr meyitlərlə dolmuşdu. Quba meydanından (indiki Füzuli meydanı nəzərdə tutulur - A.A) Nikolayevski hazırkı "İstiqlaliyyət” küçəsi) caddəsinə qədər bazar tamam yandırıldı. Uşaq, böyük, arvad, kişi - heç kəsə fərq qoyulmadan hamısını qətl edirdilər. Müsəlmanların ev, dükan və mağazaları yandırılmışdı. Bir müsəlman həyətinə daxil olub burada 30-dan 40-a qədər uşaq, arvad, kişi cənazələrini gördüm. Müsəlmanların tələfatı, yalnız qətl edilənlər 5-6 minə qədərdir”.

Bu qanlı olayları öz səhifələrinə köçürən milli mətbuat orqanlarımız soyqırımın təfərrüatına vararaq yazır: "Bütün vəhşət və zalımlıqları sayıb-qurtarmaq olmaz. Bunu bilirəm ki, bolşeviklərin öz hesabına görə, 8 min islam qırılmışdı. Bu yalandır. Çünki onlar ətrafda, kəndlərdə qırılanları hesaba daxil etmirlər”. Nəinki Bakının mərkəzində, keçidlərdə yaşayan əhali də kütləvi qırğınla üzləşdi. Nəvai kəndinin tamamən yerlə-yeksan olduğu, əhalisinin məhv edildiyi barəsində də mətbuatda məlumat dərc edilib. İnsanları qətlə yetirdikdən sonra neft və su quyularına atılması da erməni vəhşiliyinin bariz nümunəsi idi. 

Xəstəxanada yatan bir yaralı jurnalistə öz başına gələnləri nəql edərək söyləyir ki, 9 nəfər araba ilə gedən zaman yolda erməni silahlılarına rast gəlirlər:

 "Yolda bir neft quyusunun yanında bizi saxladılar. 5 şəhərlini diri-diri quyuya tullayıb bizi də gülləbaran etdilər. Mənim 3 yoldaşım öldü. Mən isə yaralandım. Ermənilər gedəndən sonra mən sürünə-sürünə dəhşətli yerdən uzaqlaşdım. Yolda bir həmişəri məni saxlayıb xəstəxanaya apardı”.

Hadisələr səngiyəndən sonra yalnız martın 25-də "Vulkan cəmiyyətinin köhnə yanalma körpüsünə 6748 meyit gətirilmişdi.

"Azərbaycan” qəzeti "Mart hadiseyi-ələməsinin müxtəsər tarixçəsi” sərlövhəli məqaləsində Şaumyan, Saakyan və Arekyanın rəhbərlik etdikləri dəstənin Bakıdan öncə Şamaxıda qırğınlar törətdiklərini və bu xəbərin əhali arasında təşviş yaratdığını yazır: "Martın 16-da xəbər gəldi ki, bolşevik soldatları Şamaxıya hərəkət edərək intizamsızlıq salıb, yolda qabaqlarına gələn müsəlman kəndlərini, o cümlədən Ağdərə, Novxanlı, Qarxunlu kəndlərini qarət edib, müsəlmanları qırırlar”. Martın 17-də Bakıya xəbər çatır ki, Şamaxıda müsəlman qırğınını bolşeviklərlə yanaşı ermənilər təşkil edib.

"Hümmət”in "Şamaxı əhvalı” sərlövhəli məqaləsində qeyd olunur ki, 17 yaşından 50 yaşınadək olan Şamaxı erməniləri bolşeviklərin Qırmızı ordusunun tərkibinə qatılıblar. Vəziyətin acınacaqlı olduğunu qəzet bu şəkildə təsvir edir: "Şamaxı şəhəri bütünlüklə yanıb”.

Milli mətbuatımızda Bakıda törədilən qırğınlarla yanaşı, Şamaxıda 7 mindən çox müsəlmanın qətlə yetirilməsinə diqqət yönəldilib, kəndlərində ermənilərin törətdikləri vəhşiliklər qələmə alınıb.
"Azərbaycan” qəzeti 24 oktyabr 1918-ci il tarixli sayında Şamaxı qırğınında iştirak edən bolşevik-erməni silahlı birləşmələrinin sayını da göstərir: "Şamaxı mahalına bir qitə göndərilib, əhali məhv edilir. 4 min əsgərin yüzdə səksəni erməni olur”.

Bakı və ətraf bölgələrdə törədilən soyqırımın sinfi deyil, milli qırğın olduğunu, minlərlə insanın qətlə yetirildiyini görən N.Nərimanov Şaumyana və Çaparidzeyə sərt ittiham dolu məktub göndərdi. Həmin məktub "Hümmət” qəzetinin 3 aprel 1918-ci il tarixli nömrəsində dərc olunub: "Siyasi mübarizə axırda milli mübarizə yolu alıbdır. Bu halət Şura hökumətinə ləkə salıb onu qara örtük ilə bürüyür. Hərgah siz bu yavuq vaxtda bu qara örtüyü cırıb, bu ləkəni təmizləməsəniz, bolşevik fikri və Şura hökuməti burada davam edə bilməyəcəkdir”. Top-tüfənglə qurulan hakimiyyətin ömrünün çox qısa olacağını yazan N.Nərimanovun uzaqgörənliklə söylədiyi fikir çox keçmədi ki, özünün təsdiqini tapdı.
Tiflisdə noyabrın 12-də yalnız bir sayı işıq üzü görən "Qardaş qayğısı” qəzeti bütövlükdə Şamaxı və Bakıda ermənilərin törətdikləri qırğınlara həsr olunub. 

Böyük formatda, iki səhifəsi ərəb qrafikalı Azərbaycan əlifbasında, iki səhifəsi rusca nəşr olunan qəzet "Turan” Gənclər Təşkilatı tərəfindən xeyriyyə məqsədi üçün nəşr edilib. Qəzet erməni bandalarının Bakıda, İrəvanda, Şamaxıda törətdikləri qeyri-insani hərəkətləri, vəhşilikləri emosiyasız təsvir edə bilmir: 

"Xunxan erməni bandaları müsəlmanların izzəti-namusuna toxunub 12 yaşında qız uşaqlarını dizlərinin üstünə mindirib, namusuna təcavüz etdikdə təsəlliyat olurlar idi. Şamaxıda 400-dən ziyadə qoca islam ailələrini məscid həyətinə yığıb siyirmə xəncər bunların üstünə düşüb vay həsrəta ilə doğramışlar. Azərbaycanlılara qarşı bütün vəhşi üsullardan istifadə edən erməni-bolşevik birləşmələri Şamaxının ən qədim tarixə malik məscidini yandırmışlar. "Azərbaycan” qəzeti yanmış məscidin şəklini öz səhifələrində dərc etməklə tarixdə ermənilərin xalqımızın milli-mənəvi dəyərlərinə qarşı oynadıqları rolu bir növ faktlaşdırıb, bu günümüzə çatdırıb.

Şamaxının yalnız xarabalıqlarının qaldığını yazan milli mətbu nümunələrimiz sağ qalan insanların yaşayışını bu cür təsvir edir: 

"Biçarə şamaxılılar, öz isti ocaqlarını buraxıb yağış-yağmurun altında bu səhraları ata-oğlunu, ana qızını gözlərinin yaşını tökə-tökə axtarırlardı”. Şamaxıdan didərgin düşən, Bakıya və ətraf bölgələrə sığınanların siyahısı "Hümmət” qəzetinin 6 nömrəsində "Şamaxı qaçqınlarının siyahısı” adı altında çap etmişdir.

Şamaxı qəzasında 80-ə yaxın müsəlman kəndi yerlə-yeksan olunmuş, 8 əsr yaşı olan Cümə məscidi yandırılmışdı. Bu bölgədə törədilən qanlı olaylarla bağlı Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı föaqəladə təhqiqat komissiyasının sədri Ələkbər bəy Xasməmmədov bu barədə xalqa "Azərbaycan” qəzetinin 2 aprel 1919-cu il sayında "Müraciət”də bulundu: "Şamaxı şəhərindən bu gün xarabazarlıq qalmışdır. Bu xarabazarlıqda müsəlman hissəsindəki yanmış məscidin minarələri isbat ediyor. Bu haman məsciddir tam 8 yüz il bundan əvvəl inşa edilmişdir. Şəhərdə qırğından qurtarmış olan 5 min müsəlman Zaqafqaziyanın müxtəlif şəhərlərinə pənah aparmışdılar. Bu zavallılar torbaları çiyinlərində, ağacları əlində aclıq ölümündən nicat axtarıyordular. Şamaxı uyezdində olan 80 ədəd müsəlman kəndləri də bu müsibətlərə düçar olmuşdur”.

"Zaqafqaziya tarixçəsinin qanlı səhifələri”nə toxunan "Qardaş qayğısı” qəzeti İrəvan quberniyasında 42 kəndinin dağıldığını yazır. Həmçinin İrəvanda 199 kəndin yerlə-yeksan olunduğunu, müsəlman yurduna ermənilərin köçürüldüyü də bu mətbu orqanda əksini tapan mühüm faktlardandır.
Ermənilərin Bakıda, Şamaxıda törətdikləri soyqırım aktları sırasına ziyalıların məhvi planları da daxil idi. Bu barədə 1918-ci ilin martından sentyabra kimi Bakıda olan M.Ə.Əfəndinin Tiflisdə "Qardaş qayğısı”nın müxbirinə verdiyi açıqlamada bu barədə tükürpədici məlumatlar əksini tapıb. M.Ə.Əfəndi söyləyir ki, Bakını bürüyən qətllər zamanı ermənilər evbəev gəzib müsəlmanları yığırdılar və naməlum bir yerə aparırdılar: "Çox vaxt aparılan ziyalı, oxumuş müsəlmanların meyitlərini tapmaq olurdu. Fəqət, çox vaxtda olurdu ki, heç bir əsər də əldə etmək mümkün olmayırdı”. Şahid misallar da çəkirdi: "İki doktor Kərim bəy, Balabəy Sultanovlar heç tapılmadı. O cümlədən T.V.Qulubəyov da itdi. Meyitaxtaran bir dəstə bir quyuya rast gəlir. Quyunun yanında hasar içində çoxlu müsəlman arvad, uşaq meyiti var imiş. İkinci bir dəstə, bir quyuya rast gəlirlər ki, bərk boğucu iyi çıxırmış. Bir nəfəri quyuya salırlar. Fəqət o tez çıxarılmasını rica edir. Zira, durmaq mümkün deyilmiş. Ancaq özü ilə bir cib dəftəri gətirmiş idi. Yazılardan məlum olmuşdur ki, bu dəftər H.Cəfərovun xidmətçisi Tahirovundur”.

Ermənilərin Şamaxıya hücumu zamanı evinə od vurulmuş Azərbaycanın böyük mütəfəkkiri, milli şair Abbas Səhhət şəhəri tərk edib Gəncə istiqamətinə qaçan zaman erməni hərbçiləri tərəfindən qarət olundu, mənəvi-psixoloji sarsıntı keçirərək az sonra Gəncədə vəfat etdi. Bu barədə o dövrün mətbuat səhifələrində məlumatlar var:

 "İslam aləmi Abbas Səhhət kimi böyük ədibi bu bandalara qurban vermişdir. Bununla böylə bir neçə doktorlar, cavan-qoca alimlər qətl olunmuşlar”. A.Səhhətin ermənilər tərəfindən qarət olunması, ağır psixoloji sarsıntı keçirməsi və bu səbəbdən vəfatı barədə "Azərbaycan” qəzetinin 13 noyabr 1918-ci il tarixi sayında da məlumat verilir. Azərbaycan mətbuat tarixində bir sıra solyönümlü qəzetlərin əməkdaşı, həmçinin "Tuti” məzhəkə jurnalının təsisçisi və redaktoru olan Cəfər Bünyadzadə də ermənilərin törətdiyi qətliamın qurbanıdır. 

Onun qətlinə səbəb bolşevik cildinə girən ermənilərin Bakı və ətraf kəndlərdə törətdikləri vəhşiliklərə etiraz etməsi və mətbuatda bununla bağlı məqalələr yazması idi. C.Bünyadzanin qardaşı Dadaş Bünyadzadə ona başsağlığı verənlərə "Füqəra kasibəsi” qəzetinin 17 avqust 1919-cu il tarixli 2-ci sayında dərc etdiyi minnətdarlıq məktubunda bildirirdi: 

"Bir il bundan əqdəm "Tuti” məzhəkə jurnalının müdiri, baradərim Cəfər Bünyadzadənin erməni daşnaksütyunları tərəfindən qətl olunduğunu eşidib-bilən yoldaşların Həştərxandan qayıtdıqdan sonra təəssüf məktubları almaqdayam. Bu teleqram və məlumatlar çox olduğundan, ayrı-ayrı cavab vermək mümkün olmadığına görə, məktub və teleqram göndərmiş yoldaş və vətəndaşlara təşəkkürümü izhar edirəm”.
Müsəlman Milli Şurasının sədri Əlimərdan bəy Topçubaşov da ermənilərin hədəf aldığı ziyalılardan idi. Bakı qırğınından sonra onu həbs edib, aradan götürmək istəyirdilər. Şaumyanın tapşırığına əsasən həbs olunan Ə.Topçubaşovun azad olunması üçün Nəriman Nərimanov böyük səy göstərdi, danışıqlar apardı. Sonda onu həbsxanadan buraxdırdı. 

"Hümmət” qəzeti Bakı ziyalıları arasında nüfuz sahibi İbrahim bəy Heydərovun da doktor N.Nərimanovun səyi ilə azad olunacağını xəbər verirdi. Hər iki ictimai-siyasi xadimin azad olunması barədə xəbər "Hümmət” qəzetinin 17 aprel 1918-ci il tarixli sayında dərc olunub.

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb